Fevralın 9-da keçirilmiş parlament seçkisinə qatılmayan Demokratik Qüvvələrin Milli Şurası ilkin mövqe sənədi (bəyanat) yayıb.
2013-cü ildə yaradılmış Milli Şuraya tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun rəhbərliyində AXCP sədri Əli Kərimli də yer alır.
Novator.az-ın məlumatına görə, Milli Şuranın fevralın 10-da yaydığı bəyanatda qeyd olunur ki, parlament seçkisi kütləvi saxtakarlıq və qanun pozuntuları şəraitində keçib: “Ölkə boyu əldə olunan məlumatlar seçkinin nəticələrinin tamamilə saxta olduğunu və xalqın iradəsini əks etdirmədiyini göstərir. Seçki günü baş verən qanun pozuntuları və saxtakarlıqlar barədə müxtəlif informasiya mənbələrində, sosial şəbəkələrdə saysız-hesabsız məlumatlar, foto və videolar yayılıb. Bu məlumat və çəkilişlər seçkinin nəticələrini bütövlükdə ləğv etməyə yetərli sayıla bilər.
Seçki təyin ediləndən dərhal sonra Milli Şura minimal seçki mühitinin yaradılması üçün ən zəruri addımları ehtiva edən təkliflər paketi ilə çıxış etdi. Lakin hakimiyyət bu təkliflərin heç birini qəbul etmədi. Nə mürtəce məzmunlu seçki qanunvericiliyində və tamamilə hakimiyyətin nəzarətində olan seçki komissiyalarının tərkibində dəyişiklik edildi, nə sərbəst toplaşmaq və media azadlığı təmin olundu, nə siyasi məhbusların azadlığı istiqamətində hər hansı addım atıldı, nə müxalif mövqeli ictimai-siyasi fəallara qarşı təzyiqlər dayandırıldı, nə siyasi qüvvələr üçün elementar rəqabət şəraiti yaradıldı. Milli Şura hətta minimal seçki mühitinin də yaradılmadığını nəzərə alaraq bu seçkini boykot etdi.
Seçkinin yekunları göstərir ki, Milli Şura boykot qərarı verməkdə doğru edib və xalq da böyük çoxluqla bu qərarı dəstəkləyib. İlkin rəsmi məlumatlarda seçici fəallığı 50 faizə yaxın göstərilsə də, müstəqil mənbələrdən alınan xəbərlər deməyə əsas verir ki, bu göstərici 10-15 faizdir. Seçki kampaniyası dövründə də nəzərəçarpacaq seçici fəallığı olmayıb. Xalqın böyük əksəriyyəti seçkini əvvəldən boykot edib.
Həm seçki kampaniyası dövründə, həm də seçki günü çoxlu pozuntu baş verib. Kampaniya zamanı bəzi namizədlərə və seçicilərə öz iradələrinin ziddinə getmək üçün təzyiq olunduğu haqda xəbərlər var.
Milli Şura bu seçki prosesinin əvvəldən azad və ədalətli seçkiyə uyğun olmadığını və səsvermə günü baş verənləri nəzərə alaraq bir daha bəyan edir ki, 9 fevral seçkisi xalqın iradəsini ifadə etmir və tamamilə saxtadır. Bu parlament Əliyevlərin razılıq verdiyi siyahı üzrə əvvəlcədən formalaşdırılıb və Azərbaycan xalqını təmsil edə bilməz.
Milli Şura Azərbaycan xalqını və dünyanın demokratik ictimaiyyətini bu seçkinin nəticələri ilə barışmamağa çağırır. Azərbaycan xalqı seçmək və hakimiyyətin mənbəyi olmaq kimi fundamental, konstitusion hüququndan məhrum edilib. Bu hüququ özünə qaytarmaq üçün o, dinc, kütləvi və ardıcıl mübarizə aparmağı bacarmalı, daha yaxşı təşkilatlanmağa, demokratiya uğrunda mübarizəni güzəştsiz təşkil edə bilən siyasi qüvvə ətrafında təmərküzləşməyə çalışmalıdır. Beynəlxalq birlik isə Azərbaycan xalqı qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməli, Azərbaycan hakimiyyətinə avtoritar mövqeyindən geri çəkilmək üçün ciddi təzyiqlər göstərməli, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı ünvanlı sanksiyalar tətbiq etməlidir”.
Mərkəzi Seçki Komissiyasının ilkin hesabatına əsasən, fevralın 9-da keçirilmiş parlament seçkisində 125 nəfərlik Milli Məclisə 118 nəfər mandat alır. 7 dairədə kimlərin önə çıxdığı bilinmir.
Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının 66 namizədi öz dairələrində liderlik edir.
Lider namizədlər arasında daha 9 partiyanın (Vətəndaş Həmrəyliyi Partiyası, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Demokratik Maarifçilik Partiyası) 11 təmsilçisi var, 41 nəfər isə partiyasızdır.
Marafonda 1314 deputatlığa namizəd mübarizə aparıb.
1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycanda 2020-ci ilədək beş parlament seçkisi olub: 1995-ci il noyabrın 12-də, 2000-ci il noyabrın 5-də, 2005-ci il noyabrın 6-da, 2010-cu il noyabrın 7-də, 2015-ci il noyabrın 1-də.
Altıncı parlament seçkisi 2020-ci il noyabrın 1-də keçirilməli idi. 2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisi buraxaraq 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi təyin edib.