Prezidentin 6 fevral sərəncamı ilə bütün növ əmək pensiyalarının sığorta hissəsi orta aylıq nominal əməkhaqqının 2019-cu ildəki artım tempinə uyğun olaraq 16,6 faiz artırılıb. Artım 2020-ci il yanvarın 1-dən tətbiq olunacaq.
Fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğləri isə 2019-cu ildəki rəsmi inflyasiya göstəricisinə uyğun olaraq 2,6 faiz yüksəlir.
Novator.az-ın məlumatına görə, iqtisadçı, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu özünün “Facebook” səhifəsində yazır ki, 16,6 faizlik artım nəticəsində 200 manat pensiya alana 233,2 manat, 250 manat pensiya alana 291,5 manat, 300 manat pensiya alana 349,8 manat, 350 manat pensiya alana 408,1 manat, 400 manat pensiya alana 466,4 manat alacaqlar.
Pensiya almayanların fərdi hesabındakı sığorta ödənişlərinin 2,6 faiz artımla indeksləşdirildiyini vurğulayan Qubad İbadoğlu indeksləşdirmənin aylıq əsasda ödənən bütün növ sosial müavinətlərə və təqaüdlərə də şamil olunmasını təklif edir: “Buna büdcədənkənar mənbələr hesabına formalaşmış maliyyə vəsaitləri də imkan verir. Əmək və əhalinin sosial müdafiəsi nazirinin açıqlamasına görə, ötən il qeyri-rəsmi məşğulluğun leqallaşması sayəsində iqtisadiyyat üzrə əməkhaqqı fondunda 42 faiz və ya 3 milyard manat artım olub. Bu artımdan ən çox pay götürən Dövlət Sosial Müdafiə Fondu olduğundan sosial müavinətlərin və təqaüdlərin də orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi mümkündür. Qanunvericilikdə dəyişiklik edib sosial müavinətlər və təqaüdlərin də indeksləşdirilməsi aparılmalıdır”.
Azərbaycanda yaşa, əlilliyə, ailə başçısını itirməyə görə, habelə sağlamlıq imkanları məhdud uşaqlara, müharibə əlilləri və şəhid ailələrinin, I və II qrup Çernobıl əlillərinin, müddətli hərbi xidmət qulluqçularının, beşdən çox uşağı olan qadınların uşaqlarına, aztəminatlı ailələrin 1 yaşadək uşaqlarına və qanunvericilikdə nəzərdə tutulan digər şəxslərə aylıq sosial müavinət verilir.
Milli Qəhrəmanlar və ya onların ailə üzvləri, şəhid ailələri, müharibə əlilləri və onlara bərabər tutulanlar, İkinci Dünya müharibəsi iştirakçıları, 20 Yanvar əlilləri, ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslər və onlara, həmçinin sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər, müharibə veteranları, Azərbaycanın fəxri adlarını alanlar və qanunvericilikdə nəzərdə tutulan digər vətəndaşlar prezidentin aylıq təqaüdü ilə təmin olunurlar.
2019-cu ildə yeni təqaüd növləri təsis edilib. Prezidentin aylıq təqaüdü ilə təmin olunanların sırasına müharibə veteranları, sağlamlıq imkanları məhdud uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər də daxil edilib. Həmçinin prezidentin aylıq təqaüdünün I dərəcə əlilliyə görə müavinət alan şəxslərlə bərabər I dərəcə əlilliyə görə pensiya alan şəxslərə də ödənməsinə başlanıb.