Sabir Rüstəmxanlının bir görüşünə minə yaxın seçici gəlib
- 07 Fevral 2020
- comments
- Novator.az
- Posted in ManşetXəbər
Fevralın 9-da keçiriləcək parlament seçkisində 61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlının seçicilərlə daha bir görüşü Neftçala şəhərindəki X.Məmmədov adına Mədəniyyət Mərkəzində olub.
Minə yaxın seçicinin iştirak etdiyi görüşə rayon fəalları, ziyalılarıla yanaşı, ölkənin tanınmış elm, ədəbiyyat və mədəniyyət adamları da qatılıb. Görüş Azərbaycanın istiqlalı uğrunda şəhid olan soydaşlarımızın ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbiri aparan Neftçala rayon ədəbi-bədii ictimaiyyətinin tanınmış nümayəndələrindən biri, şairə Ruhəngiz Nəcəfova Sabir Rüstəmxanlının yaradıcılığı, həyat yolu haqda geniş çıxış edib: “Sabir Rüstəmxanlı bir ömür boyu millətin istiqlalı, haqqı uğrunda savaşdı, həm ictimai-siyasi fəaliyyəti, həm əsərləri ilə bu savaşı apardı. “Nə qədər ki Azərbaycan zəbt olunmuş torpaqlarını geri qaytarmayıb, nə qədər ki müstəqilliyimizin, dövlətçiliyimizin, milli azadlığımızın tam təminatı yaranmayıb, heç bir qələm sahibinin meydandan çəkilməyə haqqı yoxdur” deyən Sabir Rüstəmxanlı bizlərə bir şans, özünə isə yeni qurub-yaratmaq meydanı kimi Neftçalanı seçdi.
“Mən Neftçalanı seçdim, inanıram ki, Neftçala da məni seçər” şüarı ilə yola çıxan Sabir Rüstəmxanlı seçicilərə müraciətində deyir: “Müstəqillik illərində keçirilən parlament seçkilərində Azərbaycanın çox bölgələrindən təkliflər almışam, onların rayonunu parlamentdə təmsil etməyimi istəyiblər. Ancaq mənim üçün heç bir fərqi yox idi, hansı bölgədən, hansı rayondan seçilirəmsə seçilim, hər zaman bütövlükdə Azərbaycan xalqının iradəsini və Azərbaycan dövlətinin mənafeyini müdafiə etmişəm, vətəndaşların problemlərinin həllinə, Azərbaycan dövlətinin güclənməsinə yönələn qanunların Milli Məclisdə qəbul olunmasına çalışmışam. Haqqı nahaqqa verməmişəm, həmişə millətin sözünü demişəm, xalqı Azərbaycan naminə birliyə çağırmışam və Azərbaycan siyasi mühitinə vətəndaş həmrəyliyi ideyasını gətirmişəm. Milli Məclisə növbədənkənar seçkilərə bu dəfə Neftçaladan qatılıram. Azərbaycanın unikal bölgələrindən olan Neftçalanı ləyaqətlə təmsil edəcəyəm və Neftçala əhalisinin yanında olacağam”.
Məncə, namizədimizin diqqətini yalnız bu məqamlar və Neftçalanın Kürlə Xəzərin qovşağında yerləşməsi cəlb etməyib. Neftçala ictimaiyyətinin milli azadlıq hərəkatında fəal iştirakı, torpaqlarımızın işğaldan azad olması uğrunda döyüşdə minlərlə neftçalalı gəncin fədakarcasına vuruşması, şəhid olması, son aprel döyüşlərində Samir İmanov kimi Milli Qəhrəmanımızın olması kimi nüanslar da Sabir Rüstəmxanlının diqqətindən yayına bilməzdi. Sabir Rüstəmxanlının bu seçimi həm də biz neftçalalılar üçün böyük bir şansdır”.
Görüşə ölkənin tanınmış elm, ədəbiyyat və sənət adamlarının gəldiyini bildirən Ruhəngiz xanım ilk sözü xalq artisti, Akademik Dram Teatrın aktyoru Nurəddin Mehdixanlıya verib.
O, Neftçalanın millətin ləyaqətli övladlarına dəyər verməyi bacaran insanların yaşadığı bir yer olduğunu deyib: “Burada zəhmətkeş, çörəyini halallıqla qazanan insanlar yaşayır. Azərbaycanın milli azadlıq hərəkatında çox aktiv şəkildə iştirak edən, Azərbaycanın müstəqillik qazanmasında böyük rolu olan insanların yaşadığı bir rayondur Neftçala. Sabir Rüstəmxanlı bütün Azərbaycan, o cümlədən Neftçala üçün doğma adamdır. O, bütün varlığı ilə Azərbaycan, bu ad altında Azərbaycan xalqı və Azərbaycan dövləti üçün yaşayan adamdır. Sabir Rüstəmxanlı deyəndə ana dilimiz, tariximizin Cavad xan kimi şəxsiyyəti, Gəncə qapısı, millətimizin ömür kitabı olan “Ömür kitabı”, Meydan hərəkatı, müstəqil mətbuatın əsası olan “Azərbaycan” qəzeti, dövlət müstəqilliyi göz önünə gəlir. Sabir Rüstəmxanlı deyəndə Azərbaycanın bütövlüyü yada düşür. Sabir Rüstəmxanlı deyəndə bir dağ kəndindən yol alıb ölkənin paytaxtında özünə şərəf və ləyaqət taxtı quran bir kişi yada düşür. Nəhayət, Sabir Rüstəmxanlı deyəndə Azərbaycan qanunverici orqanının ən ləyaqətli, ən təcrübəli millət vəkillərindən biri yada düşür.
9 fevralda seçiləcək parlament dövlətimiz və xalqımızın tarixində mühüm rol oynayacaq. Milli Məclisdə millətin haqqı uğrunda savaşmağı bacaran, söz deməyə haqqı olan insanlar təmsil olunmalıdır. Biz bir millət olaraq bu halda qazana bilərik. Buna görə hər birimiz seçimimizdə bu məqamı nəzərə almalıyıq. Mən inanıram ki, Neftçala vətəndaşları düzgün seçim edəcək və Sabir Rüstəmxanlıya səs verəcəklər. Mən sizi Azərbaycanın haqqının ən ləyaqətli vəkilinə, “Ömür kitabı”na, Cavad xana – Sabir Rüstəmxanlıya səs verməyə çağırıram”.
Daha sonra çıxış edən “Ədəbiyyat” qəzetinin baş redaktoru, əməkdar mədəniyyət işçisi Azər Turan da Sabir Rüstəmxanlının Nefçala üçün çox böyük şans olduğunu bildirib: “Mən bura həm də öz yerlilərimə Sabir Rüstəmxanlının Neftçaladan deputat olmasının Neftçalanın problemlərinin həllinə inanılmaz dəstək olacağını deməyə gəlmişəm. Sabir Rüstəmxanlı Uyğurstandan ABŞ Konqresinə qədər Azərbaycan dərdlərini danışan adamdır. Bu həm də Neftçalanın, neftçalalıların problemlərinin dilə gətirilməsi, həll olunması deməkdir. Buna görə 9 fevralda neftçalalıların Sabir Rüstəmxanlıya səs verəcəklərinə əminəm. Bizim dövlət bayrağımızı yaradan insanlar bu torpağın övladıdır. Əli bəy Hüseynzadə bu bayrağı yaradan şəxsiyyətlərdən idisə, Sabir Rüstəmxanlı bu bayrağı ucaldan şəxsiyyətlərdəndir. Mən bu görüşə gəldim öz həmyerlilərimə deyim ki, Sabir Rüstəmxanlıya səs vermək elə Əli bəy Hüseynzadəyə səs vermək deməkdir”.
Beynəlxalq Diaspora Mərkəzinin rəhbəri İsmayıl Ağayev Sabir Rüstəmxanlının dünya azərbaycanlılarının həmrəyliyi üçün gördüyü işlərdən danışaraq, onun bir şəxsiyyət, siyasət adamı kimi Milli Məclisdə yerinin əvəzsiz olduğunu bildirib: “Sabir Rüstəmxanlı nə qədər mülayim və humanist ruhlu insan olsa da, milli, xalqın və dövlətin haqqı olan məsələlərdə bir o qədər də sərtdir. İnanıram ki, sizin hər biriniz seçki məntəqələrinə gələrək, millətin düşmənlərinə sərt, öz xalqına humanist olan şair və siyasətçi Sabir Rüstəmxanlıya səs verəcəksiniz. Neftçalanın millət vəkili olaraq onun sizin yanınızda olacağına əmin olun”.
Türk dünyasının tanınmış şairi Rüstəm Behrudi söz alaraq Sabir Rüstəmxanlı ilə bağlı xatirələrin danışıb: “Sabir Rüstəmxanlı özündən sonrakı nəsil üçün əvəzolunmaz bir müəllim oldu. Bu müəllimlik həm də Meydan günlərindən başlayan milli azadlıq hərəkatında da davam etdi. Bir şair, bir siyasətçi, bir hərəkatçı, bir dost kimi ən yüksək dəyərə və qiymətə malikdir. Neftçala camaatı Sabir Rüstəmxanlını millət vəkili seçərək bir dəyərə sahib olacaqlar”.
Sabir Rüstəmxanlı deputatlığa namizəd kimi təşviqat kampaniyasına yanvarın 17-dən başlayıb. Onun yanvar ayında keçirdiyi görüşlər də zəngin olub.
Fevral ayında görüşlərini davam etdirən Sabir Rüstəmxanlı Neftçala şəhərini, rayonun qəsəbə və kəndlərini demək olar qarış-qarış gəzib, seçicilərin problemi ilə maraqlanıb, onların istəklərini dinləyib.
Bu arada Qarabağ qaziləri də Sabir Rüstəmxanlı ilə bağlı çağırış edib. Qazilərin müraciətini “Qarabağ Qaziləri” İctimai Birliyinin mətbuat katibi, tanınmış jurnalist və qazi Rey Kərimoğlu yayıb. Müraciətdə deyilir: “Dəyərli ziyalımız, millət və dövlət adamı Sabir Rüstəmxanlı hansı dairəni seçsəydi, biz qazilərin namizədi olacaqdı. Əziz qazilərimiz, veteranlarımız və şəhid ailəsi üzlərimiz, sizləri 61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd, xalq şairi Sabir Rüstəmxanlıya səs verməyə çağırırıq”.
Sabir Rüstəmxanlı 1946-cı ildə Yardımlıda doğulub. 1968-ci ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1967-1978-ci illərdə indiki “Ədəbiyyat qəzeti”ndə müxbir, şöbə müdiri vəzifələrində çalışıb. 1978-1989-cu illərdə “Yazıçı” nəşriyyatının, 1989-1991-ci illərdə “Azərbaycan” qəzetinin baş redaktoru olub. 1991-1995-ci illərdə mətbuat və informasiya naziri postunu tutub.
Milli azadlıq hərəkatının öncül şəxslərindən olan Sabir Rüstəmxanlı 1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının sədridir.
Filologiya elmləri doktorudur.
Sabir Rüstəmxanlı 1990-2015-cı illərdə parlamentin deputatı olub.