Çində 2019-cu ilin dekabr ayında aşkarlanan koronavirus epidemiyası ilə bağlı yeni rəqəmlər yayılıb. Novator.az-ın məlumatına görə, pnevmoniyanın bir növü olan xəstəliyə yoluxanların sayının 24,3 min nəfəri keçdiyi, Çində 491 nəfərin, Filippində 1 nəfərin öldüyü, 3,2 min xəstənin vəziyyətinin ağır olduğu bildirilir.
Xəstəliyə Çin və Filippinlə yanaşı Sinqapur, Vyetnam, Kamboca, Yaponiya, Cənubi Koreya, Tailand, Malayziya, Avstraliya, BƏƏ, Hindistan, Nepal, Şri-Lanka, Rusiya, Almaniya, Fransa, İtaliya, İspaniya, Belçika, Finlandiya, İsveç, Böyük Britaniya, ABŞ və Kanadada yoluxanlar var.
Azərbaycanın Nazirlər Kabineti koronavirus epidemiyasına qarşı bu tədbirlərin görülməsi haqda qərar çıxarıb: sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçilməsi; Çindən, xüsusilə epidemiya zonasından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması; xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və ərzaq bazarında həmin məhsullara nəzarətin gücləndirilməsi; səhiyyə ocaqlarında qaynar xətlərin yaradılması; virus və onunla mübarizə metodları haqda əhali ilə maarifləndirmə işlərinin aparılması; vəziyyətlə bağlı əhaliyə mütəmadi məlumat verilməsi.