Fevralın 9-da keçiriləcək parlament seçkisinə 22 saylı Nəsimi dairəsindən qatılan Vüqar Qurban oğlu Məmmədov seçicilərlə görüşlərin təəssüratını bölüşüb.
Təşviqat kampaniyasında “İnsanı yaşat ki, Dövlət yaşasın! İnsanı yüksəlt ki, Dövlət yüksəlsin!” şüarı seçən namizəd bildirir ki, vətənə, millətə bağlı bir azərbaycanlı ziyalısı, hüquqşünası, həkimi, elm adamı kimi bütün varlığını, biliyini, təcrübəsini bu amala həsr etmək istəyir: “Özümə Azərbaycan vətəndaşının hüquqlarının qorunmasından ali və şərəfli vəzifə təsəvvür etmirəm. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin bu məsələlərə önəm verdiyini nəzərə alaraq, ölkə rəhbərliyinin çağırışına dəstək olaraq yeni parlamentdə yeni baxış, yeni düşüncə ehtiyaclarını təmin etmək məqsədilə bu marafona qatıldım. Küçələrdə, məhəllələrdə, həyətlərdə keçirdiyim onlarla görüşdə qərarımın nə qədər doğru olduğunu özüm üçün bir daha müəyyən etdim.
İnsanlarda seçkiyə inam yaranıb. Bəzən məhəllələrdə 20-30 nəfərdən heç biri seçkilərdə iştirak etmədiyini deyir. İndi çox məmnunam ki, seçicilər bizim çağırışımıza səs verir və prosesdə aktiv iştiraka həvəs göstərir”.
Vüqar Məmmədov 1969-cu ildə Bakıda doğulub. Hüquq və tibb üzrə iki ali təhsili var, elmlər doktorudur. Səhiyyə, korrupsiya ilə mübarizə, insan hüquqları sahəsində qanunvericilik təkliflərinin müəllifidir.
Dünya Tibbi Hüquq Assosiasiyasının (ABŞ) birinci vitse-prezidenti, Avropa Səhiyyə Hüququ Assosiasiyasının (Norveç) vitse-prezidenti, YUNESKO-nun və Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin eksperti, bir sıra digər nüfuzlu beynəlxalq hüquq müdafiəsi təşkilatının üzvüdür.
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin və Azərbaycan Tibb Universitetinin məhkəmə təbabəti kafedrasının professorudur.
Vüqar Məmmədov seçki platformasında qeyd edir ki, Azərbaycan xalqı daha firavan həyata layiq olduğu üçün ölkədə kasıb, işsiz, qaçqın, evsiz, ehtiyac içində çapalayan insanların olmamasına çalışmaq lazımdır: “Azərbaycanın sərvətləri xalqa məxsus olmalıdır! Vətəndaşın marağını ifadə edən parlament ölkə büdcəsinə yaxından nəzarət etməli, korrupsiyaya qarşı milli qanunvericilik kağızda qalmamalı, həqiqətdə işləməlidir! Məmurlar öz gəlirlərini bəyan etməlidir!
Hüquqi dövlətin əsas prinsiplərindən olan məhkəmələrin müstəqilliyinə nail olunmalı, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi təmin edilməlidir!
İnsan kapitalı dövlətimizin əsas sərvətidir! Kadr siyasətində subyektiv amillər yox, bilik, təcrübə və peşəkarlıq əsas rol oynamalıdır!
Ölkənin gələcəyi – sağlam və təhsilli millətdir! Ekologiya, qida, səhiyyə qanunvericiliyi yenidən işlənməlidir. Vətəndaşlarımız üçün dövlət səhiyyə sektorunda xidmətlər pulsuz, zəruri keyfiyyətli müalicələr əlçatan olmalıdır! Səhiyyə qanunvericiliyi səhiyyə təşkilatlarının maraqlarını deyil, əhalinin maraqlarını müdafiə etməlidir!
Deputat seçiləcəyim halda ölkə rəhbərliyinin bu istiqamətlər və başqa sahələr üzrə apardığı islahatlara dəstək verərək beynəlxalq arenada Azərbaycanın daha da güclü olması, nüfuzunun artması naminə çalışacağam”.