Rusiyanın sabiq baş naziri Dmitri Medvedyev yanvarın 16-da prezident fərmanı ilə Təhlükəsizlik Şurası sədrinin müavini təyin olunub. Bu şuraya dövlət başçısı Vladimir Putin sədrlik edir.
1965-ci ildə doğulan Dmitri Medvedyev Sankt-Peterburq Dövlət Universitetinin hüquq fakültəsini və həmin təhsil ocağının aspiranturasını bitirib. 1990-1999-cu illərdə təhsil aldığı universitetdə dərs deyib, həmçinin 1995-ci ilədək Leninqrad Şəhər Soveti sədrinin müşaviri və Sankt-Peterburq meriyasının xarici əlaqələr komitəsinin eksperti işləyib.
1999-cu ildə Rusiya hökuməti aparatının rəhbərinin müavini, 2000-ci ildə isə birinci müavini olan Dmitri Medvedyev 2000-2003-ci illərdə “Qazprom”da çalışıb (Direktorlar Şurasının sədr müavini, sədri). 2003-cü ilin oktyabr ayından 2005-ci ilin noyabr ayına qədər Prezident Administrasiyasına rəhbərlik edib. 2005-ci ilin noyabrından Rusiya baş nazirinin birinci müavini olub, daha sonra baş nazir kürsüsünə gətirilib.
2008-2012-ci illərdə Rusiya prezidenti postunu tutub, 2012-ci ildən yenidən baş nazir olub.
Onun sədrlik etdiyi hakim Vahid Rusiya Partiyası Rusiya parlamentinin 450 yerlik aşağı palatasında – Dövlət Dumasında 341 mandata sahibdir.
Dmitri Medvedyev və onun hökuməti yanvarın 15-də istefaya gedib, ertəsi gün baş nazir postuna Mixail Mişustin gətirilib.