Yanvarın 16-da Rusiya parlamentinin aşağı palatası – Dövlət Duması prezident Vladimir Putinin təqdimatına baxaraq Mixail Mişustinin baş nazir təyin olunmasına razılıq verib. Qərar 383 səslə qəbul olunub, 41 nəfər bitərəf qalıb.
Novator.az bildirir ki, Mixail Mişustin 1966-cı ildə paytaxt Moskvada doğulub. Moskva Dövlət Texnologiya Universitetini və həmin təhsil ocağının aspiranturasını bitirib. İqtisad elmləri doktorudur.
1992-ci ildən Beynəlxalq Kompüter Klubunda rəhbər vəzifələr tutub.
1998-ci ildən vergi, daşınmaz əmlakın kadastrı orqanlarında məsul postlarda çalışıb, bir müddət Xüsusi İqtisadi Zonaların İdarəçiliyi Agentliyinə başçılıq edib. 2010-cu ildən Federal Vergi Xidmətinin rəhbəri idi.
Mixail Mişustinin həyat yoldaşı Vladlena Mişustina Beynəlxalq Kompüter Klubunun həmtəsisçisidir. Ailənin 3 oğlu var.
Rusiya hökuməti baş nazirdən, onun 10 müavinindən, 22 nazirdən ibarətdir. Baş nazirin birinci müavini eyni zamanda maliyyə naziri postunu tutur.
Yanvarın 15-də Vladimir Putin ölkə konstitusiyasına yeniliklər təklifi verib. Dövlət başçısı qeyd edib ki, parlamentin səlahiyyətləri artırılmalı, Dövlət Duması baş naziri, baş nazirin müavinlərini və federal nazirləri təsdiqləmək hüququ almalı, prezident parlamentdə təsdiqlənmiş şəxsləri dərhal təyin etməyə borclu olmalıdır. Həmin gün Dmitri Medvedyevin baş nazirlik etdiyi hökumət istefaya gedib. Bu, prezidentə ana qanuna yeniliklər təklifi istiqamətində fəaliyyət imkanı vermək niyyəti ilə əsaslandırılıb.
Dmitri Medvedyevə Vladimir Putin Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsini təklif edib. Bu şuranın sədri postu prezidentə məxsusdur.
1965-ci il təvəllüdlü Dmitri Medvedyev 1999-cu ildən mərkəzi hakimiyyət orqanlarında çalışır. 2005-ci ilin noyabrından baş nazirin birinci müavini olub, sonra baş nazir kürsüsünə gətirilib. 2008-2012-ci illərdə Rusiya prezidenti olub, 2012-ci ildə yenidən baş nazir təyin edilib. Onun sədrlik etdiyi Vahid Rusiya Partiyası 450 yerlik Dövlət Dumasında 341 nəfərlə təmsil olunur. Kommunist Partiyasının 43, Liberal Demokrat Partiyasının 40, Ədalətli Rusiya Partiyasının 23 mandatı var.
Vladimir Putin 1952-ci ildə doğulub. 2000-2008-ci illərdə prezident, 2008-2012-ci illərdə baş nazir olub. 2012-ci ildən yenidən prezidentdir. Onun səlahiyyət müddəti 2024-cü ildə başa çatır.