“Neft uğrunda mübarizə əksər hallarda çox böyük çətinliklərə, faciələrə gətirir”. Yanvarın 14-də neftçi alim və geoloq, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə keçirilən mərasimdə çıxış edən prezident İlham Əliyev belə deyib.
İlham Əliyev qeyd edib ki, yaşı 90-a çatsa da, Xoşbəxt Yusifzadə həmişə olduğu kimi cavandır, həmişə iş başındadır, nikbindir: “Sizin nikbinliyiniz sizinlə bərabər işləyənlərə də gözəl təsir edir. Siz Azərbaycanın neft-qaz sənayesinin canlı rəmzisiniz. Təsadüfi deyil ki, sizin yubileyiniz dövlət səviyyəsində qeyd olunur.
Siz həm sovet dövründə, həm müstəqillik dövründə Azərbaycan xalqı naminə, Azərbaycanın inkişafı yolunda böyük işlər görmüsünüz, böyük töhfələr vermisiniz. Həm sovet dövründə, həm müstəqillik illərində Azərbaycanın neft-qaz sənayesinin inkişafında sizin böyük rolunuz var. Siz 20-dən çox neft-qaz yatağının kəşf edilməsində bilavasitə iştirak etmisiniz, bir çox hallarda kəşfiyyat işlərinə rəhbərlik etmisiniz. O yataqlar arasında “Azəri”, “Çıraq” və “Günəşli” xüsusi yer tutur. Bu yatağın sovet dövründə aşkarlanması böyük hadisə idi. Çünki Xəzərdə ən böyük neft yatağıdır. “Azəri-Çıraq-Günəşli”nin müstəqillik dövründə işlənməsi tarixi hadisədir. Bugünkü Azərbaycanın inkişafını “Azəri-Çıraq-Günəşli”siz təsəvvür etmək mümkün deyil. Bu yatağın işlənməsi və yataqdan hasil olunan neft bugünkü Azərbaycanın inkişafını təmin edir, iqtisadi müstəqilliyini şərtləndirir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyimizi möhkəmləndirir. Bu yaxınlarda yatağın işlənməsi müddətinin uzadılmasını da təmin etdik və yataq ən azı 2050-ci ilə qədər istismarda olacaq.
Siz də yaxşı xatırlayırsınız ki, “Azəri-Çıraq-Günəşli” üzrə kontrakt imzalananda xarici tərəfdaşlar təxmini ehtiyatları 511 milyon ton səviyyəsində müəyyən etmişdi. Ancaq siz o vaxt tam əminliklə deyirdiniz ki, bu yataqda daha çox neft resursları var. Hazırda xarici tərəfdaşların hesabatına əsasən, bu yataqda ən azı 1 milyard ton neft var.
Bu gün biz Azərbaycanın uğurları haqqında danışanda neft-qaz sənayesində əldə olunmuş nailiyyətləri, neftçilərimizin əməyini xüsusi qeyd etməliyik. Neftçilərin qəhrəmanlığı, fədakarlığı sayəsində bu gün müstəqil Azərbaycan uğurla inkişaf edir. Neftdən əldə olunan gəlirləri ədalətli şəkildə idarə etmək, onları insanlara çatdırmaq, ölkə qarşısında duran əsas vəzifələrə yönəltmək siyasi rəhbərliyin böyük zəhməti hesabına və düşünülmüş siyasət nəticəsində mümkün olub. Azərbaycan o ölkələrdəndir ki, neft-qaz yataqları ölkəmizə tərəqqi, xoşbəxtlik, inkişaf gətirdi. Neftlə zəngin olan bir çox ölkələrdə, əksinə, neft xeyir yox, ziyan, problemlər gətirir, qanlı toqquşmalar baş verir. Biz tarixdən yaxşı bilirik ki, neft uğrunda mübarizə əksər hallarda çox böyük çətinliklərə, faciələrə gətirir. Azərbaycan isə neftdən əldə olunmuş gəlirləri ölkəmizin ümumi inkişafına yönəltdi. Məhz buna görə bu gün adambaşına düşən valyuta ehtiyatlarına görə biz MDB məkanında birinci yerdəyik. Azərbaycanda yoxsulluq səviyyəsi 4,8 faiz ətrafındadır. Bu onu göstərir ki, neftdən əldə edilmiş gəlirlər cəmiyyətdə ədalətli şəkildə bölünür və son illərdə ölkəmizdə yaşanan tərəqqi məhz bu amilə söykənir. İnfrastruktur layihələri icra olunub, 16 min kilometr yol çəkilib. Bu gün yol infrastrukturuna görə biz aparıcı ölkələr sırasındayıq. Biz vaxtilə elektrik enerjisindən korluq çəkirdik, onu xaricdən idxal edirdik. Bu gün biz ixrac edirik və bizdə min meqavatdan artıq generasiya gücü var. Buna nəyin hesabına nail olmuşuq? Neft-qaz sektorunda görülən işlər hesabına.
Eyni zamanda vətəndaşların sosial problemlərinin həlli də birbaşa neft-qaz sahəsində görülən işlərlə bağlıdır – əmək haqlarının, pensiyaların, müavinətlərin artırılması, sosial infrastrukturun yaradılması. Yəni böyük işlər görülüb, 3300-dən çox məktəb, 700-dən çox tibb ocağı tikilib. Bütün bu işlərin əsas mənbəyi neftdən əldə edilmiş gəlirlər və bu gəlirlərdən düzgün istifadə olunmasıdır.
Ona görə Azərbaycan xalqı qarşısında sizin çox böyük xidmətləriniz var. Çünki sizin biliyiniz, təcrübəniz, neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi dövründə xarici tərəfdaşlarla apardığınız işlər bugünkü Azərbaycanın uğurlu inkişafını təmin edir.
Təbii ki, biz hazırda daha çox qeyri-neft sektoruna diqqət yetiririk, istəyirik bu sektor inkişaf etsin. Ancaq heç kəs unutmamalıdır ki, Azərbaycan iqtisadiyyatının əsası, yəni bel sütunu neft-qaz sektorudur. Neft-qaz sektoru bundan sonra onilliklər ərzində Azərbaycanın aparıcı sektoru olacaq. Bu da təbiidir. Çünki neftin vətəni Azərbaycandır. Dənizdən ilk dəfə nefti məhz Azərbaycan neftçiləri çıxarıb. Müasir dövrdə Azərbaycan yeni texnologiyalar əsasında öz neft-qaz potensialını tam şəkildə işə salıb. Nəhəng neft-qaz kəmərləri inşa olunub, neftdən əldə olunmuş gəlirlər hesabına böyük nəqliyyat layihələri icra edilib. Bu gün Azərbaycan bütün parametrlər üzrə inkişaf etmiş ölkələrin səviyyəsinə yaxınlaşır. Əminəm ki, gün gələcək Azərbaycan inkişaf etmiş ölkələr sırasında öz yerini tapacaq”.
Dövlət başçısı Xoşbəxt Yusifzadənin 2000-ci ildə “İstiqlal” ordeni, 2004-cü ildə “Şöhrət” ordeni, 2009-cu ildə “Şərəf” ordeni aldığını, 2015-ci ildə prezidentin fəxri diplomuna, 2019-cu ildə Heydər Əliyev Mükafatına layiq görüldüyünü xatırladıb və bu il yanvarın 13-də “Heydər Əliyev” ordeni ilə təltif edildiyini deyib: “Buraya gələrkən baxıb gördüm ki, Xoşbəxt müəllimdə Azərbaycanın yalnız “Vətənə xidmətə görə” ordeni yoxdur. Onu da saxlamışam 95 illik yubileyinə”.