“Azərişıq”da yeni sədr. Prezidentin ona dedikləri…
- 07 Yanvar 2020
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
Yanvarın 7-də prezident İlham Əliyev Vüqar Əhmədovu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edib.
Bu təyinata qədər Vüqar Əhmədov “Azərişıq”da sədr müavini vəzifəsində çalışırdı. O, sədr müavini postunu 2015-ci ilin oktyabrından tuturdu.
“Azərişıq”da sədr postu 2018-ci il sentyabrın 4-dən – Balababa Rzayev “Azərişıq” ASC-nin sədri vəzifəsindən çıxarılaraq “Azərenerji” ASC-yə prezident təyin ediləndən boş idi.
Balababa Rzayev 2006-2015-ci illərdə “Bakıelektrikşəbəkə” ASC-yə, 2015-ci ildən isə həmin qurumun bazasında yaradılan “Azərişıq” ASC-yə sədrlik edib.
Novator.az bildirir ki, Balababa Rzayevə qədər “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev olub. 2001-ci ilin noyabr ayından “Azərenerji”nin prezidenti olan Etibar Pirverdiyev bu vəzifədən 2018-ci il sentyabrın 4-də çıxarılıb. Onun işdən çıxarılmasına Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin yarımstansiyalarından birində baş vermiş qəza səbəb olub. 2018-ci il iyulun 3-də baş vermiş qəza nəticəsində Azərbaycanın enerji sistemində ciddi problemlər yaşanıb, Bakı və Gəncə şəhərləri də daxil olmaqla 39 şəhər və rayonun elektrik enerjisi ilə təminatında fasilə yaranıb.
Qəzanın səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə elə həmin gün baş nazirin birinci müavininin rəhbərliyi ilə dövlət komissiyası yaradılıb. Komissiyanın ölkə prezidentinə təqdim etdiyi rəydə qəzanın əsas səbəbləri sırasında “Azərenerji” ASC-nin qəzaya lazımi səviyyədə hazır olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilməməsi və digər nöqsanlar göstərilib.
Prezident dövlət komissiyasının yekun rəyi ilə tanış olub və işdə yol verdiyi nöqsanlara görə Etibar Pirverdiyevi “Azərenerji”nin prezidenti vəzifəsindən azad edib.
Balababa Rzayev “Azərenerji”nin prezidenti təyin olunandan sonra “Azərişıq”da sədrin səlahiyyətlərini Vüqar Əhmədov icra edirdi.
2019-cu il yanvarın 7-də “Azərişıq” ASC-nin sədri təyin olunması ilə əlaqədar Vüqar Əhmədovu qəbul edərkən prezident İlham Əliyev xatırladıb ki, bir vaxtlar ölkənin enerji təminatı özəl qurumların ixtiyarında olub.
Dövlət başçısı qeyd edib ki, bu praktika özünü doğrultmayıb, əksinə, böyük problemlər yaradıb: “İndi bəziləri unudub, vaxtilə elektrik enerjisinin qıtlığına görə gecə saatlarında televiziya kanalları söndürülürdü. Bakının enerji təminatı tamamilə bərbad vəziyyətə düşmüşdü. Bakının enerji təminatını inhisara götürmüş “Barmek” şirkəti enerji təsərrüfatını tamamilə sıradan çıxarmışdı. İndi bir çoxları o dövrü unudub. Məhz mənim göstərişimlə və sərəncamımla xarici iş adamlarının yarıtmaz fəaliyyəti geniş təhlil edildi. Bakının enerji təminatı yenə dövlətə qaytarıldı və “Azərişıq” yaradıldı. “Azərişıq” Səhmdar Cəmiyyətinin adını da mən vermişdim. O gündən bu günə qədər dövlət bu sahəyə böyük vəsait ayıraraq ciddi dönüş yarada bildi. Bu gün Azərbaycanda enerji dayanıqlılığı tam təmin edilir.
Ancaq bütün bu müsbət məqamlara baxmayaraq böyük çatışmazlıqlar da, böyük qüsurlar da olub. Əgər bunlar olmasaydı, 2018-ci ildə biz o qəza ilə üz-üzə qalmazdıq. Qəzadan sonra aparılan təhlil işləri göstərdi ki, bu, sırf səhlənkarlıq, məsuliyyətsizlik nəticəsində baş verib. Mənə şəkillərlə, sübutlarla böyük məruzə edildi, bizim Mingəçevir İstilik Elektrik Stansiyası necə bərbad gündə idi. Adam o şəkillərə baxanda dəhşətə gəlirdi. Bu qədər səhlənkarlıq, bu qədər məsuliyyətsizlik olarmı? Ona görə “Azərenerji”nin rəhbərliyi tamamilə dəyişdirildi.
Mingəçevir İstilik Elektrik Stansiyasının 5 bloku əsaslı təmir edildi, demək olar ki, yenidən quruldu və itirilmiş güclər bərpa olundu. Biz təqribən 400 meqavatlıq itirilmiş gücləri bərpa etdik. Yəni bizim mövcud elektrik stansiyaları məhz məsuliyyətsizlik və qeyri-peşəkar hərəkətlərə görə o gücləri itirmişdi. Biz yeni stansiya tikmədən təmir işləri nəticəsində 400 meqavat gücü bərpa etdik. Mingəçevir İstilik Elektrik Stansiyasının qalan 3 blokunda 2020-ci ildə yenidənqurma işləri aparılacaq və əlavə enerji, generasiya gücü əldə ediləcək.
Bununla paralel olaraq, 2019-cu ildə 400 meqavat gücündə “Şimal 2” elektrik stansiyası istifadəyə verilib. Bu da enerji potensialımızı böyük dərəcədə gücləndirən amildir. Eyni zamanda biz indi bərpa olunan enerji növlərinin yaradılması ilə ciddi məşğuluq. Artıq 50 meqavatlıq külək elektrik stansiyası fəaliyyət göstərir. Hazırda özəl şirkətlər, xarici şirkətlər bu sahəyə böyük maraq göstərirlər, 100 milyonlarla dollar səviyyəsində investisiya yatırmaq istəyirlər və biz bunu yüksək qiymətləndiririk.
Beləliklə, növbəti illərdə bizim artan tələbatımızı ödəmək üçün həm yeni stansiyalar qurulmalıdır, həm də elektrik enerjisini təmin edən mövcud qurğular təftiş edilməlidir, yeni yarımstansiyalar inşa olunmalıdır, təmir edilməlidir. Biz bütün bu işləri görürük və ardıcıl şəkildə görəcəyik. “Azərişıq” da öz işində ən müasir prinsipləri rəhbər tutmalıdır. Bizim bütün enerji təsərrüfatımız yüksək standartlara cavab verməlidir. Generasiyadan başlamış son nöqtəyə – vətəndaşların mənzilinə qədər elektrik enerjisi dayanıqlı şəkildə təmin edilməlidir”.
Vüqar Əhmədov bildirib ki, hazırda “Azərişıq” istehlakçıları fasiləsiz elektrik enerjisi ilə 100 faiz təmin edir: “Bu günədək 70-dən artıq 110 kilovoltluq və təqribən 300-dən çox 35 kilovoltluq yarımstansiya tikilib və ya əsaslı təmir edilib. İndiyədək 1 milyon 200 mindən çox yeni sayğac quraşdırılıb ki, bu da itkilərin qarşısının alınmasında mühüm rol oynayıb. Şəbəkənin qoyuluş gücü 9 min meqavat amperdən 13 min meqavat amperə çatdırılıb. Baş verən qəzaların aradan qaldırılması üçün məsafədən idarə olunan dörd avtomatik idarəetmə mərkəzi yaradılıb. Yığım 95 faizə çatdırılıb, “Azərenerji”yə ödənişlər 100 faiz təmin edilib. Hazırda 56 rayonun paylayıcı elektrik şəbəkəsi üzrə 13 min 500-dən artıq transformator məntəqəsinin yenisi ilə əvəz olunması işləri davam etdirilir”.
Görüşün sonunda prezident İlham Əliyev bir daha 2018-ci ildə Mingəçevir stansiyasında baş vermiş qəzanı xatırladıb və deyib ki, həmin qəza böyük dərs olmalıdır: “Bu qəzadan sonra görülmüş tədbirlər öz nəticəsini verməkdədir. Biz yarımstansiyaların dairəvi qaydada birləşdirilməsi nəticəsində özümüzü qəzalardan, qəzaların fəsadlarından qoruyuruq. Qəza hər bir ölkədə baş verə bilər. Ancaq əsas məsələ ondadır ki, bu qəzanın fəsadları hansısa müddət ərzində aradan qaldırılır. Bu dairəvi sistemi biz ona görə yaratmışıq ki, enerji təminatını qısa müddət ərzində təşkil edə bilək”.