AZƏRTAC prezident İlham Əliyevin Rusiyanın “Rossiya 24” televiziya kanalına müsahibəsinin mətnini yayıb.
Dövlət başçısı müsahibədə Rusiya-Azərbaycan münasibətlərindən söz açaraq deyib ki, 2019-cu il iki ölkənin yaxınlaşması baxımından ən fəal və dinamik illərdən biridir: “Yüksək səviyyədə əlaqələrimiz çox olub. Mən Rusiya prezidenti ilə dəfələrlə görüşmüşəm və hər bir görüş çox faydalı, səmərəli və nəticə yönümlü olub. Bizim öz komandalarımıza verdiyimiz tapşırıqlar yerinə yetirilib. Bütün fəaliyyət sahələrimizi – ticarət, nəqliyyat, energetika, humanitar və turizm sahələrini əhatə edən beş “yol xəritəsi” çərçivəsində proqramı fəal surətdə reallaşdırırıq. Bu ilin sonunda həmin “yol xəritələri”nə daha ikisi – innovasiyalar üzrə və gənclər siyasəti üzrə “yol xəritələri” əlavə olunub. Bu, bizim təşəbbüsümüz idi və Rusiya müsbət qəbul etdi.
Gələn ilin fevralında birinci Rusiya-Azərbaycan gənclər forumunun keçirilməsini planlaşdırırıq. İkitərəfli nailiyyətlərimizi qoruyub saxlamaq və artırmaq üçün gənc nəsil hökmən ünsiyyətdə olmalı, bir-birini tanımalı, əməkdaşlıq baxımından yetkin həyata hazırlaşmalıdır.
Sənaye sahəsində çox iş görülüb. Azərbaycanda ən iri sənaye layihələrindən biri həyata keçirilib. “Qazprombank” bu layihənin maliyyələşdirilməsinə təqribən 500 milyon dollar ayırıb. Bu il Azərbaycanda 100 faiz Rusiya investisiyalı əczaçılıq müəssisəsi açılıb. “Vertolyotı Rossii” şirkəti ilə birlikdə helikopterlərin təmiri və onlara xidmət üzrə servis mərkəzinin təməli qoyulub.
Hərbi-texniki əməkdaşlıq baxımından da bu il uğurlu olub. Biz əvvəllər imzalanmış, həcmi milyard dollarlarla ölçülən kontraktların reallaşmasını davam etdirmişik, bu sahədə mövcud dinamikanın qorunub saxlanması üçün yeni kontraktlar bağlanması imkanlarını müfəssəl müzakirə etmişik.
Azərbaycanda istehsal edilən “KamAZ” və “Ural” avtomobillərindən əlavə “QAZ” avtomobilləri istehsalı zavodunun da təməli qoyulub. Metro vaqonlarının təchizatı barədə Rusiya şirkəti ilə üçillik kontrakt imzalanıb.
Dekabrın 24-də Samur çayı üzərində yeni avtomobil körpüsü açılıb. Bu körpü dövlətlərimizi əlaqələndirir.
“Şimal-Cənub” layihəsinin həyata keçirilməsi nəticəsində yükdaşımaların həcmi keçən il 8 dəfə, bu il isə 60 faiz artıb. Buna görə bu mühüm nəqliyyat layihəsinin reallaşdırılması ilə əlaqədar öz ərazisində bütün işləri prinsip etibarilə başa çatdıran Azərbaycan qonşu ölkələr üçün nəqliyyat-logistika imkanları təqdim edir”.
İlham Əliyev qeyd edib ki, iki ölkənin müvafiq strukturlarına gömrük prosedurlarının sadələşdirilməsi, yüklərin daşınmasına nəzarət üzrə müasir texnologiyaların tətbiqi, sərhədi keçməyin sadələşdirilməsinə dair tapşırıqlar verilib: “Həm Azərbaycanda, həm də Rusiyada bu istiqamətdə müasir texnologiyalar tətbiq edilir. Bu cür inzibati və bürokratik maneələrin aradan qaldırılması əsas istiqamətlərdən biri olacaq.
Əminəm ki, əmtəə dövriyyəsi artacaq. Bu il biz 25 faiz artım müşahidə edirik, ötən il 20 faizə yaxın olub. Bu, iqtisadi-ticari münasibətlərdə ciddi dinamikadan xəbər verir. Çünki artıq mövcud olan yüksək bazanı aşmaq bizim üçün asan deyil. Bunun üçün “yol xəritələri”ni uğurla həyata keçirməliyik və nəqliyyat-tarif siyasətinə yanaşmaları əhəmiyyətli dərəcədə unifikasiya etməli, o cümlədən yeni nəqliyyat layihələri üzrə fəaliyyətimizi əlaqələndirməliyik.
Azərbaycanda Xəzər dənizinin sahili boyunca mövcud yola paralel olaraq Bakıdan Rusiya sərhədinə qədər yeni avtomobil trası inşa edilir. Avtomobil trasının bu marşrutu məsafəni xeyli azaldacaq. Ona görə də Rusiya sərhədinə çatmaq daha tez və rahat olacaq”.
Müsahibədə prezident Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə toxunub, 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalandığını vurğulayıb: “Bu, Avropa İttifaqı ölkələrinin üçdə biri deməkdir. Keçən il biz Avropa İttifaqı ilə tərəfdaşlığın prioritetləri barədə sazişi paraflamışıq. Hazırda Avropa İttifaqı ilə danışıqlar prosesi gedir.
Azərbaycan Şərq tərəfdaşlığı layihəsində birləşən keçmiş SSRİ ölkələrinin bəzilərindən fərqli olaraq assosiasiya haqqında sazişi imzalamayan ölkədir. Mən onu əvvəldən axıradək oxumuşam. Başa düşdüm ki, bu, saziş deyil, təlimatdır, bizim əməl etməyimiz üçün yuxarıdan göndərilən təlimatlar. Mən öz komanda üzvlərimə sual verdim ki, bu təlimat bizim nəyimizə lazımdır? O bizə nə verəcək? Burada Azərbaycan üçün hər hansı əməli fayda varmı? Mən şəxsən bunu görmədim. Ona görə də biz Avropa Komissiyasına bunun yerinə bizim üçün faydalı olacaq ikitərəfli saziş üzərində işləməyi təklif etdik. Yeni saziş üzrə danışıqlar bütövlükdə pis getmir. Bəndlərin 90 faizindən çoxu razılaşdırılıb. Lakin razılıq əldə olunmayan bəndlər bizim üçün qətiyyən qəbuledilməzdir. Avropa İttifaqının mövqeyində dəyişiklik baş verərsə, onda biz nəticəyə hesablanmış danışıqları davam etdirə bilərik”.
Dağlıq Qarabağ münaqişəsi barədə sualı cavablandıran prezident 2019-cu ili münaqişənin nizamlanması üçün itirilmiş il kimi qiymətləndirib, bunu erməni tərəfinin qeyri-ardıcıl, ziddiyyətli və anlaşılmaz mövqeyi ilə bağlayıb: “İl ərzində biz Ermənistanın ali rəhbərliyinin bir-birinə tamamilə zidd olan bəyanatlarını eşidirdik. Məsələn, onlardan biri Dağlıq Qarabağın “müstəqil dövlət” olması və Azərbaycanın onunla danışıqlar aparmalı olması barədə bəyanatdır. Bu, danışıqlar prosesinin tamamilə pozulması, mahiyyətcə onun dayandırılması cəhdi idi. Təbii ki, bununla nə biz razılaşa bilərdik, nə də vasitəçi ölkələr – ATƏT-in Minsk qrupunun həmsədrləri. Bildiyimə görə, onlar da Ermənistan rəhbərliyinə xəbərdarlıq etdilər ki, bu populist və zərərli, təhlükəli siyasətdən əl çəksin.
Görünür, bu ağlabatan məsləhəti eşidən Ermənistan rəhbərliyi öz mövqeyini dəyişdi, lakin yenə də daha pis bir istiqamətdə. Ermənistanın baş nazirinin növbəti bəyanatı ondan ibarət oldu ki, Dağlıq Qarabağ Ermənistandır və nöqtə. Bu da yalandır. Beləliklə, onlar özləri Dağlıq Qarabağın nə olduğunu bilmirlər. Əgər onlar Dağlıq Qarabağın nə olduğunu bilmirlərsə, biz bunu onlara izah edə bilərik. Mən bunu oktyabrda “Valday” forumu çərçivəsində etmişəm, onda demişdim ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi. Erməni tərəfinin tezislərindən fərqli olaraq bu, həqiqətdir, çünki həm tarixi ədalət, həm də beynəlxalq hüquq Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiq edir. Azərbaycan BMT-yə özünün tam ərazi bütövlüyü çərçivəsində üzv olub. Əgər biz buraya BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal olunmuş əraziləri dərhal və qeyd-şərtsiz tərk etməsi haqqında qətnamələrini, digər beynəlxalq təşkilatların qətnamələrini və heç bir ölkənin Dağlıq Qarabağ adlanan ağlasığmaz və qeyri-qanuni qurumu tanımadığını da əlavə etsək, onda görərik ki, münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyünün tanınması və onun suverenliyinə hörmət müstəvisində olmalıdır. Ermənistan rəhbərliyi bu sadə həqiqəti nə qədər tez başa düşsə, bizim danışıqlar prosesində irəliləmək şansımız yaranar”.