Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində yeniliklərə imza atılıb. Novator.az-ın məlumatına görə, prezident İlham Əliyevin dekabrın 30-da imzaladığı fərmanla nazirliyin tabeliyində dörd publik hüquqi şəxs yaradılır: Dövlət Məşğulluq Agentliyi; Dövlət Sosial Müdafiə Fondu; Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi; Sosial Xidmətlər Agentliyi.
Publik hüquqi şəxslər dövlət qeydiyyatına alındığı günədək Dövlət Məşğulluq Xidməti, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti öz fəaliyyətlərini davam etdirəcək.
Yeni qurumların fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün onlarda İdarə Heyəti yaradılacaq. İdarə Heyəti üzvlərini əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəyə təyin etməlidir.
Nazirlər Kabineti publik hüquqi şəxslərin nizamnamələrinin layihələrini, o cümlədən nizamnamə fondlarının miqdarı barədə təkliflərini üç ay müddətində hazırlamalıdır.
Fərmana əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və Sosial Xidmətlər Agentliyinin fəaliyyəti büdcə vəsaiti hesabına maliyyələşdirilir.
Dövlət Sosial Müdafiə Fondunun tabeliyində olan sosial xidmət müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin DOST mərkəzləri açıldıqca yeni yaradılan publik hüquqi şəxslərin yerli qurumlarının fəaliyyətini regional əsaslarla qurmaq tapşırılıb.