2019-cu ilin “Nərgiz” mükafatına hüquq müdafiəçisi Oqtay Gülalıyev layiq görülüb.
“Nərgiz” mükafatını 2015-ci ildə Müsavat Partiyası təsis edib. Mükafat 2015-ci ilin aprelində dünyadan vaxtsız köçmüş gənc müsavatçı Nərgiz Yaqublunın adını daşıyır.
Novator.az-ın məlumatına görə, mükafatın 2019-cu il laureatının adı dekabrın 28-i Müsavat Partiyasının mərkəzi qərargahında keçirilən təqdimat mərasimində açıqlanıb.
Müxalif mövqeyi ilə tanınan Oqtay Gülalıyev Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatoru, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvüdür.
Hüquq müdafiəçisi 2012-ci ildə çay daşqınından ziyan çəkmiş vətəndaşların problemlərini qabardan “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru olub. Həmin ilin aprel-iyun aylarında o, hakimiyyət nümayəndəsinin tələblərinə fəal şəkildə müqavimət göstərmə və kütləvi iğtişaşlara, vətəndaşlara qarşı zorakılığa çağırış ittihamı ilə həbsdə yatıb. Bu cinayət işi 2016-cı ilin oktyabrında xətm edilib.
Son illər Oqtay Gülalıyev dəfələrlə bəyan edib ki, hüquq müdafiəsi sahəsində fəaliyyətinə görə hədələnir, təqib olunur.
2019-cu il oktyabrın 29-u o, Bakıda avtomobillə vurulub. Həmin gün hüquq müdafiəçisinə Kliniki Tibbi Mərkəzdə ilkin tibbi yardım göstərilib. Ardınca Oqtay Gülalıyev koma vəziyyətində, qapalı kəllə-beyin travması, baş beynin əzilməsi, sol təpə sümüyündə sınıq, sol yarımkürədə çoxsaylı qansızmalar diaqnozu ilə “City Hospital”a köçürülüb, oktyabrın 30-u orada əməliyyat olunub.
Noyabrın 1-dən Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsində müalicə olunub, noyabrın 6-da Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyəyə aparılaraq İstanbulun Avrasiya Hospitalına yerləşdirilib, noyabrın 19-da həmin şəhərdəki Amerika Xəstəxanasına köçürülüb və noyabrın 20-də əməliyyat olunub.
2015-ci ildə “Nərgiz” mükafatına gənc fəal İlkin Rüstəmzadə layiq görülüb. 2013-cü ildə 8 il müddətinə azadlıqdan məhrum edilmiş İlkin Rüstəmzadə 2019-cu ilin martında dövlət başçısının imzaladığı əfv sərəncamıyla azadlığa çıxıb.
2016-cı ildə “Nərgiz” mükafatı gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədova verilib. Onlar 2016-cı il mayın 10-dan həbsdə olublar. Hər ikisi 10 il müddətinə azadlıqdan məhrum edilib və 2019-cu ilin martında dövlət başçısının imzaladığı əfv sərəncamıyla azadlığa çıxıb.
2017-ci ildə mükafat bloqçu Mehman Hüseynova qismət olub. Mehman Hüseynov 2017-ci il martın 3-dən həbsdə olub, 2 il müddətinə azadlıqdan məhrum edilib. O, 2019-cu ilin martında cəza müddətini başa vuraraq azadlığa çıxıb.
2018-ci ilin “Nərgiz” mükafatına AXCP sədrinin müavini Gözəl Bayramlı layiq bilinib. Gözəl Bayramlı 2017-ci il mayın 25-dən həbsdə olub. 3 il müddətinə azadlıqdan məhrum edilmiş Gözəl Bayramlı 2019-cu ilin martında dövlət başçısının imzaladığı əfv sərəncamıyla azadlığa çıxıb.