Prezident İlham Əliyev dekabrın 26-da Bakı-Quba-Rusiya sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov prezidentə deyib ki, 2018-ci ildə təməli qoyulan 192 kilometrlik yol 4 lota bölünüb: “Bu, birinci lot – Tağıyev qəsəbəsindən Giləzi qəsəbəsinə qədər 30 kilometrlik yoldur. Yolun bir istiqamətdə 90 faizinin asfalt-beton örtüyünü tam yerinə yetirmişik. Yerdə qalan hissələrinin tikintisi gedir. Bu hissələrdə yolun tam eni 27,5 metr olacaq.
Əvvəlki yol Bakıdan Samur sərhəd-keçid məntəqəsinədək 208 kilometr idi, indi isə 16 kilometr qısalıb. Yol rayon mərkəzlərindən keçməyəcək, yalnız onlara qovşaqla birləşəcək.
İkinci lot Giləzidən Şabrana qədərdir. 27 kilometrdir. Üçüncü lot Şabrandan Gəndob qəsəbəsinə qədər olacaq. Gəndob qəsəbəsindən də Xaçmazın girişinə qədər, Xaçmazdan sonra Qusar-Yalama-Xudat hissəsinə qədər, bir də oradan düz sərhəd-keçid məntəqəsinə.
Avtomobillər Rusiya Federasiyasının ərazisinə 4 cərgə ilə daxil olacaq. Yolun çəkilişi bütün lotlar üzrə davam etdirilir. 2020-ci ilin may ayının əvvəllərində bu yolun 100 kilometr hissəsinin tam ödənişli şəkildə istismara verilməsi nəzərdə tutulur”.
İlham Əliyevin yeni yolun tikintisinə böyük ehtiyac olduğunu vurğulayıb: “İndi həm Rusiya ilə ticarət dövriyyəmiz artır, həm də Azərbaycan tranzit ölkə kimi öz imkanlarını ortaya qoyur. İrandan Rusiyaya, Rusiyadan İrana yükdaşımaların həcmi artır. Belə olan halda bizim yol infrastrukturu artan yükləri daşımaq üçün yeni imkanlara malik olmalıdır. Eyni zamanda sərnişinlər üçün də çox gözəl imkanlar yaradılacaq. Çox təhlükəsiz bir yol olacaq və şimal rayonlarımızda da bu yoldan istifadə edənlərin sayı artacaq. O cümlədən Şahdağ qış xizək kurortuna, Qubanın mənzərəli yerlərinə getmək üçün həm xarici, həm yerli turistlər, həm də rayon sakinləri bu yoldan istifadə edəcəklər. Çox mənzərəli yol olacaq, çünki sahilboyu gedəcək. Əminəm ki, gələcəkdə bu zonada turizm imkanı da dəyərləndiriləcək və investisiya qoyuluşu da nəzərdə tutulacaq. Yol olan yerdə həyat var, inkişaf var, ticarət var, rahatlıq var”.