“Mən idmanla müntəzəm, fasiləsiz məşğul oluram”. Prezident İlham Əliyev dekabrın 25-i Milli Olimpiya Komitəsində ilin idman yekunlarına həsr olunan mərasimdə belə deyib.
Milli Olimpiya Komitəsinin də rəhbəri olan dövlət başçısı Azərbaycanda idmanın kütləviliyinin təmin edildiyini vurğulayıb: “İdmanla məşğul olmaq istəyən gənclərin sayı kəskin artır, biz bunu görürük, izləyirik. Buna görə görkəmli idmançılarımıza minnətdar olmalıyıq. Ümumiyyətlə, idman sahəsində görülən işlər gəncləri də həvəsləndirir”.
İlham Əliyev bölgələrdə 45 olimpiya idman mərkəzinin olduğunu qeyd edib: “Bu il bir mərkəz Beyləqan şəhərində mənim iştirakımla açılıb. İki olimpiya idman mərkəzi açılışa hazırdır – Yardımlı və Tərtər rayonlarında. İki olimpiya mərkəzinin tikintisi davam etdirilir – Goranboy və Neftçala şəhərlərində. Yevlax şəhərində olimpiya mərkəzinin layihələndirmə işləri başa çatıb və əminəm ki, yaxın zamanlarda onun inşası başlanacaq. Beləliklə, biz demək olar ki, hər bir rayonda müasir idman kompleksi istifadəyə verərək idmançılar üçün şərait yaratdıq. Bu həm gənc idmançıların idman bölmələrində hazırlıq keçmələri, həm də şəhər və rayon sakinləri üçün gözəl imkandır.
Mən tövsiyə edərdim ki, hər bir vətəndaş idmanla məşğul olsun. Özü də həftədə, ayda bir dəfə yox, müntəzəm. Bunun çox böyük xeyri var və əgər belə olarsa, hər bir insan öz həyatında bunu görəcək. Mən ümid edirəm ki, biz buna nail olacağıq.
Bizim idman şöhrətimizi yüksəklərə qaldıran görkəmli idmançılarımıza tövsiyə edirəm ki, onlar da bu maarifləndirmə işlərində fəal iştirak etsinlər. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, idman cəmiyyətləri, klublar idmanın kütləviliyini təmin etsinlər.
Bilirsiniz ki, çoxdandır mənim təşəbbüsümlə biz ictimai istirahət zonaları yaradırıq. Artıq parklar, bağlar şəhəri olan Bakı bu baxımdan dünyada qabaqcıl yerlərdədir. Son vaxtlar nə qədər ictimai istirahət zonaları yaradılıb. Sovet vaxtından qalan bütün ənənəvi parklar ən yüksək səviyyədə yenidən quruldu. Vaxtilə dağılmış, guya fəaliyyət göstərən, əslində ekologiyamıza ziyan vuran sənaye müəssisələrinin yerində bir çox yeni parklar salındı. Sonra mənim göstərişimlə bu ictimai parklarda açıq havada idman qurğuları quraşdırılmağa başlandı. İndi “Abad həyət” proqramı icra edilir. Artıq Bakı şəhərində onlarla həyət abadlaşdırılıb. Orada idman meydançaları, o cümlədən trenajorlar quraşdırılıb. İndi hər bir insanın açıq havada idmanla məşğul olması üçün imkanlar var. Uşaqlar, böyüklər orada futbol, başqa oyunlar oynayırlar, trenajorlarda məşq edirlər. Bu, kütləvi xarakter almalıdır. O halda millətimiz sağlam olacaq.
Baxmayaraq ki, iş qrafikim çox gərgindir, mən idmanla müntəzəm, fasiləsiz məşğul oluram və bunun xeyrini görürəm. Ona görə mənim tövsiyəm budur. Əminəm ki, yaxın gələcəkdə mənim bu tövsiyələrim əsasında konkret təkliflər olacaq, idman kütləviliyi ilə bağlı geniş proqram tutulacaq.
İndi bizim böyük şəhərlərdə idman komplekslərimiz var, ancaq kənd yerində bu, yoxdur. Düzdür, bəzi kəndlər şəhərlərə yaxın yerləşir və orada yaşayan uşaqlar, yeniyetmələr idman komplekslərinə gedə bilirlər. Ancaq bəzi ucqar kəndlər var. Ona görə kənd idmanının inkişafı üçün xüsusi proqram tərtib edilməlidir, buna diqqət verilməlidir. Ucqar kəndlərdə yaşayan uşaqlar bəzi hallarda bilmirlər nə ilə məşğul olsunlar. Orada o bölgəyə uyğun olan formada idman qurğuları tikilməlidir, yarışlar keçirilməlidir, rayon yarışları. Nə üçün bizdə rayon yarışları keçirilmir? Hesab edirəm ki, bu, böyük boşluqdur, böyük qüsurdur. Rayon idman yarışları keçirilsin. Bu həm idmanın inkişafına xeyir verər, həm də idmanın kütləviliyini təmin edər. İdmanla məşğul olan bütün qurumlara mənim tapşırığım bundan ibarətdir”.