Prezident İlham Əliyev “Tibbi sığorta haqqında” qanuna dəyişiklikləri imzalayıb. Novator.az bildirir ki, yeniliyə görə, 2020-ci il yanvarın 1-dən Azərbaycan vətəndaşlarına, Azərbaycanda qaçqın statusu almış, BMT-nin Azərbaycanda himayəyə götürdüyü əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqı ayrılır.
Qanuna əsasən, muzdla işləyən fiziki şəxslərdən, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Milli Məclisin və ya prezidentin vəzifəyə təyin etdiyi şəxslərdən, seçkili ödənişli vəzifə tutan şəxslərdən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz miqdarında, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulur.
Başqa yeniliklər də var.
Dekabrın 24-də imzaladığı fərmanla prezident Nazirlər Kabinetinə xidmətlər zərfini on gün müddətində, icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığını üç gün müddətində müəyyən etməyi tapşırıb.
2017-ci ilin yanvarından ölkədə icbari tibbi sığortanın pilot layihə şəklində həyata keçirilməsinə başlanıb. Pilot layihə ilk olaraq Mingəçevir şəhərini və Yevlax rayonunu əhatə edib, 2018-ci ildən Ağdaş rayonunun ərazisində də tətbiq olunub.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təklifinə əsasən, 2020-ci ilin yanvar-mart aylarında icbari tibbi sığorta Şəki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarında tətbiq ediləcək.
Aprel-iyun aylarında Gəncə və Naftalan şəhərləri, Göygöl, Goranboy, Daşkəsən, Samux, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Beyləqan rayonları sistemə qoşulacaq.
İyul-sentyabr aylarında icbari tibbi sığorta Şirvan şəhərini, Lənkəran, Masallı, Lerik, Yardımlı, Astara, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Hacıqabul və Sabirabad rayonlarını əhatə edəcək.
Oktyabr-dekabr aylarında Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun əhalisi icbari tibbi sığorta sistemindən yararlanacaq.
Naxçıvan Muxtar Respublikası bu işi müstəqil həyata keçirir.