2020-ci il siçan ilidir. Novator.az jurnalistlərdən yaxın keçmişin siçan illərini – 1972, 1984, 1996, 2008-ci illəri nələrlə yadda saxladıqlarını soruşub.
Samirə Əhmədbəyli:
– Qardaşım siçan ilində doğulub. 1972-ci ildə.
Siçan ili ilə bağlı ilk xatirəm 1984-cü illə bağlıdır. Dünən kimi xatırlayıram həmin yeni ili.
Yeddi uşaqlı ailənin sonbeşiyi olaraq bayram günlərində hər kəsin işi məni sevindirmək idi. Ağlım kəsəndən belə olmuşdu. Amma beş yaşımda, 1983-cü ili geridə qoyub 1984-cü ili qarşılayan günlərdə yaxın qohumumuz rəhmətə getmişdi. Dekabrın 31-i çox soyuq idi, qar yağmışdı, bir yandan da işıqlarımız sönmüşdü. Valideynlərim böyük qardaşlarımla birlikdə yasa getmişdilər. Evin kiçikləri lampa işığına toplaşıb oturmuşduq. Bayram əhvalından əsər-əlamət yox idi.
Anamgil evə qayıdanda çoxdan qaş qaralmışdı. İçəri girər-girməz şkafın ən üst gözünü eşələdi, bəzəkli qutu çıxarıb mənə uzatdı. “Bunu da sənə Şaxta Baba gətirib. Elə bilirdin unudub səni?” deyib güldü.
Həmin an yaşadığım sevinci təsvir etmək mümkün deyil. Tez qutunu açdım, içindən taxta oyuncaq çıxdı. Təkərli araba üstündə dovşan. Boynundan baraban asılmışdı, arabanı sürdükcə barabanı döyəcləyirdi. Həmin dovşan xeyli müddət ən sevimli oyuncağım oldu.
1996-cı il həyatımın ən ağır, amma eyni zamanda ən həlledici ili olub. Doğulub-böyüdüyüm evimiz satılmışdı. Ata yurdunu itirmək çox ağır gəlmişdi. Amma eyni il jurnalistikada ilk addımlarımı atmağa başladım.
İllər ötdükcə yaddaş qısalır, özünə yer etmiş xatirələr üzündən hafizə artıq yeni informasiya üçün dar gəlir sanki. Nə qədər çox yaş, bir o qədər az xatirə. 2008-ci ildə sadəcə məhsuldar işlədiyimi xatırlayıram.
Aynur Elgünəş:
– Mən 2008-ci ilin üzərində dayanardım. Həmin il jurnalist kimi mənim üçün məhsuldar il olub. Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin mətbuat katibi idim. O vaxt həmkarımız Eynulla Fətullayev həbsdə idi. Onun müdafiəsi üçün Söz Azadlığını Müdafiə Komitəsi yaratdıq, mən də katib oldum. Günüm aksiyalarda, tədbirlərdə keçirdi.
“Bizim yol” və “Yeni Müsavat” qəzetləri ilə də əməkdaşlıq edirdim. O zamanlar bu qəzetlər çox güclü idi. Araşdırmalarım gedirdi, hər gün bir olay olurdu, şikayətçi, haqqında yazdığım adamlar gəlirdi redaksiyalara.
Təbiətən qaynar adam olduğumdan olaysız gün mənim üçün yaşanmamış gün kimidir. Ona görə də olaylarla dolu 2008-ci ili həyatımın xoş ili kimi xatırlayıram.
İmran Bədirxanlı:
– Arxada qoyduğum dörd siçan ilinin hər biri mənim üçün daim yaddaşımdan boylanan hadisələri özündə həkk edib.
1972-ci ildə orta məktəbə getmişəm. Bundan on il sonra Xaçmazın Həsənqala kəndində alça və şaftalı ili idi. Yəni o il meyvə ağacları bol məhsul vermişdi. Oğlan sinif yoldaşları öz aramızda məsləhətləşdik ki, son zəngə hərəmiz bir şey gətirək. Yəni meyvədən, şirniyyatdan, qozdan-fındıqdan…
Bağımızda cavan alça ağacının budaqları bol bardan başını torpağa qədər əymişdi. Cavan ağacın alçası yekə və dadlı olur. Mayın 25-i səhər obaşdan bərəkətli ağacdan bir kilodan çox alça dərdim.
Məktəbimizin həyətinə çatanda gördüm ki, 13 oğlanın hamısı …alça gətirib. Buraxılış tədbirinin proqram müəllifi və aparıcılarından biri kimi ərk edib ssenarinin adını belə dəyişdim: “Alçalı son zəng”!
1984-cü ildə Rusiyanın Voloqda şəhərində əsgəri xidmətdə idim. O ilin qışı Voloqdanın son əlli ildə ən sərt qışı sayılırdı. Qarovulda dayandığım yanacaq-sürtgü materialları anbarının divarındakı cihaz mənfi 42 dərəcəni göstərirdi. Qalın qar ayağımın altında narın qum kimi xışıldayırdı. Gecə hava o qədər sakit idi ki, qalın kürk, yumşaq üzlük, isti üçbarmaq əlcək, uzunboğaz keçə ayaqqabıda şaxtanı hiss etmirdim.
Səhər sağ ayağım sızıldamağa başlayanda məlum oldu ki, üç barmağımı don vurub. Dörd gün sanitar hissədə müalicə aldım, sağaldım, amma üstündən 35 il keçməsinə baxmayaraq indi də iqlim dəyişəndə o üç barmaq sızıldayır, yadıma 84-ün Voloqdasını salır…
1996-cı ildə BDU-nun jurnalistika fakültəsini bitirməyimizin və müstəqilliyimizin 5 ili tamam oldu. Zirvələr fəth etməyi hədəfləyən biz gənclərin həm peşə baxımından, həm də azad ölkənin vətəndaşı kimi gələcəyə ümidləri çox idi.
O ümidlərin közü hələ sönməyib…
2008-ci ildə ilk və hələlik axırıncı dəfə Amerikaya səfər etdim. İki həftəlik səfərimiz zamanı ABŞ tarixində ilk dəfə qaradərili vətəndaş – Barak Hüseyn oğlu Obama prezident oldu. Demokratların respublikaçılara qalib gəldiyi həmin seçki gününün axşamı Norfolk şəhərində qonağı olduğum Qana əsilli qaradərili Lena Consonun sağ əlinin iki barmağını yuxarı qaldırıb “Viva Obama!” qışqırması və noyabrın 4-ü Vaşinqtonun hər tərəfində eşidilən, yerli radiolardan birinin bəstələdiyi “Black president” (Qara prezident) mahnısının sədaları qulağımdan getməyib.
Xalid Kazımlı:
– 1972-ci ildə birinci sinfə getmişəm, ona görə həmin il yadımdadır. Uğurlu saymaq olar.
1984-cü ildə ali məktəbdə oxuyurdum və pambıq yığımındakı bacarıqsızlıq üzündən institutda problemlərim vardı. Uğursuz il idi deyə bilərəm.
1996-cı ildə on minlərlə həmvətənimiz kimi köçkünlüyün, kasıbçılığın, işsizliyin məngənəsində çırpınırdıq. Uğursuz il idi.
2008-ci il xüsusi yadımda qalmayıb, amma artıq bir çox məsələ düzənə girmişdi. Onu uğurlu il saymaq olar.
Ümid edirəm ki, 2020-ci il bu xüsusda fərqli il olmaz.
Vahid Qazi:
– 1972-ci ilə yaddaşımın ən ucqar küncündə qalan xatirələr ili deyərdim. Yayı nənəmgil, qohumlarla Şuşa Turşsuyunda keçirdik. Yaylamağa getmişdik, neçə alaçıq qurmuşduq…
1984-cü il ilk uzaq səfər ilim oldu. Əmim, bibimgil Moskva ətrafındakı Balabanovo şəhəri yaxınlığında yerləşən istirahət evinə putyovka almışdılar, məni də apardılar. Qızıl Meydanı, Leninin mavzoleyini, rus meşəsini, keflənib küçədə yatanları ilk dəfə onda gördüm.
1996-cı ildə ailə qurdum, ömrün daha ciddi dönəmi başladı. Subaylıqda özünü kosmik fəza yüngüllüyündə duyursan, evlənəndə yerə enib, yerdə gəzirsən.
2008-də anamı itirdim. O il də itki illəri sırasında olanlardandır. 1992, 1993, 2005-ci illər kimi. Şuşanı, Ağdamı, atamı itirdiyim illər…