Azərbaycan və Ukrayna prezidentlərinin 17 dekabr bəyanatlarının mətnləri yayılıb.
Bakıda bir araya gələn İlham Əliyevlə Vladimir Zelenski danışıqların ardınca mətbuata açıqlamalar veriblər. İlham Əliyev deyib ki, həm təkbətək formatda, həm də nümayəndə heyətlərinin iştirakı ilə danışıqlarda Ukrayna-Azərbaycan ikitərəfli əlaqələrinin müxtəlif aspektləri geniş müzakirə olunub və səmərəli fikir mübadiləsi aparılıb: “Bizim siyasi əlaqələrimiz yüksək səviyyədədir. Prezidentin Azərbaycana rəsmi səfəri bunu təsdiqləyir. Bu gün ticarət dövriyyəsinin artırılması istiqamətində atılacaq addımlar haqqında danışdıq. Ticarət dövriyyəmiz bu il təqribən 20 faiz artıb, ancaq mütləq rəqəmlər bizi qane edə bilməz və gələcək əməkdaşlıqla bağlı konkret məsələlər müzakirə olundu”.
Dövlət başçısı qeyd edib ki, Ukrayna-Azərbaycan ikitərəfli hökumətlərarası komissiyası son bir neçə il ərzində fəaliyyətsiz olub: “İndi birgə qərarla komissiyanın fəaliyyətinə yeni təkan veririk. Razılaşdırdıq ki, gələn ay komissiya yığışacaq və prezidentlərin tapşırıqları geniş müzakirə ediləcək.
Ticarət dövriyyəsinin artırılması ilə yanaşı birgə sərmayə qoyuluşu layihələri böyük maraq doğurur. Biz bu barədə də geniş fikir mübadiləsi apardıq. Həm Ukraynanın Azərbaycana, həm də Azərbaycanın Ukraynaya sərmayə qoyuluşu ilə bağlı konkret təkliflər var.
Energetika sahəsində əməkdaşlıq müzakirə edildi. SOCAR uzun illərdir Ukraynada fəaliyyət göstərir, altmışdan çox yanacaqdoldurma məntəqəsi, dörd neft bazası var. Bu gün biz bir daha bu məsələni müzakirə edərkən razılığa gəldik ki, SOCAR Ukraynadakı fəaliyyətini genişləndirəcək və konkret addımlar atılacaq.
Əvvəlki illərdə kənd təsərrüfatı sahəsində əməkdaşlıq aparılırdı. Biz Ukraynadan 400-dən çox kənd təsərrüfatı texnikasını almışıq və bu əməkdaşlığı davam etdirmək istəyirik.
Digər önəmli məsələ turizmin inkişafıdır. Həm Azərbaycanın, həm Ukraynanın çox böyük və zəngin turizm imkanları var. Bu sahədə də birgə əməkdaşlıq, təcrübə mübadiləsi, birgə layihələr müzakirə edildi, konkret tapşırıqlar verildi”.
Vladimir Zelenski söhbətin əsas hissəsinin milli və regional təhlükəsizlik məsələlərə ayrıldığını vurğulayıb: “Dağlıq Qarabağ münaqişəsi və Ukraynanın şərqində baş verən münaqişəni müzakirə etdik. Biz bir-birimizi ölkələrimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi məsələsində də dəstəkləyirik. Söhbət beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bərpadan gedir. Bu prinsip həm ikitərəfli təmaslarda, həm də beynəlxalq təşkilatlar çərçivəsində bizim əməkdaşlığı özündə ehtiva edir”.
Həmin gün paytaxtda Azərbaycan-Ukrayna biznes forumu keçirilib. Forumda çıxış edən İlham Əliyev deyib ki, Azərbaycanın Ukraynaya ixracı birtərəflidir, enerji daşıyıcıları əsasında formalaşır: “Biz çox istərdik ki, Ukraynaya ixracımızı şaxələndirək və bu məqsədlə bir neçə addım atılıb, o cümlədən keçən il Kiyevdə Azərbaycanın ticarət evi açılıb. Belə ticarət evlərinin sayı çox olmalıdır. Bu gün Bakıda Ukraynanın ticarət mərkəzi açıldı. Bu da çox gözəl hadisədir.
Qarşılıqlı ticarətin təşviqi üçün çox önəmli addımlar atılacaq. Eyni zamanda sərmayə qoyuluşu məsələlərində yeni mərhələyə qədəm qoya bilərik. Son 15 il ərzində Azərbaycana 270 milyard dollar sərmayə qoyulub. Bu onu göstərir ki, ölkəmizdə çox gözəl investisiya iqlimi var, xarici investorların maraqları və buraya qoyulan vəsait qorunur. Ukraynada da investisiya iqlimi yaxşılaşır. Biz bunu görürük və böyük investisiyalarla, özəlləşdirmə ilə bağlı böyük planlar var. Prezidentlə bu barədə danışdıq, hesab edirəm ki, Azərbaycan şirkətləri müxtəlif investisiya layihələrində fəal iştirak etməlidirlər”.
Vladimir Zelenski son bir neçə il ərzində belə forumun keçirilmədiyini qeyd edib: “Aydındır ki, görüşməsək, dialoqa başlamasaq, normal investisiya mühiti ola bilməz. Əgər biz real işlər, real rəqəmlər barədə danışmasaq, biznes Ukraynaya gəlməyəcək və əksinə.
Mən hiss edirəm ki, bizdə dialoq başlandı. Bundan sonra konkret addımlar atılmalıdır. Ona görə ki, insanlar nəyisə vəd edəndə onlar öz öhdəliklərini yerinə yetirməlidirlər. Belə hallar olub və öhdəliklər yerinə yetiriləndə etimad qazanırıq. Biz artıq razılaşdıq ki, gələn ay böyük hökumət nümayəndə heyəti Ukraynaya səfər edəcək və danışıqlar çərçivəsində iqtisadi sahədə ikitərəfli əməkdaşlığın mühüm məsələləri – infrastruktur, özəlləşdirmə məsələləri müzakirə olunacaq. Ukraynanın 400-dən çox müəssisəsi özəlləşdirmə üçün hazırdır. Biz real investisiyalar görmək istəyirik və hamını görməyə şadıq”.