Dekabrın 11-də Heydər Əliyev Fondu Oqtay Gülalıyevlə bağlı məlumat yayıb.
Oqtay Gülalıyev Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatoru, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvüdür.
2019-cu il oktyabrın 29-da Oqtay Gülalıyevi Bakıda minik avtomobili vurub. Kliniki Tibbi Mərkəzdə ilkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev koma vəziyyətində, qapalı kəllə-beyin travması, baş beynin əzilməsi, sol təpə sümüyündə sınıq, sol yarımkürədə çoxsaylı qansızmalar diaqnozu ilə “City Hospital”a köçürülüb, oktyabrın 30-u orada beynindən əməliyyat olunub.
Noyabrın 1-dən Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsində müalicə olunub, noyabrın 6-da Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyəyə aparılaraq İstanbulun Avrasiya Hospitalına yerləşdirilib, noyabrın 19-da həmin şəhərdəki Amerika Xəstəxanasına köçürülüb. Noyabrın 20-də xəstənin beynində hematoma təmizlənməsi və şunt əməliyyatı aparılıb.
Heydər Əliyev Fondunun 11 dekabr açıqlamasında qeyd olunur ki, Oqtay Gülalıyevin müalicəsi davam edir: “Fondun daxili qaydalarına uyğun olaraq müalicə müəssisəsindən hər 10 gündən bir xəstənin səhhəti ilə bağlı hesabat alınır. Bu hesabatlar əsasında müalicənin dinamikasına uyğun olaraq xəstəyə göstərilə biləcək kömək barədə qərar verilir. Amerika Xəstəxanasından dekabrın 9-da göndərilmiş növbəti 10 günün hesabatına əsasən, koma vəziyyətində olan Oqtay Gülalıyevin ağciyərində və qanında infeksiya var və buna uyğun müalicə tətbiq olunur. Xəstənin hazırkı vəziyyətini və həkimlərin rəyini nəzərə alan Heydər Əliyev Fondu Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyevanı müalicənin növbəti mərhələsində də müvafiq dəstəyin göstəriləcəyi barədə məlumatlandırıb. Bildirilib ki, Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsinə kömək göstərmək, ailəsinə bu çətin günlərdə mənəvi dəstək olmağa çalışır”.
2004-cü ildən fəaliyyətə göstərən Heydər Əliyev Fonduna Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva rəhbərlik edir.
Oqtay Gülalıyevin vəziyyəti necədir?
Oqtay Gülalıyevin işi: maddədə nə deyilir?
Oqtay Gülalıyev reanimasiya şöbəsindədir
Oqtay Gülalıyevin vəziyyəti ilə bağlı açıqlamalar
Oqtay Gülalıyevin vəziyyəti: professor açıqlama verib
Heydər Əliyev Fondu Oqtayın müalicəsini öz üzərinə götürdü
Oqtay Gülalıyev İstanbula aparıldı
Oqtay süni nəfəs aparatından çıxarılıb
Oqtay Gülalıyevin ağciyərində infeksiya aşkarlanıb
Oqtay Gülalıyevlə bağlı bəyanat qəbul olunub