Demokratik Qüvvələrin Milli Şurası növbədənkənar parlament seçkisini boykot etməyə qərar verib. Qərar dekabrın 9-da çıxarılıb.
Novator.az xəbər verir ki, boykot qərarını ictimaiyyətə AXCP sədri Əli Kərimli xaricdən internetlə yayılan “Osmanqızı TV”yə müsahibəsində açıqlayıb.
Növbədənkənar parlament seçkisi 2020-ci il fevralın 9-da keçiriləcək.
Hazırkı Milli Məclisin buraxılması təşəbbüsünü parlament çoxluğunun təmsilçiləri – Yeni Azərbaycan Partiyasının üzvləri irəli sürüblər.
Dekabrın 2-də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkinin təyin olunması üçün prezident İlham Əliyevə müraciət edib. Həmin gün dövlət başçısı qərarın konstitusiyaya uyğun olub-olmadığına aydınlıq gətirilməsi məqsədilə Konstitusiya Məhkəməsinə sorğu göndərib.
Dekabrın 4-də Konstitusiya Məhkəməsinin razılığını alan dövlət başçısı bir gün sonra Milli Məclisi buraxıb və fevralın 9-na növbədənkənar seçki təyin edib.
Əli Kərimli “Osmanqızı TV”yə müsahibəsində xatırladıb ki, dekabrın əvvəlində Milli Şura erkən seçki ilə bağlı şərtlər irəli sürmüşdü. Həmin şərtlərdə bunlar vardı: seçki komissiyaları iqtidarın, müxalifətin və namizədlərin təmsilçiliyi ilə yenidən formalaşmalıdır; namizədlərin qeydiyyatına yaradılan süni əngəllər aradan qaldırılmalıdır; bərabər təbliğat imkanları, o cümlədən İctimai Televiziyada namizədlər üçün çıxış, partiyalar üçün debat imkanları bərpa olunmalıdır; Bakıda və regionlarda sərbəst toplaşmaq azadlığı təmin edilməlidir; seçki müşahidəçilərinin səslərin sayılması prosesinə nəzarət imkanı təmin olunmalı, seçki məntəqələrində tərtib edilən protokolların surətləri onlara verilməlidir; seçki şikayətlərinə baxılma proseduru təkmilləşməli və şəffaf olmalıdır; siyasi məhbuslar azad edilməlidir.
Milli Şura bildirmişdi ki, bu islahatlar olmasa, yeni seçki keçirməyin heç bir mənası qalmayacaq.
Bütün bunları yada salan AXCP sədri vurğulayıb ki, seçki islahatı həyata keçirilmədiyinə və ölkədə minimal seçki mühiti yaradılmadığına görə Milli Şura seçkini boykot etməyi qərara alıb.
Milli Şura 2013-cü ildə yaradılıb. Tarixçi alim Cəmil Həsənlinin sədrlik etdiyi qurumun rəhbərliyində AXCP sədri Əli Kərimli, Müsavat Partiyasından Tofiq Yaqublu, Vətəndaş Həmrəyliyi Partiyasından Rafiq Manaflı, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatından Rövşən Əhmədli, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli, hüquqşünaslar Namizəd Səfərov, Vidadi Mirkamal, Fuad Ağayev, ssenarist, kinodramaturq Eldəniz Quliyev və başqaları təmsil olunur.
Müxalif partiyalardan Müsavat, Ümid, Respublikaçı Alternativ 9 fevral seçkisində iştirak etməyə qərar verib.
Yeni Azərbaycan Partiyasının deputatları
Növbədənkənar seçki təklifi necə qarşılanır?
ADR Hərəkatından boykot anonsu
Parlamentin buraxılması üçün prezidentə müraciət olundu
Müsavat seçki müzakirəsi təşkil edir
Cəbhə və Müsavat: boykotun və iştirakın tarixi
Konstitusiya Məhkəməsi yeni seçkiyə razılıq verdi
Parlamentin hansı səlahiyyətləri saxlanır?
Hansı dairədə nə qədər seçici var?