Avtomobil parkımız niyə köhnəlir?
- 06 Dekabr 2019
- comments
- Səidə Hüseynova
- Posted in ManşetŞərh
İqtisadçı Rövşən Ağayev Bakuresearchinstitute.org saytında yerləşdirilən məqaləsində yazır ki, böyük neft pullarının Azərbaycana daxil olduğu 2005-2015-ci illər həm də ölkənin avtomobil parkının sürətlə böyüməsi ilə yadda qalıb: “1990-2000-ci illərdə minik avtomobillərinin sayı cəmi 27% (72 min ədəd) artaraq 332 min ədəd olmuşdu. 2005-2015-ci illərdə artım 2,4 dəfə (650 min ədəd) olmaqla minik avtomobillərinin ümumi parkı 1,1 milyon ədədə çatdı. Müqayisə aparılan ilk onillikdə ölkədə minik avtomobillərinin sayı hər il orta hesabla 7 min ədəd artmışdısa, 2005-2015-ci illər üzrə həmin göstərici 65 min ədəd təşkil edib”.
Novator.az-ın məlumatına görə, ekspert avtomobil parkının böyüməsinin 2014-cü ildən kəskin zəiflədiyini vurğulayır: “2014-cü illə müqayisədə 2018-ci ildə minik avtomobili parkının sayı cəmi 70 min ədəd artıb – hər il üzrə orta hesabla 17,5 min ədəd. Halbuki 2010-2014-cü illərdə hər il orta hesabla 70 min artmışdı – 4 ildə təxminən 300 min ədəd.
Resurs pullarının iqtisadiyyatda doğurduğu mənfi fəsadlardan biri milli valyutanın baha olması, aparıcı xarici valyutaların ucuzluğu səbəbindən hər cür idxalın, eləcə də avtomobil idxalının sərfəli olması idi. Ucuz dollar yerli istehsalı məhv etsə də, ölkədə istehsalı olmayan tələbat mallarını idxal sayəsində sərfəli qiymətə əldə etməyə imkan yaradırdı. İdxal dəyəri 10 min dollar olan avtomobili almaq üçün istehlakçı hətta 8 min manatdan da az ödəyirdi.
2015-ci ildə manatın 2 dəfəyə yaxın dəyər itirməsi nəticəsində vəziyyət kökündən dəyişdi – istehlakçı artıq həmin avtomobil üçün manatla az qala 2 dəfə artıq pul saymalı oldu. Beləcə ucuz dollar erasının başa çatması ilə ucuz avtomobil idxalının sonu gəldi. 2014-cü ildə ən ucuz təzə maşına 15-16 min manat saymalı olduğunuz halda bu gün satış salonlarında analoji avtomobillərin qiyməti 24-25 min manatdan ucuz deyil.
Milli hesablar statistikasına görə, 2015-ci ilə qədər hər il ev təsərrüfatlarının son istehlak xərclərini ödədikdən sonra orta hesabla 1,2-1,5 milyard manat intervalında qənaəti olurdu və həmin vəsaitlər yığıma yönəldilirdi (maliyyə və ya əmlak formasında). 2015-ci ildə vəziyyət qəfil dəyişdi. Milli hesablar statistikasına görə, əhalinin cari ildə əldə etdiyi gəlirlər onun son istehlak xərclərini qarşılamağa imkan vermədi, ona görə də ev təsərrüfatları öz zəruri ehtiyaclarını qarşılamaq üçün əvvəlki illərdə formalaşmış yığımlarına əl atmalı oldu. Nəticədə 2015-2016-cı illərdə ev təsərrüfatları əvvəlki dövrün 2 milyard manat yığımını cari istehlaka sərf etməyə məcbur qaldı (2017 və 2018-ci illərin analoji statistikası hələlik açıqlanmayıb).
Devalvasiyadan ağır zərbə alan bank sektoruna daxil olan məhdudiyyətlərdən biri də istehlak kreditlərinin (borc yükünün gəlirə nisbəti, kreditin məbləğinin təminatın dəyərinə nisbəti və s.) ilk növbədə isə avtomobil kreditləri ilə bağlı kredit müraciətlərinin mümkün qədər az dəstəklənməsi ilə bağlı oldu. 2014-cü ilin sonuna ev təsərrüfatlarının götürdüyü kreditlərin məbləği 7,8 milyard manata yaxın idisə, 2016-cı ilin axırlarında həmin göstərici 5,8 milyard, 2017-cı ilin sonunda isə 4,6 milyard manata enmişdi. Hazırda isə ev təsərrüfatlarının ümumi kreditlərinin məbləği 5 milyard manat ətrafındadır.
2017-ci ilin sentyabrında mediada dərc edilən bir araşdırmada qeyd edilirdi ki, böhrana qədər ölkədə alınan hər 100 yeni avtomobildən azı 70-i bank kreditləri ilə alınırdı. Araşdırma aparılan dövrdə ölkədə hər 5-6 bankdan biri avtomobil kreditləri verməyə davam edirdi. Bir tərəfdən kreditləşmənin həcminin kəskin şəkildə azalması, digər tərəfdən istehlak kreditlərinə tətbiq edilən sərt məhdudiyyətlər avtoparkın böyüməsindəki kəskin azalmanın başqa bir səbəbi kimi nəzərdən keçirilməlidir.
2014-cü ildən başlayaraq Azərbaycan hökuməti avtomobil idxalına vergiləri davamlı artırıb və bu əsasən aksizlərin yüksəldilməsi vasitəsilə baş verib.
2014-cü ilədək mühərrikin həcmi 2000 kubsantimetrədək olan avtomobilin idxalı üçün mühərrikin həcminin hər kubsantimetri üçün 0,15 manat aksiz vergisi ödənməli idi. 2014-cü ildə həmin məbləğ 0,20 manata, 2019-cu ildən isə 0,30 manata yüksəldildi. Yəni 5 ildə 2 dəfə artım var.
2014-cü ilədək mühərrikin həcmi 3000 kubsantimetrədək olan avtomobilin idxalı üçün 300 manat və əlavə olaraq mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsinə görə kubsantimetri üçün 1 manat aksiz vergisi ödənməli idi. 2014-cü ildə həmin məbləğlər müvafiq olaraq 400 manata və 1,5 manata, 2019-cu ildən isə 600 manata və 5 manata yüksəldildi. 2013-cü ildə 3000 kubsantimetrədək olan avtomobilin idxalı üçün 1300 manat aksiz vergisi ödənməli idi, hazırda 5600 manat məbləğ tələb edilir. Artım 4.5 dəfəyə yaxındır.
İdxal avtomobilləri üçün gömrük rüsumuna gəldikdə, Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il qərarına əsasən, minik avtomobilləri mühərrikin həcmindən və işlətdiyi yanacaq növündən, təyinatından asılı olaraq gömrük rüsumuna cəlb edilir. İdxal olunan minik avtomobillərinin mühərrikinin həcmindən və istifadə etdiyi yanacaq növündən asılı olaraq idxal rüsumlarının məbləği mühərrikin həcminin hər kubsantimetri üçün 0,4-1,2 dollar, bəzi minik avtomobilləri üçün isə idxal dəyərinin 15%-i səviyyəsində tutulur.
Üstəlik əlavə dəyər vergisi (ƏDV) avtomobilin idxal dəyərinə aksizlər və idxal rüsumu əlavə edilməklə hesablanır. 2013-cü ildə şərti olaraq invoys dəyəri 10 min manat olan avtomobilin idxalı üçün aksiz və idxal rüsumu nəzərə alınmaqla 13 min manat üçün ƏDV hesablanırdı, bu gün artıq həmin invoys dəyərində və mühərrik ölçüsündə avtomobilin ən azı 17 min manat idxal dəyəri üçün ƏDV hesablanır. Yəni mühərrikin həcmi 3000 kubsantimetrədək olan tipik avtomobilin timsalında aksizlərin 4,5 dəfə artımı özü ilə bərabər hesablanan ƏDV-nin də məbləğini 30%-ə yaxın artırıb”.
Rövşən Ağayev qeyd edir ki, Azərbaycanda əhalinin hər 1000 nəfərinə 140-a yaxın avtomobil düşür: “Ayrı-ayrı ölkələrdə bu göstərici çox yüksəkdir. Məsələn, Avropa üzrə həmin göstərici 587 ədəd təşkil edir. İtaliyada 700-dən, İspaniya və Almaniyada 600-dən bir qədər artıqdır. Ən kiçik göstəriciyə malik Rumıniyada 324 ədəd olmaqla Azərbaycandan təxminən 2,5 dəfə yüksəkdir. Region ölkələrindən Rusiyada analoji göstərici 310 ədəd təşkil edir.
Azərbaycanın öz daxilində isə regionlar üzrə göstəricilər arasında fərq kəskin fərqlənir. Xüsusilə də Bakıda avtomobillə təminat səviyyəsi digər bölgələrə nisbətən orta hesabla 3-4 dəfə yüksəkdir. Yəni parkın genişlənmə sürətinin zəifləməsi tələbatın ödənməsi, bazarın doyması ilə bağlana bilməz”.
İqtisadçı həmçinin yazır ki, Azərbaycanın avtomobil parkı sürətlə qocalır: “Yüksək qiymət və vergi, həmçinin kredit məhdudiyyətləri səbəbindən maşın parkının yenilənə bilməməsi avtoparkda köhnə maşınların xüsusi çəkisini artırır. 2014-cü ildə bütün minik maşınlarının 17%-i istismar müddəti 5 ilədək olan avtomobillər idisə, 2018-ci ildə bu göstərici 6%-ə enib. Əvəzində istismar müddəti 10 ildən çox olan minik avtomobillərinin parkda payı 62%-dən 77%-ə yüksəlib. Mütləq rəqəmlə baxıldıqda, 2014-cü ildə istismar müddəti 5 ilədək olan avtomobillərin sayı 187 minə yaxın idisə, 2018-ci ildə 72 min ədədə enib”.