Konstitusiya Məhkəməsi Plenumunun 4 dekabr iclası başa çatıb.
Dekabrın 2-də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkinin təyin olunması üçün prezident İlham Əliyevə müraciət edib. Həmin gün dövlət başçısı qərarın konstitusiyaya uyğun olub-olmadığına aydınlıq gətirilməsi məqsədilə Konstitusiya Məhkəməsinə sorğu göndərib.
Konstitusiya Məhkəməsi 9 nəfərdən ibarətdir: Fərhad Abdullayev (sədr), Sona Salmanova (sədr müavini) və hakimlər – Südabə Həsənova, Mahir Muradov, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov, Kamran Şəfiyev.
Plenumun dekabrın 4-də keçirilən iclasında sorğuverən tərəfi Prezident Administrasiyasının qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, cavabverən tərəfi Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev təmsil ediblər.
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov prosesə ekspert kimi qatılıb.
Məruzəçi hakimlərin və tərəflərin çıxışlarından sonra Konstitusiya Məhkəməsinin Plenumu sorğuya müsbət cavab verib. Qərara əsasən, Milli Məclisə növbədənkənar seçkinin təyin edilməsi haqqında prezidentə müraciət və Milli Məclisin buraxılması konstitusiyanın 98-1-ci maddəsinin 1-ci hissəsinə uyğun sayılıb.
Konstitusiya Məhkəməsinin qərarı elan edildiyi andan qüvvəyə minir.
Azərbaycanda sonuncu parlament seçkisi 2015-ci il noyabrın 1-də keçirilib.
Prezident İlham Əliyevin sədrlik etdiyi, parlamentdə 68 deputatla təmsil olunan Yeni Azərbaycan Partiyası Milli Məclisin buraxılması və növbədənkənar seçkinin keçirilməsi təşəbbüsü ilə çıxış etməsəydi, parlament seçkisi 2020-ci il noyabrın 1-də olacaqdı.
2016-cı ildə konstitusiyaya əlavə olunmuş 98-1-ci maddəyə görə, Azərbaycan prezidenti Milli Məclisi buraxa bilər. Bu halda 60 gün ərzində yeni parlament seçkisi keçirilməlidir.