Dekabrın 2-də Milli Məclis parlamentin buraxılması məsələsini müzakirə edəcək. Təklifi prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası irəli sürüb.
Azərbaycanda növbəti parlament seçkisi 2020-ci il noyabrın 1-də olmalıdır. Konstitusiyaya görə, prezident Milli Məclisi buraxa bilər. Bu halda 60 gün ərzində növbədənkənar parlament seçkisi keçirilməlidir.
Müxalifətin bir hissəsini birləşdirən Demokratik Qüvvələrin Milli Şurası bununla bağlı bəyanat qəbul edib. Bəyanatda qeyd olunur ki, erkən parlament seçkisi çox ciddi sosial, siyasi gərginlik şəraitinə düşür: “Hakimiyyət qollarının heç biri legitim deyil. İndiyədək keçirilmiş bələdiyyə, parlament, prezident seçkiləri və referendumlar demokratik olmayıb, xalqın iradəsini əks etdirmir, bu da əlavə siyasi böhran yaradır. Azərbaycan xalqı hakimiyyətin getdikcə bir əldə cəmləşməsi ilə barışmaq istəmir.
Erkən parlament seçkisi ilə bağlı belə ehtimallar var ki, məqsəd demokratikləşmə və islahatlar yox, hakimiyyəti bir ailənin əlində daha da cəmləşdirmək, cəmiyyəti və müxalifəti qəfil yaxalayıb seçkini daha asan saxtalaşdırmaqdır. Milli Şura bu ehtimalların həqiqət payının yüksək olduğunu düşünür və bunu nəzərə alır. Lakin bununla yanaşı hesab edir ki, nəzərdə tutulan erkən seçkini cəmiyyət üçün müsbət hadisəyə çevirmək şansı da var.
Milli Şura hesab edir ki, təcili şəkildə, indiki Milli Məclis buraxılmadan ən vacib seçki islahatları həyata keçirilməli və ölkədə minimum da olsa seçki mühiti yaradılmalıdır”.
Bəyanatda bu tədbirlərin həyata keçirilməsi zəruri sayılır: seçki komissiyaları iqtidarın, müxalifətin və namizədlərin təmsilçiliyi ilə yenidən formalaşmalıdır; namizədlərin qeydiyyatına yaradılan süni əngəllər aradan qaldırılmalıdır; bərabər təbliğat imkanları, o cümlədən İctimai Televiziyada namizədlər üçün çıxış, partiyalar üçün debat imkanları bərpa olunmalıdır; Bakıda və regionlarda sərbəst toplaşmaq azadlığı təmin edilməlidir; seçki müşahidəçilərinin səslərin sayılması prosesinə nəzarət imkanı təmin olunmalı, seçki məntəqələrində tərtib edilən protokolların surətləri onlara verilməlidir; seçki şikayətlərinə baxılma proseduru təkmilləşməli və şəffaf olmalıdır; siyasi məhbuslar azad edilməlidir.
Milli Şura bildirir ki, bunlar edilmədən yeni seçki keçirməyin heç bir mənası olmayacaq. Bəyanatda qeyd olunur ki, seçki islahatı həyata keçirilməsə və ölkədə minimal seçki mühiti yaradılmasa, Milli Şura seçkini boykot edəcək.
Milli Şura 2013-cü ildə yaradılıb. Tarixçi alim Cəmil Həsənlinin sədrlik etdiyi qurumun rəhbərliyində AXCP sədri Əli Kərimli, Müsavat Partiyasından Tofiq Yaqublu, Vətəndaş Həmrəyliyi Partiyasından Rafiq Manaflı, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatından Rövşən Əhmədli, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli, hüquqşünaslar Namizəd Səfərov, Vidadi Mirkamal, Fuad Ağayev, ssenarist, kinodramaturq Eldəniz Quliyev və başqaları təmsil olunur.
Yeni Azərbaycan Partiyasının deputatları
Növbədənkənar seçki təklifi necə qarşılanır?