“Tarixi şəxsiyyətlər” jurnalının yeni sayı Moskvanın və Bütün Rusiyanın patriarxı II Aleksiyə həsr olunub.
Xəlil Qarəhmədovun baş redaktoru olduğu jurnalın bu sayı Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrın elmi məsləhətçiliyi, tarixçi Vyaçeslav Radionovun layihə rəhbərliyi ilə işıq üzü görüb.
Nəşr II Aleksinin oxuculara sülh, dialoq, mənəviyyat, dəyərlərə ehtiram ruhlu müraciəti ilə açılır.
Nəşrdə Qafqaz Müsəlmanları İdarəsi ilə Rus Pravoslav Kilsəsi arasında dostluq və əməkdaşlıq münasibətlərindən, Kiril Atanın istər ölkəmizə səfəri çərçivəsində, istərsə də müxtəlif beynəlxalq tədbirlərdə mərhum prezident Heydər Əliyevlə, indiki dövlət başçısı İlham Əliyevlə görüşləri, rus və Azərbaycan xalqlarının əmin-amanlıq, anlaşma və əməkdaşlıq şəraitində yaşamasında dinlərin və din xadimlərinin rolundan bəhs olunur.
II Aleksi (Vladimir Mixayloviç Qundyayev) 20 noyabr 1946-cı ildə Sankt-Peterburqda ruhani ailəsində doğulub. Jurnalda onun uşaqlıq, gənclik illəri, dini təhsilə həvəsi və aldığı elmi dərəcələr, Leninqrad Ruhani Akademiyasının tələbəliyindən rektorluğuna qədər yüksəlişi, öz missiyasını təkcə Rusiyanın daxilində (Smolensk, Kalininqrad, Bryansk…) deyil, sərhədlərindən kənarda (Moskva Patriarxlığının Cenevrədəki Ümumdünya Kilsələr Şurasında nümayəndəsi) da yerinə yetirməsi, çalışdığı ali dini vəzifələr nəzərdən keçirilir.
Nəşrdə patriarxın 2009-2010-cu illərdə Azərbaycana səfəri çərçivəsində dövlət başçısı, Heydər Əliyev Fondunun rəhbəri və şeyxülislamla görüşləri, dinlərarası müzakirə mövzusunda tədbirlərə qatılması, rus dini-mədəni mərkəzlərini ziyarəti, sonakı dönəmlərdə Mehriban xanım Əliyevanı və Allahşükür Paşazadəni nüfuzlu mükafatlarla təltif etməsi faktları xüsusi vurğulanır.
Jurnalda istedadlı tarixçi və Azərbaycanın yaxın dostu Vyaçeslav Aleksandroviçin “Odlar və tolerantlıq ölkəsi” sərlövhəli yazısı və Azərbaycan haqda digər məqalələr diqqətə çatdırılır.
Məcmuədə həmçinin qədim və zəngin pravoslav arxitekturası, bayramları və mətbəxi barədə geniş məlumatlar verilib.
“Tarixi şəxsiyyətlər” beynəlxalq ictimai-siyasi jurnalının baş redaktoru Xəlil Qarəhmədov əsas məramlarının daim sivilizasiyalararası dialoq, cəmiyyətdə barış, vətəndaş həmrəyliyi, müşküllərin fikir mübadiləsi və qarşılıqlı anlaşma əsasında həllinin təbliğinə çalışmaq, eləcə də bu istiqamətdə fəaliyyət göstərən, Azərbaycanın qlobal problemləri, xüsusən də Qarabağ düyününün açılmasında səmimi rol oynayan liderlərə geniş tribuna imkanı yaratmaq, din mədəniyyətinə töhfə vermək istəklərinin olduğunu bildirir.
“Tarixi şəxsiyyətlər” jurnalının bundan əvvəlki sayı Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin 70 illiyinə həsr olunmuşdu.