Müsavat başqanının müavini, partiya Divanının üzvü Razim Əmiraslanlı noyabrın 26-sı axşam azadlığa buraxılıb.
Novator.az bildirir ki, noyabrın 11-də Binəqədi Rayon Polis İdarəsinin 6-cı bölməsinə çağırılaraq tutulan Razim Əmiraslanlı polisin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilinərək 15 sutka inzibati həbs cəzası almışdı. O, Binəqədi rayonunda, Daxili İşlər Nazirliyinin inzibati həbs məntəqəsində saxlanırdı.
Binəqədi Rayon Məhkəməsinin qərarında qeyd olunub ki, Razim Əmiraslanlı Biləcəri qəsəbəsindəki avtobus dayanacaqlarının birində söyüş söyüb və onu intizama dəvət edən polis əməkdaşına tabe olmayıb. Razim Əmiraslanlı və müdafiəçiləri ittihamı siyasi sifariş kimi qiymətləndirib.
Müsavat Partiyası noyabrın 10-u paytaxtda siyasi məhbuslara azadlıq, repressiyalara son, seçki islahatları tələbləri ilə mitinq keçirmək niyyətində idi. Bakı Şəhər İcra Hakimiyyətinə müraciətdə aksiya üçün bu ünvanlar göstərilmişdi: Tofiq Bəhramov adına stadionun qarşısındakı meydan, metronun “Dərnəgül” stansiyasının yaxınlığındakı meydan və Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionu.
Paytaxt rəhbərliyi mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb. Bu təkliflə razılaşmayan Müsavat Partiyası noyabrın 12-nə Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısına etiraz piketi təyin edib. Paytaxt rəhbərliyi piketlə bağlı müraciəti də mənfi cavablandırıb və Müsavat sanksiyasız aksiya keçirməyə qərar verib.
Aksiyadan əvvəlki günlərdə və noyabrın 12-də 50-dən çox müsavatçı, o cümlədən partiyanın başqanı Arif Hacılı tutularaq bir müddət polis məntəqələrində saxlanıblar.
Noyabrın 12-də bir qrup müsavatçı Bakı metrosunun “İçərişəhər” stansiyasından paytaxtın icra hakimiyyətinin binasına doğru irəliləməyə cəhd göstərib. Polis buna imkan verməyib.