“Bütün məfkurələrin tükəndiyi illərdə yaşayırıq”
- 21 Noyabr 2019
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
İlahiyyatçı, yazıçı Fərid Bağırlı jurnalist İsmayıl Rafiqoğlunun suallarını cavablandırıb.
– Milli-mental dəyərlər ətrafında polemikalar bitmək bilmir. Cəmiyyət elə bil iki cəbhəyə bölünüb: milli adətləri inkar edənlərə və milli adətləri tərifləyənlərə. Niyə belə bir halla üzləşirik? Ümumiyyətlə, milli-mental dəyərlər deyəndə sizin ağlınıza ilk olaraq nə gəlir?
– Bizim belə bir halla üzləşməyimiz təbii və qaçılmazdır. Çünki hər dəfə cəmiyyətdə böyük dəyişikliklər baş verəndə insanın gündəlik həyatı ilə yanaşı fikirləri, məfkurələri də dəyişir, ya da dəyişməyə meyl göstərir. Fikri həyatımızdakı inqilablar bizdə 1980-ci, 1920-ci illərdə, daha əvvəl isə 19-cu əsrdə də müşahidə olunurdu. “Milli-mental” dediyiniz milli zehniyyətin təyinində başlıca amillər cəmiyyətin maddi-mənəvi həyatıdır. Yəni bütün bunlar siyasi, iqtisadi həyat, dini adətlər, siyasi-dini-mədəni təmayüllər və xarici təsir nəticəsində formalaşır. “Mədəni imperializm” dediyimiz, məsələn, Hollivudun və internetin təsiri də bura aid edilə bilər.
– Zaman dəyişdikcə düşüncə tərzi dəyişir. Nə vaxtsa aktual olan qaydalar artıq işə yaramır. Ənənələrin sıradan çıxması da bu baxımdan qaçılmazdır. Öz ənənələrimizi necə redaktə etməliyik? Hansısa lazımsız ənənənin sıradan çıxması üçün nə baş verməlidir? Qanunda dəyişiklik edilməlidir, ya nəsə başqa yol seçilməlidir?
– Müsbət dəyişikliyin baş verməsi üçün cəmiyyətin elmi və mədəni səviyyəsini yüksəltmək lazımdır. Əlbəttə, elm və mədəniyyətdən danışarkən Elmlər Akademiyası, ya da Mədəniyyət Nazirliyi nəzərdə tutulmur. Məişət və küçə mədəniyyətindən tutmuş ibtidai və ali təhsil ocaqlarına qədər – hamısı kompleks şəkildə götürülməlidir. Bir cəmiyyət normal şəkildə təkamül etməsə, təkamül probleminin acı nəticələri inqilabla, milli miqyasda aparılan “cərrahiyyə müdaxiləsi” ilə həll olunar. Bəşər tarixi dəfələrlə buna şahid olub. Bizim ən əsas və xroniki problemlərimizdən biri dünyadakı prosesləri arxadan təqib etməmizdir. 19-cu əsrdə Rusiyanın Azərbaycanı asanca zəbt etməsinin əsas səbəblərindən biri nə idisə, bugünkü geriliyimizin əsas səbəbi də odur: yanlış qurulmuş təhsil sistemi.
19-cu əsrin əvvəllərində bizim ən savadlı adamlarımız Avropanın elm və təhsilindən azı iki əsr geri qalmışdı. Avropa və Rusiya siyasi və iqtisadi reallığı nəzarətə götürərkən bizim ən savadlı adamlarımız Makedoniyalı İsgəndəri, “Şahnamə”ni sayıqlamağa davam edirdi. Biz indi də beləyik. İyirmi il sonra nə olacağını düşünüb yeni təhsil sistemi qurmaq əvəzinə 19-cu əsr Avropasında formalaşmış sistemi “müalicə etməyə” çalışırıq.
İkinci böyük problem bizim elm və mədəniyyət xadimlərimizin əksəriyyətinin öz fəaliyyət sahələrini şəxsi zəmi və bostan kimi bir növ çörək yerinə çevirməsi, elmə və mədəniyyətə qulluq etmək əvəzinə elm və mədəniyyəti özünə qulluqçu etməsidir.
– Ölkə olaraq Azərbaycan olduqca spesifik bir yerdə yerləşib. Bir tərəfdən Şərqin qapısıyıq, digər tərəfdən isə Avropa və Rusiyaya pəncərəyik. Hələ 100 il öncə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsərində əks olunan personajların hərəsi bir tərəfə meyl edir. Kimsə qərbpərəst, kimsə ruspərəst, kimsə türkpərəstdir. Bircə Məşədi İbad özünü kənar tutur. Elə indi də dünyanın müxtəlif yerlərində təhsil almış insanların barışmaz mübarizəsini müşahidə edirik. Nə səbəbdən milli birlik müşahidə etmirik?
– Milli birliyimizin olmaması öz milli mədəniyyətimizi tam qura bilməməyimizin nəticəsidir, onun da səbəbi milli elita sinfinin olmamasına bağlıdır. Milli düşüncə nə dövlət məmurlarında, nə də milli burjuaziyada formalaşıb, çünki hər ikisində əsas amil və niyyət “çörəkdir”. Bizdəki milli mədəniyyət təsəvvürü SSRİ-dən qalma çox spesifik bir sistemdir. Bu sistem müstəqil milli dövlət strukturuna qulluq eləmir, sadəcə sovet ideoloji siyasətinin bir ifadəsidir.
Milli mədəniyyət çalıb-oynamaq deyil, onun öz milli məfkurə əsasları olmalıdır. “Azərbaycanlı nədir” sualına cavab təşkil edən bir dini-fəlsəfi dəyərlər sistemi qurulmadıqca, ciddi milli dil siyasəti aparılmadıqca milli mədəniyyət və təhsil sistemi də qurulmayacaq. Bir millətin və milli şüurun təşəkkülündə əvəzsiz rol oynayan amil milli mübarizədir. Bugünkü milli mübarizə isə Qarabağdır. Daha sonrakı mərhələ də daşnak ilanının başını əzmək və onu torpaqlarımızdan rədd eləməkdir. Lakin bu milli mübarizə bizi birləşdirmir, çünki uzun zamandan bəri söz-söhbətdən başqa heç bir irəliləyiş yoxdur və bu səngimələr ancaq düşmənə zaman qazandırır. Xalq isə ümidini üzməkdə, məyuslaşmaqda və daha da “məişətçi” əhvala meyl etməkdədir. 1980-90-cı illərdə Qarabağ və Ermənistan zülmünü görən və yaşayan qocalar ölməkdə, onların əvəzində isə “İPAD”lı “korennoy bakılı uşaqlar”, atlanıb-düşən arvadbaz və laqeyd nəsil yetişməkdədir. Bir az da geciksək, bizim “xarici dostlarımız” deyəcəklər: Qarabağı neyləyirsiniz, siz orada doğulmamısınız, orada doğulan ermənilər var, ora sizin deyil.
– Deməli, müasir azərbaycanlının düşüncə tərzi müxtəlif təsirlərdən formalaşır. Hətta tarixə qovuşmuş sovet sisteminin qalıqları da beyinlərdə yaşayır. Bu kimi lazımsız təsirlərdən necə yaxa qurtara bilərik? Yeni təhsil-tərbiyə sistemini kim qurmalıdır?
– Düşüncə tərzi hər zaman müxtəlif ünsürlərdən bəhrələnib. Bu müxtəlifliyi bir zənginlik və təcrübə kimi dəyərləndirmək lazımdır. Bizim problemimiz məhz bundadır, yəni düşüncə müxtəlifliyinin özündə yox, o müxtəliflikdən istifadə edə bilməməyimizdədir. Sovet sisteminin qalıqları da bu şəkildə dəyərləndirilməlidir. Həmçinin ona görə ki, bunları atdığınız zaman sizə heç nə qalmayacaq. Müasir Azərbaycan son iki yüz ildə formalaşmış çarlıq və sovet bünövrəsindən imtina etdiyi zaman o bünövrənin yerində boşluq əmələ gəlib. Bəs biz o boşluğu nə ilə dolduracağıq? Hollivud və internet məhsullarıylamı, yoxsa dərin zehniyyət böhranı yaşayan Türkiyə, İran, ya da Ərəbistan düşüncə modelləriyləmi? Sovet nəsli yaşadıqca sovet ənənəsi qismən də olsa yaşamağa davam edəcək. Lakin o nəsil tükənəndə yerini kimlər tutacaq, bu ölkənin taleyini kimlər təyin edəcək? Azərbaycanın mental və fəlsəfi istiqamətini, zövqlərini, tərcihlərini – bunu düşünmək lazımdır. Bəziləri bəyənməsə də, mən şəxsən islamın dirçəlişinə inanıram. Biz bütün sistem və məfkurələrin tükəndiyi illərdə yaşayırıq. Sovet sisteminin çökməsi ilə birlikdə “Yalta dünyası” da çöküb və bu gün taleyin küləyi, məncə, islamı işarə etməkdədir. Lakin bu, keçmişin yox, gələcəyin islamıdır. Daha dözümlü, daha cavan və zirək, daha ağıllı, ali təhsilli və təmkinli insanların islamıdır. Həzrət Əlinin dediyi kimi, uşaqlarınıza təhsil və tərbiyə verərkən bu günün yox, sabahın, gələcəyin şərtlərini düşünmək lazımdır.