Oqtay Gülalıyevlə bağlı bəyanat qəbul olunub
- 19 Noyabr 2019
- comments
- Səidə Hüseynova
- Posted in ManşetŞərh
Demokratik Qüvvələrin Milli Şurası qurumun Koordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyevlə bağlı bəyanat yayıb.
Oqtay Gülalıyev Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatorudur.
2019-cu il oktyabrın 29-u axşam Oqtay Gülalıyevi Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, piyada xəttinin üstündə baş verib. Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Gülalıyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev koma vəziyyətində, qapalı kəllə-beyin travması, baş beynin əzilməsi, sol təpə sümüyündə sınıq, sol yarımkürədə çoxsaylı qansızmalar diaqnozu ilə “City Hospital”a köçürülüb, oktyabrın 30-u orada əməliyyat olunub.
Noyabrın 1-dən Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsində müalicə olunub.
Noyabrın 6-da Heydər Əliyev Fondunun dəstəyi ilə Oqtay Gülalıyev Türkiyəyə, İstanbul şəhərinin Avrasiya Hospitalına aparılıb.
Nəsimi Rayon Polis İdarəsi hadisəni Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə araşdırır. 263.1-ci maddə avtomobil idarə edən şəxsin yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurması haqdadır. Maddəyə görə, bu əməl 2 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5000 manatdan 7000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Milli Şuranın 18 noyabr bəyanatında deyilir ki, hadisədən üç həftə keçməsinə baxmayaraq qəzanı törədən avtomobilin hərəkət trayektoriyasını əks etdirən müşahidə kameralarının görüntüləri, qəza törədən və taksi xidməti göstərdiyi iddia olunan sürücünün həmin gün ərzində telefon danışıqları, qəza törədilərkən hansı sifariş üzrə və hansı marşrutla hərəkət etməsi, Oqtay Gülalıyevi yaralı vəziyyətdə xəstəxanaya apararkən etdiyi telefon danışıqları haqqında məlumatlar açıqlanmayıb.
Bəyanatda iddia olunur ki, qəza törədən sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinin qaldırılması, hüquq müdafiəçisinin vəziyyətinin əvvəl-əvvəl az ağır kimi qiymətləndirilməsi, Daxili İşlər Nazirliyi sözçüsünün qəzaya görə məsuliyyəti qırmızı işıqda dönmə manevrini edərkən avtomobili birbaşa piyadanın üzərinə sürmüş sürücü ilə yaşıl işıqda piyadalar üçün keçid üzərindən yolu keçən zərərçəkən arasında paylaşdırmaq cəhdi Azərbaycan hakimiyyətinin bu hadisəni ört-basdır etməkdə maraqlı tərəf olduğundan xəbər verir.
Bəyanatda Oqtay Gülalıyevin müayinə və müalicəsində ləngimələrə yol verildiyi haqda da iddialar irəli sürülür.
Oqtay Gülalıyevin susdurulmasına dəfələrlə cəhd edildiyini, hədələndiyini, daima təqib olunduğunu vurğulayan Milli Şuranın üzvləri qəbul etdikləri bəyanatda baş vermiş avtomobil qəzasının təsadüfi yol-nəqliyyat hadisəsi olduğuna inanmadıqlarını açıqlayır və əsasən sui-qəsd ehtimalı üzərində dayanaraq iddialar səsləndirirlər. Onların fikrincə, hüquq mühafizə orqanları ən qısa zamanda açıq və şəffaf istintaqın aparılmasını təmin etməsə, Oqtay Gülalıyevin vurulma şəraiti, qəza törədən avtomobilin bilavasitə qəzadan əvvəlki hərəkət trayektoriyası və sürücünün telefon danışıqları haqqında məlumatlar açıqlanmasa, xəstənin əməliyyatının yubadılması haqqında suallara cavab verilməsə, hadisənin sui-qəsd olduğuna şübhə yeri qalmayacaq.
Bəyanatda Oqtay Gülalıyevin faktiki olaraq həyatını məhv etmiş bu hadisəyə görə məsuliyyət daşıyan hər kəsin cəzalandırılması tələbi irəli sürülür: “Oqtay Gülalıyevin xilası üçün daha peşəkar və keyfiyyətli tibbi müdafiəyə ehtiyac olduğunu nəzərə alaraq Azərbaycan hakimiyyətini onu həyata qaytarmaq üçün bütün imkanları səfərbər etməyə çağırırıq”.
Milli Şura 2013-cü ildə yaradılıb. Tarixçi alim Cəmil Həsənlinin sədrlik etdiyi qurumun rəhbərliyində AXCP sədri Əli Kərimli, Müsavat Partiyasından Tofiq Yaqublu, Vətəndaş Həmrəyliyi Partiyasından Rafiq Manaflı, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatından Rövşən Əhmədli, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli, hüquqşünaslar Namizəd Səfərov, Vidadi Mirkamal, Fuad Ağayev, ssenarist, kinodramaturq Eldəniz Quliyev və başqaları təmsil olunur.
Oqtay Gülalıyevin qəsdən vurulması haqda iddialara Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğu Milli Şuranın bəyanatından qabaq münasibət bildirib. Bu qurumların mətbuat xidmətlərinin oktyabrın 31-də yaydığı birgə açıqlamada qeyd olunub ki, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə hadisənin guya qəsdən törədilməsinə dair əsassız informasiyalar yayılmaqdadır.
Bakı Şəhər Baş Polis İdarəsinin və Bakı Şəhər Prokurorluğunun mətbuat xidmətləri həmin məlumatların həqiqəti əks etdirmədiyini, qəti şəkildə təkzib olunduğunu vurğulayaraq bunları bildirib: “Müvafiq cinayət işi üzrə həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə müəyyən edilib ki, 2019-cu ilin iyun ayından “A taksi” şirkətində taksi sürücüsü işləyən Abdullayev Kənan Kamal oğlu əməkdaşlıq etdiyi digər taksi şirkətinin çağrı nömrəsinə hadisədən təxminən 2 saat əvvəl daxil olmuş sifarişi icra etmək üçün həmin şirkətə məxsus “Hyundai Accent” markalı, 90-PZ-543 dövlət qeydiyyat nişanlı avtomobillə şəhərin mərkəzində yerləşən “Nizami” kinoteatrının qarşısından milliyətcə ərəb olan Məhəmməd adlı şəxsi və onun tərcüməçisi Məmmədov Nail Şamil oğlunu Abşeron rayonu Məmmədli kəndində yerləşən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna aparıb. Müəyyən vaxtdan sonra müştəriləri geri qaytararkən saat 17:19:16-da Yusif Səfərov küçəsindən 28 May küçəsinə dönərək hərəkətini davam etdirib, saat 17:21:48-də isə avtomobili 28 May küçəsində yerləşən “İpad usta” adlı iaşə obyektinin qarşısında saxlayıb sərnişinləri düşürüb.
Bundan sonra Kənan Abdullayev cari ilin sentyabr ayından etibarən hər gün saat 17.30-da Nizami küçəsində fəaliyyət göstərən “Kinder Ville” hazırlıq kursundan götürdüyü qonşusu Əsədov Saməddin Fəxrəddin oğlunun övladını evə aparmaq üçün 28 May küçəsi ilə hərəkətini davam etdirərək 15-20 metr getdikdən sonra saat 17:22:35-də işıqforun yaşıl işığında Puşkin küçəsi istiqamətində sola dönərkən həmin küçədəki piyada keçidi ilə yolu keçən Oqtay Gülalıyevi ehtiyatsızlıqdan vurub. O, dərhal ətrafdakı şəxslərin köməkliyi ilə Oqtay Gülalıyevi avtomobilə mindirərək tibbi yardım göstərilməsi üçün Kliniki Tibbi Mərkəzə aparıb.
“Təhlükəsiz Şəhər” Xidmətinin müşahidə kameraları ilə qeydə alınmış müvafiq görüntüləri Daxili İşlər Nazirliyinin mətbuat xidməti hadisədən dərhal sonra ictimaiyyətə açıqlayıb. Bu təfərrüatlar həmçinin sürücü Kənan Abdullayevin, onun qonşusu Saməddin Əsədovun, eləcə də qəzadan qısa müddət əvvəl avtomobildən düşmüş sərnişin Nail Məmmədovun ifadələri ilə təsdiq olunur.
Sürücü Kənan Abdullayevin taksi fəaliyyəti ilə məşğul olması, onun hərəkət marşrutunun piyada Oqtay Gülalıyevin hərəkət istiqamətindən fərqlənməsi, zərərçəkmiş şəxsi əvvəlcədən tanımaması, hadisədən təxminən iki saat əvvəl peşəsi ilə bağlı olaraq şəhərin mərkəzindən müəyyən məsafədə uzaqlaşması və müştərilərinin tələbi ilə 28 May küçəsinə qayıtması, hadisənin baş verdiyi yerin və vaxtın sürücünün gündəlik taksi xidməti göstərdiyi hərəkət marşrutunun üzərində yerləşməklə eyni vaxta təsadüf etməsi, Kənan Abdullayevin qəzadan sonrakı hərəkətləri hadisənin ehtiyatsızlıqdan baş verməsini təsdiqləməklə Oqtay Gülalıyevin qəsdən vurulması ehtimalını tamamilə istisna edir.
Bununla bərabər ilkin sübutlarla sürücü Kənan Abdullayevin hərəkətlərində “Yol hərəkəti haqqında” qanunun 75.1-ci maddəsinin, yəni “Sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir” tələbinin pozuntusu müəyyən edilib.
Cinayət işinin istintaqı zamanı hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilib, sürücü sərxoşluq və narkoloji müayinələrə cəlb olunaraq hər hansı qanunazidd hal aşkar edilməyib. Kənan Abdullayevin avtomobili, nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiqləyən sürücülük vəsiqəsi və etibarnamə ilə idarə etdiyi müəyyənləşdirilib.
Bir daha bildirilir ki, baş vermiş yol-nəqliyyat hadisəsinin istintaqı ilə bağlı dövlət qurumlarının gördüyü işlərə bir qrup şəxsin kölgə salmaq, insanlarda yanlış fikir formalaşdırmaq və dövlətə inamsızlıq yaratmaq məqsədilə istintaqın qeyri-obyektiv aparılacağına dair əsassız məlumatlar yaymaqla cəmiyyəti çaşdırmaq və ajiotaj yaratmaq cəhdləri yolverilməzdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisəsi və məhkəmə-tibbi ekspertizaların rəyləri alındıqdan və digər zəruri hərəkətlər həyata keçirildikdən sonra Kənan Abdullayevin əməlinə hüquqi qiymət verilməsi təmin ediləcək”.
Oqtay Gülalıyevin vəziyyəti necədir?
Oqtay Gülalıyevin işi: maddədə nə deyilir?
Oqtay Gülalıyev reanimasiya şöbəsindədir
Oqtay Gülalıyevin vəziyyəti ilə bağlı açıqlamalar
Oqtay Gülalıyevin vəziyyəti: professor açıqlama verib
Heydər Əliyev Fondu Oqtayın müalicəsini öz üzərinə götürdü
Oqtay Gülalıyev İstanbula aparıldı