Noyabrın 13-də prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovu qəbul edib. AZƏRTAC xəbər verir ki, Cavid Qurbanov Bakı dairəvi dəmir yolu barədə danışıb: “Əvvəllər “elektriçka” adı ilə mövcud olmuş bu yol uzun illərdir ki, işləmirdi. Son 25 ildə sadəcə 5-10 elektrik qatarı var idi, onlar da 40 ildən çox idi işləyirdi və istismar müddəti çoxdan bitmişdi.
Sizin göstərişinizlə biz bu yolun yenidən tikintisinə başlamışıq. Yan yolları ilə birlikdə bu yolun ümumi uzunluğu 200 kilometrə yaxındır. Uzun illər ərzində yol yatağı sıradan çıxmışdı. Sizin göstərişinizlə bütün yol kəsişmələrini eyni səviyyəlilərdən müxtəlif səviyyəlilərə keçirdik, insanların rahatlığı üçün. Bunu bir növ Abşeron dairəvi dəmir yolu adlandırmaq olar. Çünki bu dəmir yolu Xırdalan şəhəri də daxil olmaqla bütün Abşeronu birləşdirir. Burada dəmir yolu üzrə işlərin 80 faizi, elektrik, rabitə və işarəvermə işlərinin isə 70 faizi yerinə yetirilib, 11 yeni, modern stansiya tikilib. Yol üzərində 18 piyada və 6 avtomobil keçidi inşa olunub. Bütün yol boyu çirkab və tullantı sularını yığışdırmışıq. Metal hasarın da təqribən 70 faizə qədərini yerinə yetirmişik.
Birinci hissə, Abşeron dairəsini – yəni Bakıdan çıxaraq Biləcəri, Xırdalan, Sumqayıt, oradan isə Novxanı, Fatmayi, Məhəmmədi, Zabrat-1, Zabrat-2, Zabrat-3, Sabunçu, Bakıxanov, “Koroğlu” və nəhayət, Bakını birləşdirən yol ilin axırınadək tamamlanır.
Bakı-Sumqayıt dəmir yolu ilə hər gün 12 min sərnişin daşınır. Hesab edirik ki, dairə tamamlananda təqribən 25-30 min sərnişin daşımaq imkanımız olacaq. Bu da yəqin ki, ən azı 300-500 avtobusun işini azaldacaq. Həm ekoloji cəhətdən təmizdir, həm çox yüksək səviyyəli və sürətli qatarlardır, içərisində bütün rahatlığı var, həm də vaxt təqribən iki-üç dəfə azalıb”.
Cavid Qurbanov Bakı-Gəncə dəmir yolunun necə işləməsinə də toxunub: “Hazırda hər gün bir qatar gedir, bir qatar gəlir. Dörd saata gedir. Amma bu bizi qane etmir. Yolumuzun infrastrukturu imkan verir ki, bu sürəti biz 140-a qaldıraq. Bu da o deməkdir ki, biz 3 saata Gəncə şəhərinə çata bilərik.
Sizin tapşırığınızdan sonra biz yenidən bu məsələ ilə məşğul olmuşuq. Bu gün Gəncə şəhərindən Ağstafa şəhərinə qədər olan yolda işləri tam bitirmişik. Orada 112-yə yaxın yol ötürücüsü var idi, onların da 67-sini artıq tamamlamışıq. Fikrimiz odur ki, Ağstafaya gediş-gəliş təqribən dörd saat yarıma olsun. Gəncəyə ən geci üç saat yarıma çatsın”.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Ləki-Qəbələ yolunun tikintisinin davam etdiyini vurğulayıb: “Bu yolun uzunluğu 46 kilometrdir. Torpaq işləri aparırıq, yolun 11 kilometrini artıq qoymuşuq. Süni qurğular 100 ədəddir. Bunun 100-nü də artıq yerləşdirmişik, körpülər, istinad dayaqları və sair. İş davam edir. Bizim hesablamalarımıza görə, gələn ilin ortalarına, təqribən avqust-sentyabr aylarına artıq istifadəyə hazır olacaq”.
Ələt-Astara yolu ilə bağlı işlərə toxunan Cavid Qurbanov deyib: “Yolun 17 kilometrlik hissəsi artıq tikilib. Həm körpü inşa olunub, həm də biz o tərəfdə böyük terminal tikmişik. Terminal bu gün işləyir. İlin axırınadək orada daha 7-8 yol tikəcəyik. Avtomobil yolları da tikiləndən sonra orada bir dənə avtomobil terminalı tikmək lazım gələcək. Yəqin ki, bizim oradakı ərazimizdə tikiləcək. Dəmir yolu ilə daşımalarda artım var, bu gün maraq çoxdur”.
Cavid Qurbanov əlavə edib ki, Biləcəri-Yalama istiqamətində yolun uzunluğu 348 kilometrdir: “Artıq büdcə müəyyənləşib. Biz o yolun tikintisinə yəqin ki, dekabr ayında, yaxud da yanvar ayında başlayacağıq. Artıq orada 5 yeni yarımstansiya tikilib, çox böyükdür. Elektrik, rabitə xətləri ilə bağlı işləri görmüşük, fiberoptik kabelləri də çəkirik. Tikinti işlərinə gələn il başlasaq, təqribən iki il davam edəcək”.