AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü, Qarabağ müharibəsi əlili Asif Yusiflinin qızı Esmira koma vəziyyətinə düşüb.
Novator.az bildirir ki, Asif Yusifli 2014-cü il noyabrın 25-dən həbsdədir. 2015-ci ilin iyulunda məhkəmə onu dələduzluqda və sənədlərin saxtalaşdırılmasında təqsirli bilərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib. 2016-cı il mayın 4-də Ali Məhkəmə cəzanı 6 ilə, 2017-ci il martın 2-də 5 ilə endirib.
Bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatı Asif Yusiflini siyasi məhbus sayır.
Azadliq.info-nun noyabrın 7-də yaydığı məlumata görə, Asif Yusiflinin 21 yaşlı qızı Esmira şəkərdən komaya düşüb, poliklinika onun paytaxtdakı 22 saylı Birləşmiş Şəhər Xəstəxanasına aparılmasına göndəriş versə də, həmin xəstəxana, o cümlədən təcili yardımla aparıldığı 5 saylı Şəhər Kliniki Xəstəxanası Esmiranı qəbul etməyib.
Qeyd olunur ki, xəstənin yaxınlarının Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasına giriş haqqını ödəməyə imkanı olmadığı üçün Esmira 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib, həmin tibb ocağı isə onun komadan çıxarılması üçün uyğun deyil.
Azadliq.info Esmiranın şəkər xəstəliyinə atası həbs olunan gün evlərinə polislərin basqını zamanı qorxduğu üçün tutulduğunu yazır.
AXCP sədri Əli Kərimli özünün “Facebook” səhifəsində Səhiyyə Nazirliyini Esmiranın müalicəsi üçün təcili tədbir görməyə çağırıb: “Heç kimin Qarabağ qazisinin gənc qızının həyatı ilə oynamağa haqqı yoxdur”.