Noyabrın 5-də Nəsimi Rayon Məhkəməsində “Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun (Əziz Qaraşoğlu) müraciətinə baxılıb.
Əziz Orucov 2017-ci il mayın 2-də tutulub. Əvvəlcə o, polisə müqavimətdə təqsirli bilinərək 30 sutka inzibati həbs cəzası alıb. İnzibati həbsin sona çatmasına az qalmış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ona cinayət işi başlanıb, haqqında həbs qətimkan tədbiri seçilib. Dekabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalisti dövlət qeydiyyatına alınmamış qrant vəsaitlərindən külli miqdarda qanunsuz gəlir əldə etməkdə təqsirli bilərək 6 il müddətinə azadlıqdan məhrum edib.
Bakı Apellyasiya Məhkəməsinin qüvvədə saxladığı bu hökmü Ali Məhkəmə 2018-ci il aprelin 5-də dəyişib. Əziz Orucovun cəzası 6 ildən 3 ilə endirilib, eyni zamanda onun cəzasının qalan hissəsi şərti həbslə əvəz olunub. Nəticədə Əziz Orucov azad edilib.
Nəsimi Rayon Məhkəməsinə müraciətində Əziz Orucov şərti cəzanın ləğv edilməsini və onun üzərindən məhkumluğun götürülməsini istəyib.
Məhkəmə jurnalistin iddiasını təmin etməyib. Hakim Şəlalə Həsənova belə nəticəyə gəlib ki, şərti cəzanın ləğvi üçün əsas yoxdur, çünki Əziz Orucov islah olunduğunu sübut edə bilməyib.
Əziz Orucov “Azadlıq” radiosuna bildirib ki, bu qərardan apellyasiya şikayəti verəcək. Onun sözlərinə görə, qərar qərəzli və ədalətsizdir, “Kanal 13”ün obyektiv fəaliyyətinə görə qisas almaq məqsədi güdür.
Şərti məhkumluğun yaratdığı çətinliklərdən danışarkən Əziz Orucov deyib ki, bu, onun ölkədən çıxışına imkan vermir, mütəmadi məhkəmə icraçılarıyla əlaqə saxlamaq məcburiyyətində qoyur.