Jurnalistin xanımı və anası dindirilib
- 10 Oktyabr 2017
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
Oktyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun işi üzrə proses başlanıb.
Əziz Orucov mayın 2-də polisə müqavimətdə təqsirli bilinərək 30 sutka inzibati həbs cəzası alıb. Sonra ona Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıqla külli miqdarda gəlir əldə etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb, haqqında həbs qətimkan tədbiri seçilib. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb.
İstintaq orqanı Əziz Orucovu dövlət qeydiyyatına alınmamış qrant vəsaitlərindən külli miqdarda qanunsuz gəlir əldə etməkdə təqsirli bilir.
Direktorun həbsindən az sonra “Kanal 13” fəaliyyətini dayandırıb.
Jurnalistin həyat yoldaşı Lamiyə Orucova Novator.az-a deyib ki, oktyabrın 10-da keçirilən prosesdə o və Əziz Orucovun anası Almaz Orucova şahid qismində dindiriliblər: “Məndən soruşdular ki, Əziz Orucov Qafqaz Media Tədqiqatlar Mərkəzinin rəhbəri olubmu. Bildirdim ki, Əzizi 2013-cü ildən tanıyıram, mərkəzə o deyil, qardaşı Anar Orucov rəhbərlik edib. Əziz sadəcə 2014-cü ildən “Kanal 13” internet televiziyasına direktorluq edib. Mən də həmin televiziyada çalşmışam. Soruşdular ki, gəlir mənbəyimiz haradan olub, işçilərə əməkhaqqı nəyin hesabına verilib. Bildirdim ki, kanalın əsas qazanc mənbəyi “Youtube” kanalından olub. Belə ki, verilişlərimiz “Youtube” kanalında yerləşdirilib və həmin verilişlərə baxış sayına uyğun olaraq oradan gəlir əldə etmişik.
Almaz xanıma isə əsasən istintaq dövründə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilərkən səhhətinin pisləşməsi, koma vəziyyətinə düşməsi, onu kimin, nəyə görə bu həddə çatdırması haqda suallar verildi”.
10 oktyabr prosesində vəkillər Əziz Orucovun ev dustaqlığına və ya girov qarşılığında azadlığa buraxılmasını istəyiblər. Vəsatətlər təmin edilməyib.
Lamiyə Orucova həyat yoldaşının səhhətinin, əhvalının stabil olduğunu bildirir.
Növbəti məhkəmə prosesi oktyabrın 17-si saat 11-ə təyin olunub.