Gəncə şəhərində “Milli azlıqların bədii yaradıcılıq antologiyası” kitabının təqdimatı keçirilib.
Oktyabrın 28-də Mərkəzləşdirilmiş Kitabxanada keçirilən tədbiri giriş sözü ilə Azərbaycan Yaradıcılıq Fondunun təşkilat şöbəsinin rəhbəri Fuad Cəfərov açıb. O, antologiya haqqında geniş məlumat verib. Ölkəmizdə həyata keçirilən multikulturalizm siyasətindən danışan Fuad Cəfərov bu siyasətin dünyada nümunəyə çevrildiyini, “Milli azlıqların bədii yaradıcılıq antologiyası”nın da bu siyasi xəttin, Azərbaycanda yaşayan azsaylı xalqların dostluq, qardaşlıq şəraitində yaşamasının bir nümunəsi olduğunu vurğulayıb.
Çıxışında Fuad Cəfərov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri Kamal Abdullayevin və mərkəzin icraçı direktoru Rəvan Həsənovun Azərbaycan multikulturalizminin dünyada təbliği yolunda gördükləri işlərdən, qazanılan uğurlardan bəhs edib.
Daha sonra Azərbaycan Yaradıcılıq Fondunun sədr müavini Rafiq Kaşanlı fondun bu günə qədər gördüyü işlərdən, multikulturalizm siyasətində tutduğu yerdən bəhs edib. Eyni zamanda ölkəmizdə yaşayan azsaylı xalqların tarixi, ədəbiyyatı, adət-ənənələri barədə iştirakçılara geniş məlumat verib.
Tədbirdə çıxış edən şair və yazıçılar antologiyanın çap olunmasının əhəmiyyətini, azsaylı xalqların dostluq və qardaşlıq şəraitində yaşamasına böyük töhfə olduğunu vurğulayıblar.
Sonda Fuad Cəfərov tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə Prezident Administrasiyasına, QHT-lərə Dövlət Dəstəyi Şurasına, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə, Gəncə Şəhər İcra Hakimiyyətinə təşəkkürünü bildirib.
“Milli azlıqların bədii yaradıcılıq antologiyası” Azərbaycan Yaradıcılıq Fondunun QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşdırdığı “Azərbaycanda yaşayan milli azlıqların söz yaradıcılıqları” layihəsi çərçivəsində çap olunub.
İndiyədək bir sıra rayon və şəhərlərdə antologiyanın təqdimatı keçirilib.