Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov özünün “Facebook” səhifəsində dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərindən yazıb. O qeyd edib ki, partiya bələdiyyə seçkilərinə ciddi hazırlaşıb, namizədlərini müəyyənləşdirib: “Hazırda namizədlərin irəli sürülməsi davam edir. Çalışmışıq ki, ən layiqli namizədlər irəli sürülsün. Əminəm ki, Yeni Azərbaycan Partiyasının namizədləri əhalinin dəstəyini qazana biləcək.
Seçkilər hər bir partiyadan ötrü sınaq anıdır. Bələdiyyə seçkiləri bu mənada istisna deyil. Partiyanın öz mütəşəkkilliyinə, resurslarını səfərbər etmək imkanlarına, əhalinin partiyanın proqramına və bütünlüklə fəaliyyətinə verdiyi qiymətə baxış keçirməsi mümkün olur. Həm də bələdiyyələr partiya üzvləri üçün yaxşı təcrübə məktəbidir. Xüsusilə partiyanın gənc üzvləri bələdiyyə seçkilərində iştirak etməklə kampaniya aparmaq təcrübəsi toplayır, bələdiyyələrə seçilənlər isə ictimai nüfuz və idarəçilik təcrübəsi qazanmış olurlar.
Seçkilər, o cümlədən yerli seçki sayılan bələdiyyə seçkiləri hər bir partiyanın fəaliyyətinin əsas hadisəsidir. Əslində partiya ölkənin ictimai-siyasi həyatında iştirak etmək istəyini yalnız seçkilər vasitəsilə reallaşdıra bilər. Seçkilər eyni zamanda bu və ya digər partiyanın ictimai dəstəyini, imkanlarını, habelə siyasi baxış və platformasını nümayiş etdirməsinin ən yaxşı və sınanmış formasıdır. Belə olduğu halda bəzi partiyaların bələdiyyə seçkilərinə biganəliyini, kampaniyada iştirak etmək istəməməsini başa düşmək mümkün deyil. Seçkidə iştirak etməyən partiyanın mövcudluğu öz mənasını itirir, o, marginallaşır və cəmiyyətin siyasi sistemində normal fəaliyyət göstərmək imkanlarından məhrum olur. Seçkilərdə iştirak etməkdən məqsədyönlü şəkildə imtina edən partiya istər-istəməz radikallaşır, hüquq müstəvisindən kənara çıxır və cəmiyyət üçün təhlükəli elementə çevrilir”.
1992-ci ildə Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasına 2005-ci ildən prezident İlham Əliyev sədrlik edir. Partiyanın 742 min nəfərdən çox üzvü var.
Novator.az bildirir ki, indiyəcən daha 9 partiya 23 dekabr seçkilərinə qatılaraq səlahiyyətli nümayəndələrini Mərkəzi Seçki Komissiyasında qeydə aldırıb: Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Demokratik Maarifçilik Partiyası, Sosial Demokrat Partiyası, Ümid Partiyası və Ana Vətən Partiyası.
Noyabrın 3-də Müsavat Məclisi partiyanın 23 dekabr seçkilərinə qatılmamasına qərar verib. Qərar “bələdiyyələrin səlahiyyətlərinin azlığı, cəmiyyətin bələdiyyə seçkilərinə marağının olmaması və seçkilərin saxtalaşdırılması” ilə əsaslandırılıb.
Namizədin qeydə alınması üçün seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi noyabrın 22-dək davam edəcək. Seçkiqabağı təşviqat noyabrın 30-dan dekabrın 22-dək çəkəcək.
Əhalisi 500-dən az olan ərazilərdə 5 bələdiyyə üzvü; 999-dək olan ərazilərdə 7 bələdiyyə üzvü; 4999-dək olan ərazilərdə 9 bələdiyyə üzvü; 9999-dək olan ərazilərdə 11 bələdiyyə üzvü; 19999-dək olan ərazilərdə 13 bələdiyyə üzvü; 49999-dək olan ərazilərdə 15 bələdiyyə üzvü; 99999-dək olan ərazilərdə 17 bələdiyyə üzvü; 299999-dək olan ərazilərdə 19 bələdiyyə üzvü olur.
Bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş vətəndaş əhalisi 99999-dan çox olan ərazidə 150 seçici imzası; 49999-dan çox olan ərazidə 100 seçici imzası; 19999-dan çox olan ərazidə 75 seçici imzası; 9999-dan çox olan ərazidə 50 seçici imzası; 4999-dan çox olan ərazidə 30 seçici imzası; 4999-dan az olan ərazidə 15 seçici imzası toplamalıdır.
Seçkilərdə iştirak edən və seçicilərin ən çox səsini toplayan namizədlər bələdiyyə üzvlərinin sayına bərabər olaraq müvafiq bələdiyyəyə üzv seçilmiş hesab edilirlər.