Demokratik Qüvvələrin Milli Şurası Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək noyabrın 2-si paytaxtda mitinq keçirmək istədiyini bildirib. Aksiya üçün iki yerdən biri istənib: metronun “28 May” stansiyasının əsas girişinin qarşısındakı meydan və Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionu.
Bakı Şəhər İcra Hakimiyyəti mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb. Bununla razılaşmayan Milli Şura aksiyanı “28 May” metro stansiyasının ətrafına təyin edib.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq xəbərdarlıq yayaraq qeyd edib ki, sanksiyasız toplantı təşkil ediləcəyi təqdirdə qanunvericiliyin pozulmasına görə “Siyasi partiyalar haqqında” qanunun 4-cü, 12-ci və 16-cı maddələrinə uyğun tədbirlərin görülməsi, hüquqazidd əməllər törətmiş şəxslərin Cinayət Məcəlləsinin 233-cü və 315-ci maddələri ilə məsuliyyətə cəlb olunması təmin ediləcək.
Partiyalar qanunundan
Novator.az bildirir ki, “Siyasi partiyalar haqqında” qanunun 4-cü maddəsi siyasi partiyaların yaradılması şərtlərini müəyyən edir. Maddəyə əsasən, məqsədi və ya fəaliyyəti Azərbaycan Respublikasının konstitusiya quruluşunu və dünyəvi xarakterini zorakılıqla dəyişdirməyə, ərazi bütövlüyünü pozmağa, müharibəni, zorakılığı və qəddarlığı təbliğ etməyə, irqi, milli və dini ədavəti qızışdırmağa yönəlmiş siyasi partiyaların yaradılmasına və fəaliyyətinə yol verilmir.
Siyasi partiyanın hüquqlarını tənzimləyən 12-ci maddədə qeyd olunur ki, mitinq, nümayiş, yürüş, piket və yığıncaq “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna uyğun keçirilməlidir.
16-cı maddə siyasi partiyanın ləğv edilməsi və ya fəaliyyətinin dayandırılmasını nəzərdə tutur. Siyasi partiyanın ləğvi barədə məhkəmə qərarı Ədliyyə Nazirliyinin ərizəsi əsasında qəbul edilir. Ləğv edilmiş siyasi partiyanın adından çıxış etmək və ya fəaliyyət göstərmək, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində və ya işində iştirak etmək qadağandır.
Cinayət Məcəlləsindən
Cinayət Məcəlləsinin 233-cü maddəsinə görə, ictimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətləri bir qrup şəxsin törətməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
315-ci maddəyə əsasən, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməyə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə cəzası düşür.
Arayış
2013-cü ildə yaradılmış Milli Şuraya tarix elmləri doktoru Cəmil Həsənli sədrlik edir. Qurumun fəaliyyətinə rəhbərlik edən Koordinasiya Mərkəzində AXCP sədri Əli Kərimli də yer alır.
1989-cu ildə yaradılmış Azərbaycan Xalq Cəbhəsi 1995-ci ildə partiyaya çevrilib. 2000 və 2002-ci illərdə AXCP-də iki parçalanma olub, qurumun adına iddia eləyən təşkilatlar (indiki Klassik Xalq Cəbhəsi və Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyaları) meydana çıxıb. 2003-cü il yanvarın 13-də Ədliyyə Nazirliyi indiki BAXCP-ni AXCP kimi tanıyıb. Ancaq 9 gün sonra prezident Heydər Əliyev nazirliyin qərarını ləğv edib.
2015-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası ətrafında yeni hüquq davası başlayıb. Sentyabrın 27-si Bakıda AXCP-nin VI (IX) qurultayı keçirilib. 2000-ci ildən partiyaya rəhbərlik edən Əli Kərimli yenidən AXCP sədri seçilib. Ancaq Ədliyyə Nazirliyi 27 sentyabr qurultayının nəticələrini tanımayıb. Nazirliyə AXCP adına iddia edən qrupun müraciəti də daxil olub. Həmin qrup 2015-ci il oktyabrın 18-si Bakıda etimad qurultayı keçirib Razi Nurullayevi AXCP sədri seçdiyini iddia edib.