Bakı Apellyasiya Məhkəməsi AXCP sədrinin müavini Seymur Həzi ilə bağlı yeni qərar qəbul edib.
Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 19-u Bakıda keçirdiyi sanksiyasız aksiyadan iki gün qabaq Bakıda tutulan Seymur Həzi 15 sutka inzibati həbs cəzası alıb. Xətai Rayon Məhkəməsi onu xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilib.
Oktyabrın 28-də Bakı Apellyasiya Seymur Həzinin şikayətini təmin etməyib, Xətai Rayon Məhkəməsinin qərarı qüvvədə qalıb.
Oktyabrın 29-da isə Seymur Həzinin həbs cəzası 30 günə qaldırılıb. Qərarı Bakı Apellyasiya Məhkəməsi Xətai Rayon Polis İdarəsi rəisinin şikayəti əsasında çıxarıb. Azadliq.org-un məlumatına görə, şikayətdə yazılıb ki, Xətai Rayon Məhkəməsinin Seymur Həziyə təyin etdiyi cəza yüngüldür.
Seymur Həzi məhkəmə prosesində deyib ki, 15 günlük cəza noyabrın 1-də başa çatacaqdı və cəza müddətinin artırılmasında məqsəd onu Milli Şuranın noyabrın 2-nə təyin etdiyi mitinqdən də kənarda saxlamaqdır.
Oktyabrın 29-da Bakı Apellyasiya Məhkəməsi AXCP üzvü Nicat Nizamovun da 15 günlük inzibati cəzasını 30 günə qaldırıb. Qərar Suraxanı Rayon Polis İdarəsi rəisinin şikayəti əsasında verilib. Polis rəisi şikayətində yazıb ki, Suraxanı Rayon Məhkəməsinin oktyabrın 15-də Namiq Nizamova təyin etdiyi 15 günlük inzibati həbs cəzası yüngül cəzadır və sərtləşdirilməlidir.
Polisin qanuni tələbinə tabe olmamaqda təqsirli bilinən Namiq Nizamovun 15 günlük cəzası oktyabrın 30-da başa çatmalı idi.
Milli Şura noyabrın 2-si saat 15-ə təyin olunmuş aksiya üçün Bakı Şəhər İcra Hakimiyyətindən iki yerdən birini istəyib: metronun “28 May” stansiyasının əsas girişinin qarşısındakı meydan və Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionu.
AXCP sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli bəyan edib ki, hakimiyyət mitinqə razılıq verməsə və ya şəhərdən kənar yerləri ünvan göstərsə, aksiya Bakının mərkəzində keçiriləcək.
2013-cü ildən Bakıda mitinqlər üçün Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionu ayrılıb. Milli Şuranın 19 yanvar 2019-cu il mitinqindən sonra Bakı Şəhər İcra Hakimiyyəti heç bir təşkilata orada, eləcə də paytaxtın başqa məkanlarında aksiya keçirmək icazəsi verməyib.
Sentyabrın 10-da Yasamal Rayon İcra Hakimiyyəti İdman-Sağlamlıq Kompleksində əsaslı təmir işlərinə başlandığını bəyan edib.
Milli Şura sentyabrın 28-nə təyin etdiyi mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətindən üç ünvan istəyib: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park.
Paytaxt rəhbərliyi bu ərazilərin nəqliyyatın sıx hərəkət etdiyi məkanlar olduğunu əsas gətirərək Milli Şuraya mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb. Bu təklifdən imtina edən Milli Şura oktyabrın 8-i Bakının mərkəzində sərbəst toplaşmaq azadlığının təmin olunması tələbi ilə piket və yürüş keçirib.
Bakı Şəhər İcra Hakimiyyətinə 19 oktyabr mitinqi ilə bağlı müraciətində də Milli Şura “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park variantlarında israr edib.
Yenə Lökbatan ünvan göstəriləndə Milli Şura mitinqi “28 May” metro stansiyasının əsas girişinin qarşısındakı meydanda keçirməyə qərar verib.
Oktyabrın 19-da polis “28 May” stansiyası qarşısında toplaşmağa imkan vermədiyi üçün aksiyaçılar həmin əraziyə yaxın yerlərdə – Heydər Əliyev parkında və Bakı Musiqi Akademiyasının qarşısında toplanıb müxtəlif şüarlar səsləndiriblər.
Aksiya günü tutulan 12 nəfərə inzibati həbs cəzaları verilib.
2013-cü ildə yaradılmış Milli Şuraya tarix elmləri doktoru Cəmil Həsənli sədrlik edir.