Prezident İlham Əliyev hökumətdə kadr və struktur yenilikləri aparır. 8-23 oktyabr arasında Novruz Məmmədovu baş nazir vəzifəsində Əli Əsədov əvəzləyib; Əli Həsənov və Hacıbala Abutalıbov baş nazirin müavini, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri postlarından çıxarılıblar; Şahin Mustafayev iqtisadiyyat nazir kürsüsündən baş nazirin müavini postuna, Mikayıl Cabbarov vergilər naziri vəzifəsindən iqtisadiyyat naziri postuna keçib; həmçinin Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq xidmətlər statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.
Müxalif siyasətçilər bu yenilikləri necə qarşılayır? Novator.az “Facebook” şəbəkəsində buna nəzər salıb.
Müsavat Məclisinin üzvü İsa Qəmbər yazır ki, yaşlı və cavan Ramiz Mehdiyevlərin vəzifəyə gəlməsi və getməsi heç nəyi dəyişməyəcək: “Müsbət dəyişikliklərin baş verməsi, Azərbaycanımızın problemlərinin həlli xalqdan, cəmiyyətdən, bizim hər birimizdən asılıdır”.
AXCP sədri, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli Ramiz Mehdiyevin işdən çıxarılmasının çoxdan gözləndiyini vurğulayır: “Ancaq niyə məhz indi yola salındı? Yadınızdadır, 19 yanvar mitinqindən sonra da İlham Əliyev islahat imitasiyası etmişdi. 19 oktyabr mitinqindən (Bakıda keçirilən hər iki aksiyanı Milli Şura təşkil edib – red.) sonra da İlham Əliyevin islahat imitasiyasına ciddi ehtiyacı yaranıb. Son mitinq və onun nəticələrinə münasibət göstərdi ki, xalq çox narazıdır. Dərhal və köklü dəyişiklik istəyir. Artıq repressiya ilə qorxu yaratmaq da bir işə yaramır.
İlham Əliyevin islahat vədlərinə də artıq inanan yoxdur. Məhz belə bir məqamda Ramiz Mehdiyev və baş nazirin iki qocaman müavini yola salındı ki, həddindən artıq optimist adamlarda islahat gözləntisi yaradılsın. İlham Əliyev ölkə başçısı ikən ölkədə heç bir ciddi islahat olmayacaq. Ailə hakimiyyəti bir az da güclənəcək.
Son dəyişiklik müxalifətin də maraqlarına uyğundur. Ramiz Mehdiyevi yola saldıqdan sonra İlham Əliyevin manevr imkanları daha da azalacaq. İndiyə qədər Əliyevin adamları əksər problemləri “mühafizəkar” qüvvələrin müqaviməti ilə izah edirdilər. İndi artıq belə bəhanə olmayacaq. İlham Əliyev bundan sonra da əvvəlki siyasəti davam etdirəcəksə (buna şübhəm yoxdur), ölkədəki uğursuz və nəticəsiz siyasətə görə bütün məsuliyyəti də şəxsən özü daşıyacaq. Ölkədə köklü dəyişikliklərin labüdlüyü fikri isə daha da möhkəmlənəcək”.
Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov qeyd edir ki, İlham Əliyevin oktyabr tədbirləri ali hakimiyyətin yenə də bir ailə üzvündən digərinə ötürülməsi üçün şərait yaratmaqdan ötrüdür: “Belə niyyət biz cümhuriyyətçilərin istəklərini qarşılaya bilməz. Zamanın təbii axarı nəticəsində məmur nəsillərinin bir-birini əvəzləməsi ali qanunverici hakimiyyəti xalqa qaytarmır. Bu tədbirlər Azərbaycan vətəndaşlarını nə daha zəngin edir, nə də daha azad. Bu baxımdan qarşıdakı parlament seçkisinin (2020-ci ilin payızında keçiriləcək – red.) dürüst keçirilməsi islahat kimi qəbul edilə biləcək yeganə də olmasa, ən vacib siyasi addımdır”.
Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu prezidentə təkliflər verir. O yazır ki, 2020-ci ildən icbari tibbi sığortanın tətbiqini nəzərə alaraq Səhiyyə Nazirliyi ləğv edilə, ya da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilə bilər: “Həmçinin Silahlı Qüvvələrin texniki təchizatını bir mərkəzdən idarə etmək üçün Müdafiə Sənayesi Nazirliyi Müdafiə Nazirliyinə birləşdirilməlidir”.
Qubad İbadoğlu Fövqəladə Hallar Nazirliyinin ləğv edilərək onun bazasında dövlət komitəsi yaradılmasını; qeyri-neft sektoru ilə neft-qaz sektoru arasında balansı təmin etmək üçün Energetika Nazirliyinin İqtisadiyyat Nazirliyinə birləşdirilməsini; Nazirlər Kabinetinin ləğv edilərək onun bazasında prezident dəftərxanasının yaradılmasını istəyir.
Əli Əsədov baş nazir təyin olundu
Baş nazirin iki müavini postdan getdi
Şahin Mustafayev baş nazirin müavini oldu
Milli Elmlər Akademiyasının prezidenti istefa verdi
Mikayıl Cabbarov iqtisadiyyat naziri təyin olundu
Bir nazirlik, komitə və agentlik İqtisadiyyat Nazirliyinə birləşdi
Ramiz Mehdiyev Milli Elmlər Akademiyasının prezidenti oldu