Milli Məclis vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə qaydası barədə qanuna səs verib.
Novator.az bildirir ki, imza üçün prezidentə göndəriləcək layihəyə əsasən, vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi sənəddə bu məsələlər nəzərdə tutula bilməz: dövlət büdcəsi, dövlət rüsumu, vergilər və gömrük işi; əmək haqqının məbləği və onun ödənilməsi qaydası; cinayət və ya inzibati xətalar; ailə münasibətləri; ərazi quruluşu və inzibati ərazi bölgüsü; dövlətlərarası və Azərbaycan qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiqi və ləğvi.
Vətəndaşların konstitusiya qanunu layihəsi təqdim etmək haqqı yoxdur.
Layihəni Milli Məclisin müzakirəsinə təqdim etmək üçün seçki hüquqlu azı 300 nəfər təşəbbüs qrupu yaratmalıdır. Bir təşəbbüs qrupu öz fəaliyyəti dövründə yalnız bir layihə təqdim edə bilər.
Təşəbbüs qrupu yaradıldığı gündən bir ay ərzində təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınması üçün ərizə ilə Mərkəzi Seçki Komissiyasına müraciət etməlidir.
Qrupun və təklif olunan layihənin qeydiyyata alınması, yaxud bundan imtina edilməsi barədə qərar sənədlər Mərkəzi Seçki Komissiyasına daxil olduğu gündən iki ay ərzində qəbul edilməlidir.
Təşəbbüs qrupunun üzvləri seçki hüququ olan ən azı 40 min vətəndaşın imzalarını toplamalıdırlar. İmzaların toplanması ən azı 60 seçki dairəsinin ərazisini əhatə etməli və hər seçki dairəsinin ərazisindən ən azı 500 imza toplanmalıdır.
Təşəbbüs qrupunun qanunun tələblərinə riayət etməsi barədə Mərkəzi Seçki Komissiyasının qərarı qəbul edildiyi gündən bir ay ərzində layihə və sənədlər Milli Məclisə təqdim olunmalıdır.
Layihə təqdim olunmuş şəkildə iki ay ərzində Milli Məclisin müzakirəsinə çıxarılmalı və səsə qoyulmalıdır.
Azərbaycan Konstitusiyasının 96-cı maddəsinə görə, Milli Məclisdə qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri parlamentin müzakirəsinə təqdim etmək hüququ) deputatlara, prezidentə, Ali Məhkəməyə, seçki hüququ olan 40 min vətəndaşa, Respublika Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur.