Demokratik Qüvvələrin Milli Şurasının 19 oktyabr aksiyasında tutulan AXCP sədri Əli Kərimli təzyiqə məruz qaldığını bildirib.
Bakı Şəhər İcra Hakimiyyətinə 19 oktyabr mitinqi ilə bağlı müraciətində Milli Şura aksiyaya üç yerdən birinin ayrılmasını istəyib: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park.
Meriya mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb. Bununla razılaşmayan Milli Şura mitinqi “28 May” metro stansiyasının əsas girişinin qarşısındakı meydanda keçirməyə qərar verib.
Polis oktyabrın 19-u saat 15-ə təyin olunmuş mitinqə imkan verməyib, xeyli aksiyaçını saxlayıb.
AXCP sədri Əli Kərimli də tutulub və gecə azadlığa çıxandan sonra bəyan edib ki, kobudluqla saxlanıb avtobusa salınan kimi onu döşəməyə yıxıb qoluna qandal vurublar və döyərək işgəncəyə məruz qoyublar. Əli Kərimli kameraya çəkilən döymə əməliyyatında altı-yeddi nəfər polisin iştirak etdiyini vurğulayıb. AXCP sədrinin sözlərinə görə, işgəncə verən şəxslər ondan siyasi mübarizədən əl çəkməyi tələb ediblər.
Əli Kərimli deyib ki, Xətai Rayon Polis İdarəsinə aparılaraq orada da bir müddət döyülüb, ancaq idarə əməkdaşlarına təhvil veriləndən sonra işgəncələr bitib.
Vəziyyəti ağır olduğundan Əli Kərimlini müayinə üçün Daxili İşlər Nazirliyinin Mərkəzi Hospitalına aparıblar. AXCP sədrinin alın nahiyəsinə tikiş qoyulub.
Hospitaldan Əli Kərimlini Bakının Süleyman Rəhimov küçəsindəki evinin 300-400 metrliyinə gətirərək sərbəst buraxıblar.
Oktyabrın 21-də Baş Prokurorluğun mətbuat xidməti açıqlama yayaraq bildirib ki, aksiya zamanı Əli Kərimli yaşadığı evdən çıxaraq mitinqin təyin olunduğu əraziyə doğru irəliləyib açıq çağırışlar edib: “Polis əməkdaşları onu xidməti avtobusa mindiriblər. Həmin vaxt Əli Kərimli polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqda ifadə olunan hərəkətlərə yol verərək onların ünvanına nalayiq söyüşlər işlədib, iki polis əməkdaşına müqavimət göstərərək onlara xəsarətlər yetirib, polis əməkdaşlarını itələyərək avtobusdan enməyə və provokasiyaya cəhd edərək başını avtobusun dəmir barmaqlıqlı qapısına bir neçə dəfə vurub, nəticədə alın nahiyəsindən xəsarət alıb”.
Qeyd olunur ki, Xətai Rayon Polis İdarəsinə aparılan Əli Kərimliyə ilkin tibbi yardım göstərilib, məhkəmə-tibb eksperti onu müayinə edib və xəsarətin başını avtobusun dəmir barmaqlıqlı qapısına vurmasının nəticəsi olduğuna dair rəy verilib, daha sonra Əli Kərimli Daxili İşlər Nazirliyinin hospitalında müayinədən keçirilib və nəticədə heç bir patoloji hal aşkar edilməyib: “Məhkəmə-tibb eksperti Əli Kərimlinin müqavimət göstərdiyi polis əməkdaşlarını müayinə edib və onların bədəni üzərində göstərilən şəraitdə yetirilməyə xarakterik xəsarətlər müəyyən edilib”.
Aksiya ərəfəsi: metronun üç stansiyası bağlanıb
Aksiyaçılar “28 May” həndəvərində
Paytaxt polisinin aksiya açıqlaması
Əli Kərimlidən nə tələb olunub?
Tofiq Yaqublu işgəncəyə məruz qaldığını deyib
Aksiya: inzibati həbs cəzası alanların siyahısı
Əli Kərimli 1965-ci ildə anadan olub. 1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Milli azadlıq hərəkatının öncül şəxslərindən olan Əli Kərimli Xalq Cəbhəsinin hakimiyyəti zamanı əvvəl Prezident Aparatında ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri, sonra dövlət katibi postlarını tutub.
1993-cü ildən AXC sədrinin siyasi məsələlər üzrə müavini, daha sonra AXCP sədrinin birinci müavini olub. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 2000-ci ildən AXCP-yə rəhbərlik edir.
2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvüdür.