Demokratik Qüvvələrin Milli Şurasının 19 oktyabr aksiyasında tutulan AXCP sədri Əli Kərimli həmin gün gecə buraxılıb.
2013-cü ildə yaradılmış Milli Şuraya tarix elmləri doktoru Cəmil Həsənli sədrlik edir. Qurumun fəaliyyətinə rəhbərlik edən Koordinasiya Mərkəzində AXCP sədri Əli Kərimli, onun müavinləri Vahid Məhərrəmli, Gözəl Bayramlı, Müsavat Partiyasından Tofiq Yaqublu, Vətəndaş Həmrəyliyi Partiyasından Rafiq Manaflı, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatından Rövşən Əhmədli, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli, hüquqşünaslar Namizəd Səfərov, Vidadi Mirkamal, hüquq müdafiəçisi Oqtay Gülalıyev, ssenarist və kinodramaturq Eldəniz Quliyev və başqaları yer alır.
Bakı Şəhər İcra Hakimiyyətinə 19 oktyabr mitinqi ilə bağlı müraciətində Milli Şura aksiyaya üç yerdən birinin ayrılmasını istəyib: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park.
Meriya mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb. Bununla razılaşmayan Milli Şura mitinqi “28 May” metro stansiyasının əsas girişinin qarşısındakı meydanda keçirməyə qərar verib.
Oktyabrın 19-u saat 15-ə təyin olunmuş mitinq ərəfəsində metronun “28 May”, “Cəfər Cabbarlı” və “Xətai” stansiyaları fəaliyyətini dayandırıb. “28 May” Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan 14 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib, polis nəzarətinə alınan ərazidəki köşklər, mağazalar, ticarət mərkəzləri, ictimai iaşə obyektləri qapadılıb, avtomobillər yığışdırılıb.
“28 May” stansiyası qarşısında toplaşmağa imkan verilmədiyi üçün aksiyaçılar həmin əraziyə yaxın yerlərdə – Heydər Əliyev parkında və Bakı Musiqi Akademiyasının qarşısında toplanıb müxtəlif şüarlar səsləndiriblər.
Bakı Şəhər Baş Polis İdarəsinin rəsmi məlumatına görə, 60 nəfər saxlanıb.
AXCP sədri Əli Kərimli də tutulub. Saat 15 radələrində saxlanandan sonra haqqında heç bir xəbər olmayan Əli Kərimli gecə azadlığa çıxandan sonra internetlə yayılan “Osmanqızı TV”yə başına gələnləri danışıb. AXCP sədri deyib ki, kobudluqla saxlanıb avtobusa salınan kimi onu döşəməyə yıxıb qoluna qandal vurublar və döyərək işgəncəyə məruz qoyublar. Əli Kərimli kameraya çəkilən döymə əməliyyatında altı-yeddi nəfər polisin iştirak etdiyini vurğulayıb. AXCP sədrinin sözlərinə görə, işgəncə verən şəxslər ondan siyasi mübarizədən əl çəkməyi tələb ediblər.
Əli Kərimli deyib ki, Xətai Rayon Polis İdarəsinə aparılaraq orada da bir müddət döyülüb, ancaq idarə əməkdaşlarına təhvil veriləndən sonra işgəncələr bitib.
Vəziyyəti ağır olduğundan Əli Kərimlini müayinə üçün Daxili İşlər Nazirliyinin Mərkəzi Hospitalına aparıblar. AXCP sədrinin alın nahiyəsinə tikiş qoyulub.
Hospitaldan Əli Kərimlini Bakının Süleyman Rəhimov küçəsindəki evinin 300-400 metrliyinə gətirərək sərbəst buraxıblar.
Əli Kərimli 1965-ci ildə anadan olub. 1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Milli azadlıq hərəkatının öncül şəxslərindən olan Əli Kərimli Xalq Cəbhəsinin hakimiyyəti zamanı əvvəl Prezident Aparatında ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri, sonra dövlət katibi postlarını tutub.
1993-cü ildən AXC sədrinin siyasi məsələlər üzrə müavini, daha sonra AXCP sədrinin birinci müavini olub. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 2000-ci ildən AXCP-yə rəhbərlik edir.
Milli Şuranın məlumatına görə, 19 oktyabr aksiyası ərəfəsində AXCP-nin 10 funksionerinə inzibati həbs cəzası verilib. Onların arasında bu ilin avqust ayında 5 illik həbsdən çıxmış jurnalist Seymur Həzi də var. Seymur Həzi 15 sutka həbs cəzası alıb.
Oktyabrın 15-dən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanan AXCP üzvü Paşa Umudova satış məqsədi ilə qanunsuz olaraq narkotik saxlama ittihamı irəli sürülüb, Nərimanov Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.
Müsavatın mətbuat xidməti bildirir ki, 19 oktyabr aksiyasından öncə Kürdəmirdə tutulan partiya üzvü Baha Mikayılov 15 sutka, Biləsuvarda tutulan partiya fəalı Qoşqar Nuralıyev 10 sutka inzibati həbs cəzası alıblar.
Aksiya günü tutulanlara gəlincə, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun 30 sutka həbs cəzası aldığı dəqiqləşib.