Demokratik Qüvvələrin Milli Şurası oktyabrın 19-da Bakı metrosunun “28 May” stansiyasının əsas girişinin qarşısındakı meydanda mitinq keçirmək istəyir. Paytaxtın icra hakimiyyəti saat 15-ə təyin olunan aksiyaya razılıq verməyib.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin məlumatında qeyd olunur ki, strateji əhəmiyyətli və kütləvi nəqliyyat infrastrukturunun fəaliyyətinin iflic olmaması, eləcə də bu nəqliyyat vasitələrindən istifadə edən vətəndaşların hüquqlarının qorunması məqsədilə metronun “28 May”, “Cəfər Cabbarlı” və “Xətai” stansiyaları saat 13-dən fəaliyyətini müvəqqəti dayandırır. Açıqlamaya görə, metropolitenin mühafizə zonalarında aksiya keçirilməsinə çağırışlar edən şəxslər və təşkilatçılar haqqında hüquq mühafizə orqanlarına müraciət olunacaq.
“Turan”ın məlumatına görə, metronun “28 May” stansiyası və dəmiryolu vağzalı oktyabrın 19-u səhərdən polis nəzarətinə alınıb. Ərazidəki köşklər, mağazalar, ticarət mərkəzləri, ictimai iaşə obyektləri qapadılıb, avtomobillər yığışdırılıb.
Bakı Şəhər İcra Hakimiyyətinə 19 oktyabr mitinqi ilə bağlı müraciətində Milli Şura aksiyaya üç yerdən birinin ayrılmasını istəyib: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park.
Meriya mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb. Bununla razılaşmayan Milli Şura mitinqi “28 May” metro stansiyasının qarşısındakı meydanda keçirməyə qərar verib.
Milli Şura sentyabrın 28-də də 19 oktyabr aksiyası üçün seçdiyi yerlərdən birində mitinq keçirməyi planlaşdırmışdı. Paytaxt rəhbərliyi onda da Milli Şuraya mitinqi Lökbatan qəsəbəsindəki stadionda keçirməyi məsləhət görmüşdü. Bu təklifdən imtina edən Milli Şura oktyabrın 8-i Bakının mərkəzində sərbəst toplaşmaq azadlığının təmin olunması tələbi ilə piket və yürüş keçirmişdi.
2013-cü ildən Bakıda mitinqlərə Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionu (metronun “İnşaatçılar” stansiyasının yaxınlığı) ayrılıb. Orada sonuncu mitinqi 2019-cu il yanvarın 19-da Milli Şura keçirib. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda aksiya keçirməyə icazə verməyib, sentyabr ayında isə Yasamaldakı İdman-Sağlamlıq Kompleksində təmirə başlandığı bəyan olunub.
2013-cü ildə yaradılmış Milli Şuraya tarix elmləri doktoru Cəmil Həsənli sədrlik edir. Milli Şuranın fəaliyyətinə rəhbərlik edən Koordinasiya Mərkəzində AXCP sədri Əli Kərimli də yer alır.