Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli tutulub. Onu oktyabrın 19-u saat 15 radələrində Bakının Süleyman Rəhimov küçəsindəki evindən çıxandan az sonra polis əməkdaşları saxlayıblar.
Bundan az əvvəl özünün “Facebook” səhifəsində açıqlama yayan Əli Kərimli evinin qarşısında 20 nəfərə qədər mülki geyimli şəxsin dayandığını yazıb və qeyd edib ki, çox güman, onun mitinqə getməyini əngəlləməyə çalışacaqlar.
Məlumatlara görə, Əli Kərimli mitinqə getmək üçün evdən çıxıb və Bakı metrosunun “28 May” stansiyasına doğru irəliləyib. Az sonra AXCP sədri və onu müşayiət edənlər saxlanıb.
Demokratik Qüvvələrin Milli Şurası oktyabrın 19-da Bakı metrosunun “28 May” stansiyasının əsas girişinin qarşısındakı meydanda mitinq keçirmək istəyir. Paytaxtın icra hakimiyyəti saat 15-ə təyin olunan aksiyaya razılıq verməyib.
Metronun “28 May”, “Cəfər Cabbarlı” və “Xətai” stansiyaları saat 13-dən fəaliyyətini müvəqqəti dayandırıb.
Bakı Nəqliyyat Agentliyi “28 May” Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan 14 marşrut xətti üzrə avtobusların hərəkət sxemini müvəqqəti dəyişdirib.
“28 May” stansiyası və dəmiryolu vağzalı polis nəzarətinə alınıb. Ərazidəki köşklər, mağazalar, ticarət mərkəzləri, ictimai iaşə obyektləri qapadılıb, avtomobillər yığışdırılıb.
Bakı Şəhər Baş Polis İdarəsi, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq əvvəlcədən bəyan ediblər ki, şəhərin mərkəzində aksiyaya imkan verilməyəcək. Aksiya ərəfəsində bir çox müxalif fəal tutulub.
Əli Kərimlinin evi metronun “28 May” stansiyasının yaxınlığında yerləşir.
Bakı Şəhər İcra Hakimiyyətinə 19 oktyabr mitinqi ilə bağlı müraciətində Milli Şura aksiyaya üç yerdən birinin ayrılmasını istəyib: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park.
Meriya mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb. Bununla razılaşmayan Milli Şura mitinqi “28 May” metro stansiyasının qarşısındakı meydanda keçirməyə qərar verib.