AXCP funksioneri Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Qəhrəmanlı (yazıçı-publisist Zümrüd Yağmur) baş prokuror Zakir Qaralova müraciət edib. Yazılı müraciəti Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlı da imzalayıb.
Novator.az-ın məlumatına görə, özünün “Facebook” səhifəsində yerləşdirdiyi müraciətində Zümrüd Yağmur yazır ki, Fuad Qəhrəmanlı ilə 21 yanvar 2000-ci ildə nikaha girib, bu nikahdan Selcan (2001-ci il təvəllüdlü) və Sənay (2004-cü il təvəllüdlü) adlı qızları var: “Ailə münasibətlərinin pozulması səbəbindən 1 avqust 2019-cu ildə boşanma ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişəm. Məhkəmə prosesi davam edir.
16 oktyabr 2019-cu ildə mediadan xəbər tutdum ki, Baş Prokurorluq Fuad Qəhrəmanlıya cinayət işi başlayıb və istintaq hərəkətlərinin aparılmasını Abşeron Rayon Prokurorluğuna tapşırıb.
Bildirirəm ki, mənim və qızlarımın Fuad Qəhrəmanlıdan heç bir şikayət və tələbimiz yoxdur, gələcəkdə də olmayacaq. Xahiş edirəm cinayət işinə xitam verilməsi barədə qərar qəbul edəsiniz”.
Fuad Qəhrəmanlının Niderlandda ali təhsil alan qızı Selcan sentyabrın 19-u “Facebook” səhifəsində yaydığı açıqlamasında atasının çoxdandır ailədə qəddar davrandığını, anasına, ona və bacısı Sənaya fiziki təzyiq göstərdiyini bildirib. Daha sonra Fuad Qəhrəmanlının həyat yoldaşının boşanmaq üçün məhkəməyə üz tutduğu xəbəri yayılıb.
Sentyabrın 20-də Fuad Qəhrəmanlı AXCP sədrinin müavini postundan istefa verib. Həmin gün o bəyan edib ki, qızı Selcanın sosial şəbəkədə yaydığı açıqlamasından bəziləri AXCP-yə hücum məqsədilə yararlanır.
Baş Prokurorluğun oktyabrın 16-da yaydığı açıqlamaya görə, Fuad Qəhrəmanlının yetkinlik yaşına çatmayan qızları Sənay və Selcana, eləcə də yoldaşı Zümrüd Qəhrəmanlıya qarşı zorakılıq edərək onlara iztirablar verməsi barədə məlumatlar geniş ictimai rezonansa səbəb olub. Bildirilir ki, həmin məlumatlarda Fuad Qəhrəmanlının təxminən 40 dəfə öz ailəsinə qarşı zorakı hərəkətlər etməsi qeyd olunub: “Həmçinin Zümrüd Qəhrəmanlı “YouTube” portalında yerləşdirilən müsahibəsində əri Fuad Qəhrəmanlının 2010-cu ildə ağır şüşə stəkanla Sənayın dizini sındırdığını, 2013-cü ilin yayında onun barmağını sındırdığını, 2015-ci ilin noyabrında isə ona digər xəsarətlər yetirdiyini, azadlıqda, hətta həbsdə olarkən belə onlara qarşı psixi iztirablar verdiyini bildirib.
Zümrüd Qəhrəmanlı Sənayın xəsarətlərini təsdiq edən sənədlərin və fotoşəkillərin olduğunu qeyd edib, həmin hadisələrdən Fuad Qəhrəmanlının təmsil olunduğu partiyanın sədri Əli Kərimli və digərlərinin məlumatlı olmasına baxmayaraq şiddətin qarşısının alınması üçün heç bir tədbir görülməməsi, məişət zorakılığının üstünün ört-basdır edilməsinə cəhd göstərilməsi barədə məlumat verib.
Bundan başqa jurnalist Gülnarə Mehdiyeva “Facebook” sosial şəbəkəsində Zümrüd Qəhrəmanlının bədəni üzərində zorakılığın izlərini göstərən fotoşəkillər paylaşıb və Fuad Qəhrəmanlının qızları ilə söhbət zamanı uzun illər onlara və analarına qarşı olunan zorakılığı etiraf etdiklərinə dair məlumat yayıb.
Baş Prokurorluğun araşdırması zamanı Bakıdakı Kliniki Tibbi Mərkəzin qeydiyyat jurnallarına baxış protokolu, təqdim olunmuş sənədlər, izahatlar və digər sübutlarla müəyyən edilib ki, 2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlı 2010-cu ilin yanvarında sağ diz nahiyəsində travmatik çat (natamam sınıq), travmatik zədə yerində su yığılması və şişkinliklə bağlı müayinə və müalicə olunub, ona tibbi yardım göstərilib. Sənay Qəhrəmanlı 26 sentyabr 2018-ci ildə təkrarən sağ diz nahiyəsində müayinə olunma üçün həmin xəstəxanaya müraciət edib və aşağı ətrafların rentgen müayinəsi keçirilib.
Göstərilən faktların tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə Baş Prokurorluq Cinayət Məcəlləsinin 133.2.1 (iki və ya daha çox şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddələri ilə cinayət işi başlayıb. Cinayət işinin istintaqı Abşeron Rayon Prokurorluğuna həvalə edilib”.
Cinayət Məcəlləsinin 133.2.1 və 133.2.4-cü maddələri iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Novator.az bildirir ki, Fuad Qəhrəmanlı 1975-ci ildə Şahbuz rayonunda doğulub. Dövlət İdarəçilik Akademiyasını politoloq ixtisası ilə bitirib.
1994-1997-ci illərdə “Avrasiya”, “Azadlıq”, “Yeni Müsavat” qəzetlərində çalışıb. 1998-ci ildə “Müxalifətin mitinq taktikası” adlı çap olunmamış məqaləyə görə xüsusilə ağır dövləti cinayətdə ittiham olunaraq 1 il 2 ay həbsdə yatıb.
1990-cı ildən Azərbaycan Xalq Cəbhəsinin üzvü olan Fuad Qəhrəmanlı 2000-ci ildən AXCP Ali Məclisində, 2003-cü ildən Ali Məclisin Rəyasət Heyətində təmsil edilib, 2009-cu ildə AXCP sədrinin müavini postuna təyinat alıb.
Fuad Qəhrəmanlı 2011-ci ildə müxalifətin razılaşdırılmamış mitinqinə görə 2 il şərti həbs cəzasına məhkum edilib.
2015-ci ildə Fuad Qəhrəmanlı yenidən tutulub, dövlət əleyhinə yönələn açıq çağırışlarda, zor tətbiq etmə hədəsi ilə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasında, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlarda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.
2019-cu il martın 17-də əfv sərəncamı əsasında azadlığa buraxılıb.