Prezident İlham Əliyev oktyabrın 15-də iqtisadi müşavirə keçirib. AZƏRTAC xəbər verir ki, müşavirədə 2019-cu ilin 9 ayının sosial-iqtisadi yekunları və 2020-ci ilin dövlət və icmal büdcəsi layihələri müzakirə olunub.
Müzakirələrdə prezidentlə yanaşı birinci vitse-prezident Mehriban Əliyeva, baş nazir Əli Əsədov, prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov, maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Şahin Mustafayev, vergilər naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov çıxış ediblər.
Nazirlər Kabineti 2020-ci ilin dövlət və icmal büdcələrinin layihələrinə ötən ay xeyir-dua verib. İcmal büdcənin gəlirlərinin 27,6 milyard, xərclərinin 28,2 milyard manat həddində olacağı gözlənir.
2020-ci ilin dövlət büdcəsinin layihəsində gəlirlər 24 milyard 484 milyon manat, xərclər 25 milyard 617,7 milyon manat göstərilir, 1 milyard 133,7 milyon manat kəsir proqnozlaşdırılır.
Büdcə gəlirləri hesablanarkən neftin bir barrelinin qiyməti 55 ABŞ dollarından götürülüb.