Oktyabrın 4-ü London birjasında brent markalı neftin bir barreli 57,99 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 52,74 dollara satılır.
Azərbaycan nefti “AzəriLayt”ın bir barrelinin satış qiyməti 60,16 dollar göstərilir.
AZƏRTAC-ın şərhinə görə, xam neftin qiyməti iyuldan indiyədək ən böyük həftəlik itkisinə yönəlib: “Buna səbəb ABŞ və digər ölkələrin iqtisadi göstəricilərinin zəif olmasının qlobal tənəzzüllə bağlı narahatlıqları artırmasıdır. ABŞ iqtisadiyyatındakı pisləşmə əlamətləri, Çin və Almaniya iqtisadiyyatının zəifləməsi onsuz da kövrək olan neft tələbatını daha da pisləşdirir.
Həmçinin sentyabrın 14-də Səudiyyə Ərəbistanında neft obyektlərinə təşkil edilən hücumlardan sonra müşahidə olunan rekord qiymət artımı bu ölkənin istehsalının bərpa olunması ilə düşməyə gətirib”.
Azərbaycanın 2019-cu il büdcəsində neftin qiyməti 60 dollardan götürülüb. “AzəriLayt”ın bir barreli yanvara 57,19, fevrala 63,69, marta 67,62, aprelə 70,82, maya 75,55, iyuna 67,09, iyula 66,75, avqusta 67,44, sentyabra 60,85, oktyabra 63,36 dollarla start verib.
Energetika Nazirliyinin hesabatına görə, yanvarda gündəlik neft hasilatı 793 min barrel, fevralda 806 min barrel, martda 798 min barrel, apreldə 683 min barrel, mayda 776 min barrel, iyunda 768 min barrel, iyulda 778 min barrel, avqustda 749 min barrel olub.