İş yeri statistikasından doğan suallar
- 03 Oktyabr 2019
- comments
- Səidə Hüseynova
- Posted in ManşetTribuna
Rövşən Ağayev
Azərbaycanın rəsmi statistika orqanı bəlkə də dünyada nadir analoji strukturlardan biridir ki, il ərzində bir neçə dəfə yeni iş yerlərinə dair böyük həcmdə hesabatlar hazırlayıb ictimailəşdirir. Bu təcrübəyə 2003-cü ildə start verilib və günümüzdə də davam edir.
Paradoksdur ki, rəsmi statistikanın dəstəyi ilə yeni iş yerləri açılması istiqamətində geniş təbliğatın aparıldığı bir ölkədə insanların ən çox əziyyət çəkdiyi problemlərin başında işsizlik gəlir. Bu baxımdan cəmiyyət haqlı olaraq sual verir: gerçəkdən hər il yüz minlərlə iş yeri açılırsa, nə üçün ölkədə insanlar iş ardınca qonşu ölkələrə miqrasiya edir, etiraf edilməyən gizli işsizlik böyük miqyasa malikdir?
Dövlət Statistika Komitəsinin hesabatlarına görə, 2003-2018-ci illərdə Azərbaycan iqtisadiyyatında 2,2 milyon iş yeri yaranıb. Hökumət bildirir ki, həmin iş yerlərindən təxminən 73%-i (1,6 milyon) daimi, yerdə qalan hissəsi mövsümi və müvəqqəti işlər olub.
Bu statistikada maraqlı, həm də mübahisəli görünən bir məqam da var: rəsmi məlumata əsasən, 15 il ərzində bütün yeni iş yerlərinin cəmi 27%-i (602 min) müəssisə və təşkilatlarda, az qala yarısı (1 milyonu) fərdi sahibkarlıq sahəsində yaradılıb. Bunları nəzərə almasaq, yerdə qalır 620 min yeni iş yeri. Bəs onlar harada yaranıb? Rəsmi statistika deyir ki, “digər tədbirlər üzrə müxtəlif beynəlxalq və yerli layihələr, abadlıq işləri” kimi təsnifləşdirilən fərqli layihələrdə.
Bu necə təsnifatdır? İş yeri iqtisadiyyatın hansısa sektorunda (sənaye, aqrar, xidmət, nəqliyyat, rabitə və s.) yaranır. Necə ola bilər ki, statistika həmin iş yerlərinin hansı sektorda yarandığını uçota ala bilməsin? Hələ onu demirəm ki, Azərbaycanda bütün iş yerlərinin, eləcə də yeni iş yerlərinin statistikasının nəinki iqtisadiyyatın konkret sektorları, hətta peşə və ixtisaslar üzrə açıqlanması çox önəmlidir.
Rəsmi statistikaya əsasən, 2003-2018-ci illərdə məşğul əhalinin sayı 900 min nəfər artıb – yəni hər il orta hesabla 55 min nəfər. Lakin yuxarıda təqdim edilən məlumatlardan göründüyü kimi, bu müddətdə orta hesabla hər il 150 min yeni iş yeri açılıb. Açılan iş yerlərinin sayı məşğul əhalinin sayını 3 dəfə üstələyirsə, bu o deməkdir ki, hər il iqtisadiyyatın tələblərinə cavab verməyən, rəqabətdə uduzan ən azı 100 min iş yeri bağlanıb.
Statistika açılan iş yerləri ilə yanaşı bağlanan həmin iş yerlərinin də bölgələr, sektorlar və peşələr üzrə strukturuna dair hesabat hazırlaya bilərdimi? Bu yanaşma yeni iş yerləri ilə bağlı ictimai rəydə mövcud olan şübhələri əsaslı şəkildə azaltmazdımı? Belə suallar çoxdur.
Amma bu məqalənin əsas məqsədi yeni iş yerləri ilə bağlı statistikanın etibarlılığını müzakirə etmək deyil. Hesab edək ki, bu statistika doğrudur, hətta bütün bölgələr, sektorlar və peşələr üzrə sayı da dəqiq açıqlanır. Bu yazı başqa bir suala cavab axtarmağa çalışır: Azərbaycanda milyonlarla iş yeri açılması daha önəmlidir, yoxsa məhsuldar və ləyaqətli əməyə əsaslanan iş yerlərinin açılması prioritet olmalıdır?
BMT-nin qlobal miqyasda dayanıqlı inkişafla əlaqəli 17 prioritetindən biri məhz ləyaqətli əməyin tətbiqidir. BMT-nin strukturu olan Beynəlxalq Əmək Təşkilatı da 1999-cu ildə ləyaqətli əməklə bağlı konsepsiya qəbul edib. Təşkilatın yanaşmasına görə, insanların sərbəst seçdiyi, işçi üçün təhlükəsiz əmək şəraitini və sosial müdafiəni, həmçinin ədalətli əməkhaqqını təmin edən iş yeri ləyaqətli iş yeri hesab edilə bilər.
Məsələn, bu standartdan çıxış etsək, açılan yeni iş yerlərinin hansı hissəsi üzrə işə qəbul olunanların sosial təhlükəsizliyi təmin edilib – yəni onların işsizlik və pensiya sığortası varmı? Xəstəlik və əllilik riski ilə üzləşdikdə müvafiq qaydada sığorta ilə əhatə olunurlarmı? Yaxud açılan iş yerlərinin hansı hissəsi ləyaqətli (işçinin özünün və öhdəliyində olan şəxslərin ehtiyaclarını qarşılaya biləcək səviyyədə) əməkhaqqı verə bilir, hansı hissəsi yox? Yeni açılan iş yerlərinin hansı hissəsi üzrə əməkhaqqı səviyyəsi iqtisadiyyat üzrə median əməkhaqqından (əhalinin yarıdan çoxunun orta maaşı) aşağıdır və ya hansı hissəsi rəsmi minimum əməkhaqqı səviyyəsindədir? İqtisadiyyat üzrə zərərli və əlverişsiz əmək şəraiti olan iş yerlərinin neçə faizi yeni iş yerlərinin payına düşür? Yoxsul əhalinin hansı hissəsi “işləyən yoxsullar”dır?
Statistika bu suallara cavab verə biləcək məlumat bazasına malik deyilsə, ən azından sahə araşdırmaçılarının rəsmi statistikanın analoji məlumatlarının etibarlılığına şübhəsi qaçılmaz olur. Bir çox ölkədə rəsmi statistika orqanları ləyaqətli əməyi xarakterizə edən indikatorlar hazırlayır və həmin indikatorlar əsasında müntəzəm statistik hesabatları ictimaiyyətlə paylaşır. Bu təcrübə hətta MDB ölkələrindən Belarus və Rusiyada da mövcuddur.
İş yerlərinin effektiv (məhsuldar) olması həm dayanıqlı iqtisadi artımın, həm də işləyənlərin yüksək həyat səviyyəsinin təmin edilməsi baxımından çox önəmlidir.
Yeni iş yerlərinin “effektiv” anlayışına nə dərəcədə uyğun gəldiyini bir neçə indikator əsasında qiymətləndirmək mümkündür. Məsələn, sənayedə açılan iş yerləri üçün indikator istehsalın texnoloji səviyyəsi və hər səviyyəyə uyğun sektorlar ola bilər. Avropa Birliyi statistika qurumunun istifadə etdiyi texnoloji səviyyəni milli statistikanın da istifadə etməsi mümkündür. Həmin metodologiyaya görə, sənaye sahələri yüksək (məsələn, əczaçılıq, elektronika məhsullarının istehsalı), orta-yüksək (məsələn, kimya sənayesi məhsulları, silah sənayesi, nəqliyyat vasitələrinin istehsalı), orta aşağı (məsələn, metal sənayesi, neft məhsullarının istehsalı, kauçuk və plastik məmulatlar), aşağı texnoloji (məsələn, qida, tütün, geyim, mebel sənayesi və s.) sənaye sahələrinə ayrılır.
“Effektiv iş yeri” statistikası üçün istifadəsi mümkün olan digər bir indikator əmək məhsuldarlığının səviyyəsi ola bilər. Yeni açılan iş yeri üzrə məhsuldarlıq səviyyəsi, yaxud yeni yaradılan əlavə dəyərin həcmi məşğulluğun yarandığı sektor üzrə orta göstəricidən yüksəkdirsə, bu halda həmin iş yerini “məhsuldar” kateqoriyasına daxil etmək mümkündür.
Daha bir göstərici kimi əməkhaqqının səviyyəsi götürülə bilər. Yeni açılan iş yeri iqtisadiyyatın müvafiq sektoru üzrə orta maaş səviyyəsindən yüksək olduqda həmin iş yeri “effektiv iş yeri” kimi statistik uçota daxil edilir.
Nəhayət, effektiv iş yeri üçün daha bir meyar açılan iş yerinin ixtisas səviyyəsi ola bilər. Məsələn, həmin iş yerində çalışmaq üçün orta təhsil pilləsindən daha yüksək təhsil səviyyəsi (peşə təhsili, universitet təhsili) tələb olunduğu halda həmin iş yeri “effektiv iş yeri”nə aid edilir.
Yeri gəlmişkən, Azərbaycan statistika qurumu üçün ən azından indiyə kimi açılan iş yerlərinin hansı hissəsinin heç bir ixtisaslı əmək tələb etməyən fiziki əməyə əsaslanan iş yerləri olması barədə məlumatları açıqlamaq texniki baxımdan çətinlik yaratmaz. MDB ölkələrindən yalnız Rusiya son illərdə beynəlxalq təcrübədə istifadə edilən bu cür yanaşmadan bəhrələnməyə qərar verib. Bu ölkədə 2012-ci ildən “yüksək məhsuldarlıqlı iş yerlərinin” statistikası aparılır və hər il yeni açılan iş yerlərinin məhz bu meyara uyğun gəlməsi barədə məlumatlar açıqlanır.
Məsələn, ən son məlumata görə, 2018-ci ildə 19.5 milyon iş yeri (iqtisadiyyat üzrə bütün iş yerlərinin 30%-ə yaxını) “yüksək məhsuldarlıqlı iş yerləri kateqoriyasına uyğun gəlib. Lakin Rusiyada bu statusa uyğun iş yerləri cəmi bir meyar – orta əməkhaqqı əsasında müəyyən edilir. Halbuki yerli mütəxəssislər hesab edir ki, daha təkmil indikatorların tətbiqinə ehtiyac var. Söhbət işçinin ixtisas səviyyəsi, iş yerinin yüksək texnologiya tələb edib-etməməsi, əmək məhsuldarlığı kimi göstəricilərdən gedir.
Mənbə: Bakuresearchinstitute.org