Azərbaycanda əhalinin siyahıyaalınması keçirilir. Oktyabrın 1-dən başlayan prosesdə hər bir şəxsin cinsi, yaşı, doğulduğu yer, vətəndaşlığı, milli (etnik) mənsubiyyəti, ana dili və sərbəst danışdığı dillər, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əlilliyi və sair məsələlər öyrənilir.
Azərbaycan ərazisində siyahıyaalmanı çar Rusiyası 1897-ci ildə, sovet hökuməti 1926, 1937, 1939, 1959, 1970, 1979 və 1989-cu illərdə keçirib, müstəqillik əldə olunduqdan sonra 1999-cu və 2009-cu illərdə siyahıyaalma aparılıb.
Prezident İlham Əliyev oktyabrın 1-də siyahıyaalmada iştirak edərək sualları cavablandırıb.
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və qurumun əməkdaşı Zəbihə Əsgərlə söhbətində prezident deyib ki, siyahıyaalma hər bir ölkə üçün çox önəmli tədbirdir: “Azərbaycanda da siyahıyaalınma tədbirləri müntəzəm keçirilir. Son siyahıyaalınma 10 il bundan əvvəl olub. Bu 10 il ərzində ölkəmizdə çoxlu dəyişiklik baş verib. İlk növbədə demoqrafik vəziyyət daha da yaxşılaşıb. Bu il biz 10 milyonuncu vətəndaşın dünyaya gəlməsini təntənə ilə qeyd etmişik. İşsizliklə bağlı görülmüş tədbirlər öz səmərəsini verir, vətəndaşların sosial rifahı yaxşılaşır. Təkcə bu il minimum əməkhaqqı təxminən iki dəfə yüksəldi. Həmçinin pensiyalar, tələbələrin təqaüdləri, müavinətlər artırıldı. Yəni sosial-iqtisadi inkişaf demoqrafik inkişafla uzlaşır və bu da təbiidir.
Müstəqillik dövründə Azərbaycanın əhalisi təxminən 3 milyon artıb. Bu da bizim mövqelərimizi möhkəmləndirir, ölkəmizi gücləndirir. Eyni zamanda qarşımıza yeni çağırışlar çıxır. Siyahıyaalınma bizə daha dəqiq və müfəssəl məlumat verəcək. Əminəm ki, 10 gün ərzində Azərbaycan əhalisinin tam şəkildə siyahıyaalınma prosesi başa çatacaq və bizə iqtisadi inkişafla, infrastrukturla, miqrasiya və əmək resurslarının artımı ilə bağlı yeni məlumat verəcək ki, gələcək inkişafımızı necə planlaşdıraq”.