Xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 28-i BMT Baş Assambleyasının sessiyasında çıxış edib. Rəsmi məlumata görə, o, Dağlıq Qarabağ münaqişəsinə də toxunub: “Ermənistan Respublikasının təcavüzü Azərbaycan ərazilərinin təqribən beşdə bir hissəsinin işğalı və bir milyondan çox azərbaycanlının evindən və mülkündən didərgin düşməsi ilə nəticələnib. Həll edilməmiş münaqişə beynəlxalq və regional sülhə və təhlükəsizliyə xələl gətirməkdə davam edir.
Son iki ildə iki ölkə rəhbərləri arasında birbaşa təmaslar və xarici işlər nazirlərinin görüşlərinə baxmayaraq Ermənistan rəhbərliyinin həqiqi marağının olmaması münaqişənin nizamlanması prosesini əngəlləyir. Əksinə, Yerevan həm sözlə, həm də əməlləri ilə prosesi ləngidir və münaqişənin dinc həlli səylərinə zərbə vurur. Ermənistanın baş naziri və hökumət üzvlərinin bu yaxında səsləndirdikləri bəyanatları onların beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə zidd olaraq ilhaqçı siyasət yürütdüklərinə dair heç bir şübhə yeri qoymur.
Ermənistanın baş naziri son zamanlar verdiyi açıqlamalarında, o cümlədən BMT Baş Assambleyasında, hökumətinin danışıqlardakı strategiyasını, yəni “müharibənin nəticələrini qorumaq” məqsədini açıq şəkildə bəyan etdi. Əslində, Ermənistan rəhbərliyinin niyyəti, qeyri-qanuni güc tətbiqi vasitəsilə və beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranan və insanlığa qarşı ağır cinayətlər, müharibə cinayətləri, soyqırımı aktları və işğal olunmuş ərazilərdə yaşayan bütün qeyri-ermənilərin tam etnik təmizlənməsi ilə müşayiət olunan qəbuledilməz vəziyyətin müdafiəsidir.
1993-cü ildə yekdilliklə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində BMT Təhlükəsizlik Şurası Azərbaycana qarşı güc tətbiqini və onun ərazilərinin işğalını, mülki şəxslərə qarşı hücumları, yaşayış ərazilərinin bombalanmasını pisləyib, həmçinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörməti, beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazilərin əldə edilməsi üçün güc tətbiqinin qəbuledilməz olduğunu bir daha təsdiqləyib.
Ərazi iddiaları və zorakı addımlara cavab olaraq Təhlükəsizlik Şurası öz qətnamələrində Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiq edib və bütün işğal olunmuş ərazilərdən işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələbi qoyub.
Baş Assambleyanın qətnamələri və digər mötəbər beynəlxalq təşkilatların çoxsaylı qərar və sənədləri eyni səciyyə daşıyır. Lakin Təhlükəsizlik Şurasının əsas tələbləri hələ də yerinə yetirilməyib. Əksinə, beynəlxalq ictimaiyyətin xəbərdarlığına və pisləməsinə baxmayaraq Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik, mədəni və fiziki xüsusiyyətlərinin dəyişdirilməsi istiqamətində məqsədyönlü fəaliyyət davam etdirilir. Bu fəaliyyətlərə o cümlədən işğal olunmuş ərazilərdə məskunlaşdırma, tarixi və mədəni irsin dağıdılması və mənimsənməsi, mülkiyyətin, təbii ehtiyatların və digər sərvətlərinin istismarı və qanunsuz dövriyyəsi aiddir. Bu siyasət və təcrübə münaqişənin sülh yolu ilə həllinə nail olmaq məqsədlərinə uyğun gəlmir, BMT və beynəlxalq ictimaiyyətin təxirəsalınmaz tədbirlərini tələb edir.
Davam edən sülh prosesinin əsas məqsədi Ermənistanın başladığı müharibənin nəticələrinin aradan qaldırılması və Azərbaycanın işğal olunmuş bütün ərazilərindən işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılması, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və zor tətbiqi ilə qovulmuş şəxslərin öz evlərinə və mülklərinə geri qayıtmasının təmin edilməsidir. Bu məqsədə nail olmaq mütləqdir və kompromis təşkil etmir.
Azərbaycan münaqişənin tezliklə siyasi yolla həllinə sadiqdir. Eyni zamanda danışıqlar sonsuzadək davam edə bilməz və güc tətbiqi, işğal və etnik təmizləmə nəticəsində yaranmış vəziyyətin davam etməsinə və saxlanmasına xidmət etməməlidir”.
1923-cü ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi muxtar vilayət statusu alıb. 1988-ci ildə ermənilər vilayətin Ermənistanın tərkibinə verilməsi tələbi ilə separatçı hərəkata başlayıb. Bu hərəkat getdikcə vüsət alaraq Ermənistanın Azərbaycana açıq hərbi təcavüzünə çevrilib.
1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, müharibə alovlanıb.
1994-cü ilin mayında atəşkəslə dayanan işğalçı müharibədə Dağlıq Qarabağ və onun ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları ermənilərin əlinə keçib.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.
Hazırda Dağlıq Qarabağ danışıqları Madrid prinsipləri əsasında aparılır. Minsk qrupunun həmsədrlərinin – Rusiya, Fransa və ABŞ-ın 2007-ci ildə Madriddə irəli sürdüyü prinsiplər Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılmasını; Dağlıq Qarabağa aralıq statusun verilməsini; Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılmasını; gələcəkdə Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyənləşməsini; bütün məcburi köçkünlərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu və sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatını nəzərdə tutur.