Oktyabrın 1-10-u Azərbaycanda əhalinin siyahıyaalınması keçiriləcək. Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov “Respublika” qəzetinə müsahibəsində hazırlıq işlərindən danışıb. O deyib ki, ölkə ərazisi 720 siyahıyaalma, 6777 təlimatçı və 33907 sayıcı məntəqəsinə bölünüb: “Siyahıyaalma məntəqələrinin işçilərlə komplektləşdirməsi başa çatdırılıb. Daxili İşlər, Müdafiə, Fövqəladə Hallar, Ədliyyə, Səhiyyə, Təhsil nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidmətindən əldə edilmiş məlumatlara əsasən əhalinin siyahıyaalınması keçiriləcək rejimli obyektlərin və onlardakı şəxslərin sayı müəyyən edilib.
Əhalinin, o cümlədən rejimli obyektlərdə olan şəxslərin və xarici ölkələrdə müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarının siyahıyaalınması ilə bağlı hazırlanmış sənədlər yerli statistika orqanlarına və aidiyyəti dövlət qurumlarına çatdırılıb”.
Tahir Budaqovun sözlərinə görə, siyahıyaalmada ümumilikdə 52 sual öz əksini tapıb: “İlk dəfə olaraq insanların sağlamlığı, eləcə də əlilliyi və sağlamlıq imkanlarında məhdudluqla bağlı suallar öz əksini tapıb. Bu suallarda ölkədə sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinə, təhsilinə, məşğulluğuna və əhalinin siyahıyaalınması çərçivəsində toplanan digər göstəricilərə dair məlumatlar şəhər və rayonlar, eləcə də yaş qrupları üzrə əldə ediləcək.
Sorğu vərəqəsində siyahıya alınacaq hər bir şəxsin cinsi, yaşı, doğulduğu yer, vətəndaşlığı, milli (etnik) mənsubiyyəti, ana dili və sərbəst danışdığı dillər, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əlilliyi, əhalinin ölkə daxilində yerdəyişməsinin və xarici miqrasiyanın səbəbləri kimi göstəricilər üzrə suallar öz əksini tapıb”.
Novator.az-ın məlumatına görə, komitə sədri deyib ki, işləmək, təhsil almaq və digər məqsədlərlə xarici ölkələrdə yaşayan vətəndaşların və onlarla yaşayan ailə üzvlərinin siyahıyaalınmasını Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri və konsulluqları aparacaq.
Azərbaycan ərazisində siyahıyaalmanı çar Rusiyası 1897-ci ildə, sovet hökuməti 1926, 1937, 1939, 1959, 1970, 1979 və 1989-cu illərdə keçirib, müstəqillik əldə olunduqdan sonra 1999-cu və 2009-cu illərdə siyahıyaalma aparılıb.