Novator.az “Facebook” şəbəkəsində mərhum siyasətçi, pedaqoq, alim, ictimai xadim Vurğun Əyyub barədə qeydlərə nəzər salıb.
1957-ci il təvəllüdlü Vurğun Əyyub sentyabrın 24-də vəfat edib.
Filoloq olan Vurğun Əyyub Azərbaycan Dövlət Pedaqoji Universitetində, Türkiyənin Qars şəhərindəki Qafqaz Universitetində, Xəzər Universitetində dərs deyib.
Azərbaycan Xalq Cəbhəsinin qurucularından və liderlərindən biridir. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993-cü illər) Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri olub, test üsulunun tətbiqinə rəhbərlik edib.
Müsavat Partiyasında baş katib, başqanın birinci müavini postlarını tutub. 2015-ci ildən Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin birinci müavini idi.
İsa Qəmbər (siyasətçi):
– Görkəmli ictimai-siyasi xadim, dəyərli ziyalımız Vurğun Əyyubu 1988-ci ildən tanıyırdım. Ötən 31 ilin 26-sını bir yerdə olmuşuq – xalq hərəkatında, AXC-də, Elçibəy hakimiyyətində və Müsavatda. Bir yerdə olmuşduq və bir-birimizə dost demişdik.
Son beş ili bir yerdə ola bilmədik… Tanrı ruhunu şad eləsin.
Əli Kərimli (siyasətçi):
– Vurğun bəy xalq hərəkatının öndə gedən veteranlarından idi. Əbülfəz Elçibəylə birlikdə Azərbaycana tələbə qəbulunda test sistemini gətirmiş şəxs idi. Vurğun bəy yaxşı müəllim, tanınmış ziyalı idi. Demokratik prinsiplərə hər zaman bağlı olmuş Vurğun Əyyub 30 ildən artıq bir dövrdə ölkəmizin demokratikləşməsi üçün çalışıb.
Bir-iki ay bundan əvvəl ağır xəstə olduğunu eşidib evində ona baş çəkdim. Tibb elmi sağalmayacağını təsdiq etsə də, Vurğun bəy optimist idi, sabaha inamlı idi. Bizimlə heç xəstəliyindən danışmadı, ölkənin vəziyyətini müzakirə etdi.
Təəssüf ki, ağır xəstəlik öz işini gördü. Onun vəfatı təkcə ailəsi, doğmaları və ADR Hərəkatı üçün deyil, demokratik düşərgə, bütövlükdə xalqımız üçün ağır itkidir.
Azər Qasımlı (siyasətçi):
– Mən kasıb ailədə böyümüşəm. Tam doğru yazırlar ki, SSRİ-nin son illərində (1970-1990-lar) universitetlərdə yaxşı və ya istədiyin fakültəyə pulsuz və ya tapşırıqsız daxil olmaq çox çətin, bir çox hallarda hətta mümkünsüz idi.
1992-ci ildə orta məktəbi bitirəndə ölkədə siyasi hakimiyyət yeni dəyişmişdi. Test üsulu ilə ali məktəblərə qəbulun birinci ili idi. Vurğun Əyyub o ilk ictimai layihənin, islahatın tətbiqində əsas şəxs idi. Məhz onun sayəsində mənim kimi kasıb ailədən olan minlərlə gənc universitetə qəbul ola bildi. O zaman bütün Azərbaycan Vurğun Əyyubu əsl islahatçı, bacarıqlı menecer, işinə və inandığı ideyalara sadiq bir şəxs kimi tanıdı. O, əsrimizin qəhrəmanıdır! Tariximiz başqa cür yazılsa idi, əminəm ki, Vurğun bəyin biliyi, istedadı və bacarıqlarından hələ çox faydalanardıq…
Ələsgər Məmmədli (hüquqçu):
– Vurğun Əyyub Azərbaycan təhsil sistemini sovet təhsil sisteminin rüşvət bataqlığından çıxaran böyük dəyişimin memarlarından və icraçılarından biri idi. 1991-ci ildə Türkiyəyə universitet təhsili almaq üçün gedən 50 nəfərlik tələbə qrupunu Ankarayadək müşayiət etmiş, orada yerbəyer olanadək bizimlə qalmışdı. Bizimlə müəllim kimi yox, dost kimi davranan dəyərli əqidə insanı idi…
Nə yazıq ki, ölüm onu ömrünün ən məhsuldar dönəmində bizdən aldı. Allah rəhmət eləsin! Hər zaman qəlbimizdə yaşayacaq!
Ərəstun Oruclu (politoloq):
– Yaxşı yadımdadır: bir tərəfdən ölkədə az qala daimi xarakter alan siyasi təlatümlər və onlardan qaynaqlanan intriqalar, digər tərəfdən ölkəmizə qarşı davam edən təcavüz. Və birdən məlum oldu ki, ali məktəblərə qəbul da gecikir. O zaman xeyli deyinən, gileylənən də olmuşdu, amma gecikmənin səbəbləri barədə məlumatlı olanlar da söhbətin nədən getdiyini tam izah edə bilmirdi. Məlum olan bir tək bu idi ki, 1992-1993-cü tədris ili üçün tələbə qəbulu test üsulu ilə keçiriləcək. Onda bu xəbər dağılmış imperiyanın xarabalıqlarını bürümüş zülməti yarmağa başlayan bir İşıq kimi görünürdü…
Bir Vətən övladı çiyinlərini ağlasığmaz dərəcədə ağır yükün altına vermişdi – ölkənin ali məktəblərinə qəbulu test üsulu ilə həyata keçirmək yükünün. Bir tərəfdən zaman məhdudiyyəti, digər tərəfdən isə bu sahədə təcrübənin olmaması başlanmış işin uğursuzluğa düçar olmaq ehtimalını istisna eləmirdi. Bu da öz növbəsində riskləri birə-on artırırdı.
Amma cəmi 4-5 aydan sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Vurğun Əyyubun və onun rəhbərlik etdiyi qurumun sayəsində hər şey müvəffəqiyyətlə həyata keçirildi. Uğurla həyata keçirilən həm də Azərbaycan insanının təfəkküründə təhsillə bağlı baş verən inqilab idi. Bəli, bundan sonra imkansız ailələrin də uşaqları yalnız öz biliklərinə güvənərək istədikləri ali məktəbə qəbul olub, seçdikləri ixtisas üzrə təhsil ala biləcəkdilər…
Vurğun bəyi yaxşı tanıyırdım, onunla ünsiyyətimiz az olmamışdı. Daha yaxından tanıyanlar deyirdilər ki, çox sərt, prinsipial, inadkar xarakterli və qürurlu insandır. Əminəm ki, elə bu keyfiyyətləri və həm də işıqlı olması, xalqına sevgisi sayəsində bu böyük missiyaya imza ata bilmişdi. Bu gün onu ürək yanğısı ilə xatırlayırıq və hələ çox xatırlayacağıq…