Sentyabrın 20-də AXCP sədrinin müavini postundan istefa vermiş Fuad Qəhrəmanlı özünün “Facebook” səhifəsində yeni açıqlama yayıb.
Novator.az bildirir ki, Fuad Qəhrəmanlı 1975-ci ildə Şahbuz rayonunda doğulub. Dövlət İdarəçilik Akademiyasını politoloq ixtisası ilə bitirib.
1994-1997-ci illərdə “Avrasiya”, “Azadlıq”, “Yeni Müsavat” qəzetlərində çalışıb. 1998-ci ildə “Müxalifətin mitinq taktikası” adlı çap olunmamış məqaləyə görə xüsusilə ağır dövləti cinayətdə ittiham olunaraq 1 il 2 ay həbsdə yatıb.
1990-cı ildən Azərbaycan Xalq Cəbhəsinin üzvü olan Fuad Qəhrəmanlı 2000-ci ildən AXCP Ali Məclisində, 2003-cü ildən Ali Məclisin Rəyasət Heyətində təmsil edilib, 2009-cu ildə AXCP sədrinin müavini postuna təyinat alıb.
Fuad Qəhrəmanlı 2011-ci ildə müxalifətin razılaşdırılmamış mitinqinə görə 2 il şərti həbs cəzasına məhkum edilib.
2015-ci ildə Fuad Qəhrəmanlı yenidən tutulub, dövlət əleyhinə yönələn açıq çağırışlarda, zor tətbiq etmə hədəsi ilə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasında, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlarda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.
2019-cu il martın 17-də əfv sərəncamı əsasında azadlığa buraxılıb.
Yazıçı-publisist Zümrüd Yağmurun həyat yoldaşı olan Fuad Qəhrəmanlı Sənay və Selcan adlı iki qız atasıdır.
Niderlandda ali təhsil alan Selcan 2019-cu il sentyabrın 19-da özünün “Facebook” səhifəsində açıqlama yayaraq atasının çoxdandır ailədə qəddar davrandığını, anasına və onlara fiziki təzyiq göstərdiyini bildirib. Daha sonra Zümrüd Yağmurun həyat yoldaşından ayrılmaq üçün məhkəməyə üz tutduğu xəbəri yayılıb.
Sentyabrın 20-də Fuad Qəhrəmanlı AXCP sədrinin müavini postundan istefa verib. O bəyan edib ki, bəziləri yaranmış vəziyyətdən AXCP-yə hücum məqsədilə yararlanır: “Hər zaman AXCP və onun lideri Əli Kərimli mənim üçün siyasi fəaliyyətimin mənası olub. Ona görə də liderimə, AXCP-yə bir ziyan dəyməməsi üçün hər zaman fədakarlığa hazır olmuşam. Barəmdə deyilən ittihamlar təhrif olunub və mən 2015-ci ildə həbs olunmazdan öncə konfliktli situasiya zəminində qısamüddətli ailədaxili münaqişə yaşamışam. Bu baş verənlərə görə də peşmanam. O zaman yaşanan gərginlik övladlarımda mənəvi travma yaradıb və Selcanın açıqlaması da bu travmadan doğan emosional reaksiya olub. Ancaq bundan sonra Zümrüdlə 5 illik birgə həyat sürməklə biz o dönəmin yaralarını sarımışdıq.
Bütün bunlara rəğmən mən AXCP-nin nüfuzunu və ona qara yaxmaq istəyənlərin məkrli niyyətlərinin qarşısını almağı əsas götürərək AXCP sədrinin müavini postundan istefa verirəm”.
Fuad Qəhrəmanlının “Facebook” səhifəsində yaydığı yeni açıqlamada qeyd olunur ki, heç vaxt övladlarını döyməyib: “Mən vətən, din, milli mentalitet, feminizm kimi məsələlərə mühafizəkar yanaşsam da, heç zaman bu baxış fərqinə görə uşaqlara təzyiq etməmişəm və hər zaman da evdə bu mövzularda maraqlı diskussiyalarımız olub. Övladlarının düşüncə azadlığına hörmətlə baxan, onların erkən ictimai fəaliyyətinə xoş yanaşan, xaricdə təhsil alması üçün ağır yükün altına girən bir atanı irticaçı kimi göstərib linc etməyə çalışanlar buyurub göstərsinlər görək hansı biri uşaqlarının haqqına mənim qədər sayğı duyub, azadlıq verib.
Mən bildirmişəm ki, Selcanın məlum yazısına baxmayaraq övladlarıma münasibətim dəyişməz qalacaq. Ancaq bir dəstə adam dur demədən üstümə hücum çəkməklə məşğuldur. Niyə ata ilə övlad arasındakı bir anlaşmazlığı belə şövqlə dərinləşdirir, ölkənin əsas problemi kimi təqdim etməyə çalışırsınız? Selcanamı acıyırsınız? O zaman cavab verin, niyə ötən il qəbul olunduğu ali məktəbə getməyə pul tapa bilməyəndə atası siyasi məhbus olan imkansız bir uşağın təhsil almasına indiki kimi yardım etmirdiniz? Niyə belə bir intellektli qız üçün keçirilən yardım kampaniyasına ən azı çağırışlar yazaraq dəstək olmadınız?”
Fuad Qəhrəmanlı yazır ki, hücum kampaniyası aparanları ona, mənsub olduğu təşkilata, təşkilatın liderinə qarşı kin-küdurət birləşdirir və hərəkətə gətirir: “Bu gün linc edib məhv etmək istədiyiniz Fuad Qəhrəmanlının istefası sizə nə qazandırdı? Məgər mən prezidentliyə namizədəm ki, aparacağım siyasətə görə bu qədər narahatsınız? Mənim partiyada boşalan yerimdə nə oturmağa kabinet, nə də vəzifə imtiyazları var. Orada ancaq həbs olunmaq riski, daim təqib edilmək, hər an rejimin qəzəbinə gəlmək təhlükəsi var”.