Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı “Əsrin müqaviləsi”nin 25-ci ili ilə bağlı bəyanat yayıb. Novator.az-ın məlumatına görə, bəyanatda deyilir: “1994-cü il sentyabrın 20-də dünyanın 7 ölkəsini təmsil edən 11 beynəlxalq neft şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən üç yatağın birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Sazişin icrası dövründə yataqlardan 500 milyon tondan çox neft hasil edilib, 2019-cu ilə qədər bu sazişdən Dövlət Neft Fonduna 148,2 milyard dollar vəsait daxil olub.
Saziş Azərbaycanın müstəqilliyinin qorunması və ona olan təhlükələrin dəf edilməsi, milli iqtisadiyyata sərmayə cəlb edilməsi, neft sənayesinin müasirləşdirilməsi üçün mühüm əhəmiyyət daşıyır.
Amma sazişdən Azərbaycan xalqının başqa gözləntiləri də vardı.
Gözlənirdi ki, Azərbaycan dünyanın aparıcı ölkələrini təmsil edən transmilli şirkətlərlə əməkdaşlığa başlayandan sonra beynəlxalq aləmdə Qarabağ probleminə görə ölkəmizin ədalətli mövqeyini dəstəkləyənlərin sayı artacaq və torpaqlarımız tezliklə işğaldan azad olunacaq. Lakin 25 ildə bu gözlənti özünü doğrultmadı.
Gözlənirdi ki, Azərbaycan neftinin satışından əldə edilən qazanc ədalətli bölüşdürüləcək, neft gəlirləri insan kapitalına çevriləcək və hər bir Azərbaycan vətəndaşı ondan bəhrələnəcək. Lakin bu gəlirlər bir tərəfdən hakimiyyətin repressiya maşınının güclənməsinə, demokratiyaya keçidin əngəllənməsinə, digər tərəfdən bir qrupun varlanmasına xidmət etdi.
Gözlənirdi ki, Azərbaycan neftinin satışından əldə edilən gəlirlər işsizliyin azalmasına, yoxsulluğun aradan qaldırılmasına, milli iqtisadiyyatın şaxələnməsinə və modernləşməsinə sərf olunacaq. Bunlar da baş vermədi.
Gözlənirdi ki, neftdən əldə edilən gəlirlər nəsillər arasında bərabər bölüşdürüləcək və onun ən azı yarısı gələcək nəsillər üçün yığıma yönəldiləcək. Əksinə, neftdən əldə edilən gəlirlər daha çox xərcləndi, yeni və əlavə dəyər yaratmayan şişirdilmiş infrastruktur layihələrinin icrasına yönəldildi və korrupsiyanın yeminə çevrildi.
Bütün qeyd olunanları nəzərə alaraq ADR Hərəkatı Azərbaycan hakimiyyətini xalqa “Əsrin müqaviləsi”nin icrasının nəticələri ilə bağlı hesabat verməyə çağırır, hakimiyyətdən neft gəlirlərinin səmərəsiz istifadəsinə və ədalətsiz bölgüsünə son qoymağı, neft pullarının xərclənməsində şəffaflığı artırmağı və korrupsiyanı aradan qaldırmağı tələb edir”.
Azərbaycan Demokratiya və Rifah Hərəkatını 2015-ci ildə yaradılıb. Quruma iqtisadçı alim Qubad İbadoğlu rəhbərlik edir.